Fransanın növbəti riyakar addımı nəticəsiz qaldı

 

Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşma məğlubiyyətə düçar oldu

 

 

Fransanın hər fürsətdə ermənipərəst mövqeyinin, Azərbaycana qarşı əsassız riyakarlığının şahidi oluruq. Xüsusən 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə Fransa Ermənistanla birləşərək Azərbaycan əleyhinə qətnamələr qəbul etdirməyə çalışdı. Xüsusən Qarabağla bağlı Fransanın daim Ermənistan tərəfdən çıxış etməsi açıq aydın göründü. Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti üzvlərinin dinc aksiyasına da başqa don geydirməyə çalışan Ermənistan Fransanı özünə yenə dayaq seçdi. Dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istədilər.

Otuz il ərzində BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünə bir dəfə də olsun toplantı keçirməməsinə baxmayaraq, ermənilərin müraciəti və Fransanın istəyi ilə iclas keçirdi. Müzakirələr nəticəsində Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakartam ermənipərəst mətn hazırlansa da, Fransa istəyinə çata bilmədi.  Nəticədə qərəzli və ədalətsiz qətnamə qəbul edilmədi. Fransa-Ermənistan cütlüyünün xəyalları bu dəfə də boşa getdi. Təbii ki, ermənilərin bu məğlubiyyətinin əsas səbəbi Azərbaycanın, Prezident İlham Əliyevin apardığı uzaqgörən, düşünülmüş, doğru diplomatiyasıdır. Ölkəmizin apardığı uğurlu siyasət nəticəsində digər dövlətlər Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüquqlara, normalara uyğun davrandığını görür və Azərbaycanı dəstəkləyirlər. Fransa  Ermənistana dəstək olmağa çalışarkən  riyakar davranışa görə Böyük Britaniya, BƏƏ, RusiyaAlbaniya kimi ölkələr tərəfindən tənqid olundu. Beləliklə, Fransa BMT TŞ-də rüsvayçı məğlubiyyətə uğradı, Azərbaycan isə yenə beynəlxalq siyasi arenada qələbəsini qazandı.

 

 

 

Fransanın bütün təşəbbüsləri masa üzərinə çıxar-çıxmaz iflasa uğrayır

 

 

 

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, Fransanın hazırkı rəhbərliyi Azərbaycana qarşı qərəzli hücumlarını intensivləşdirərək ölkəmizə açıq diplomatik savaş açıb.

Deputatın sözlərinə görə, Azərbaycanı qaralamaq, Ermənistanın haqsız mövqeyini dəstəkləmək üçün rəsmi Paris bütün resurslarını səfərbər edib. O qeyd edib ki, uzun illər Azərbaycan-Ermənistan arasında uğursuz vasitəçilik missiyasına rəğmən Fransa İkinci Qarabağ müharibəsindən sonra yeni siyasi reallıq yaratmaq arzusundadır. Lakin Fransanın Azərbaycana qarşı riyakar siyasəti bu günədək heç bir nəticə verməyib, əksinə, bütün təşəbbüsləri masa üzərinə çıxar-çıxmaz iflasa uğrayır.

S.Mikayılova bildirib ki, diqqətçəkən məqam Vətən müharibəsindən sonra Fransanın anti-Azərbaycan fəaliyyətlərinin mərkəzinə çevrilməsidir: "Qərəzli bəyanatlar və təşəbbüslərlə çıxış edən Fransa özünü bir növ Ermənistanın əsas dəstəkçisi və havadarı kimi təqdim etmək üçün bütün arsenal və alətlərini işə salıb. Sirr deyil ki, əməli deyil, siyasi boşboğazlıqla məşğul olan Fransa Ermənistana birtərəfli dəstək verməklə onu öz maraqlarının növbəti qurbanına çevirmək niyyətindədir".

Laçın yolunda azərbaycanlı ekofəalların dinc aksiyasını və bu vəziyyəti blokada kimi təqdim etməyə çalışan Fansa hökumətinin dekabrın 20-21-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağa nail olduğunu deyən deputat qeyd edib ki, BMT-də böyük ümidlərlə müzakirə açan TŞ-nin daimi üzvü Fransa özünə lazımi dost tapa bilmədiyi üçün bu dəfə də uğursuzluğa düçar oldu. Fransa  Prezident Administrasiyası tərəfindən hazırlanan riyakar bəyanat təşkilat üzvləri tərəfindən tənqid olundu. Laçın-Xankəndi yolundakı vəziyyətin  "humanitar fəlakət" kimi təqdim edilməsinin əsassız olduğu elə BMT divarları arasında Fransanın üzünə çırpıldı, beynəlxalq təşkilat tərəfindən bu cəfəng sənəd rədd edildi.

S.Mikayılova əlavə edib ki, Fransa  bu bəyanatı qəbul etdirəcəyini və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcəyini düşünürdü: "BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa bütün resurslarını işə salsa da, bu bəyanatı qəbul etdirə bilmədi. Böyük Britaniya,  BƏƏ, RusiyaAlbaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdilər. Beləliklə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, uğurlu diplomatiyası, Azərbaycanın dünyada qazandığı dost ölkələr BMT TŞ-də belə bir sənədin qəbul olunmasına imkan vermədi".

Deputat onu da vurğulayıb ki, bu məğlubiyyət Fransanı daha "kreativ" addımlara sövq edib. Səhnədə tək qalan Fransa Azərbaycana qarşı məkrli siyasətini digər müstəvilərə köçürüb. Ötən gün Fransanın "Şarli Ebdo" jurnalında eyni motivdə Azərbaycan əleyhinə qərəzli yazı dərc olunub. Yazıda Azərbaycanın guya Ukrayna müharibəsindən istifadə edərək Ermənistana və Qarabağda yaşayan ermənilərə təhlükə yaratması kimi sərsəm ideya səsləndirilib. Təbii ki, bu məqalə sifarişlə yazılıb və Fransanın Azərbaycana siyasi hücumlarını davam etdirdiyinin göstəricisidir. Təəssüf ki, "Şarli Ebdo" kimi bir sıra media resursları obyektivlikdən uzaq dayanır, hadisələri jurnalistika prinsiplərinə uyğun deyil, müxtəlif dairələrin istəklərinin ifadəçisi kimi təqdim edirlər. Bu isə onların aparılan anti-Azərbaycan kampaniyasının bir hissəsinə çevrildiyini göstərir.

 

 

 

Fransanın növbəti fiaskosu Azərbaycanın təsir imkanlarını bir daha göstərdi

 

 

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Fransa hər zaman Ermənistanın işğalçılıq siyasətinə, təcavüzkarlığına aşkar şəkildə dəstək olub. Azərbaycan ərazilərində bacardığı qədər separatizmi dəstəkləyib.

Deputatın sözlərinə görə, Fransa regionları vaxtilə Azərbaycan ərazisindəki erməni separatçıları ilə əməkdaşlıq etməyə çalışırdı və bütün bunlar Fransanın keçmiş münaqişə vəziyyətində mövqeyini ortaya qoyurdu.

Elşad Mirbəşiroğlu deyib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz torpaqlarını işğaldan azad  etdikdən sonra Fransa Azərbaycana  qarşı daha aqressiv mövqe sərgiləməyə başlayıb. Müharibədən dərhal sonra Fransa parlamentində Azərbaycana qarşı qərəzli qətnamə, 2022-ci ilin sonunda isə həm Fransa Senatında,  həm Milli Assambleyasında Azərbaycan  əleyhinə qərəzli sənədlər qəbul olundu. Bütün bunlar Fransanın ədalətsiz, qərəzli mövqeyini göstərir.

Deputat Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqında Ermənistana müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul olunduğunu da xatırladaraq bildirdi ki,  dekabrın 19-da missiyanın müddəti  başa çatsa da,  uzunmüddətli missiyanın yenidən Ermənistan ərazisinə göndərilməsi haqqında qərar qəbul olunub. 

Deputat deyib ki, bu addımın məqsədi Azərbaycan Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesini süni yollarla uzatmaqdır: "Ermənistan ağır məğlub durumunda Azərbaycanla sülh sazişini imzalamaq istəmirdi, bundan yayınmaq üçün vasitələr axtarırdı. Fransa da Ermənistana bu istiqamətdə aşkar dəstəyini nümayiş etdirdi. Nəhayət, BMT TŞ-də Fransanın Azərbaycanla bağlı qərəzli sənədi müzakirəyə çıxarıldı.  Birincisi, Ermənistan 30 il idi ki, torpaqlarımızı işğal altında saxlayırdı və Azərbaycan münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində addımlar atır, beynəlxalq instansiyalara müraciət edir, onlardan dəstək görməyə çalışırdı. Təəssüflə qeyd etmək lazımdır ki, BMT TŞ 1993-cü ildə 4 qətnamənin qəbulundan sonra, ümumiyyətlə, məsələyə heç bir reaksiya vermədi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terrora, işğalçılıq siyasətinə münasibət bildirmədi. Bu da ikili standartlar siyasətinin göstəricisi idi".

E.Mirbəşiroğlu bildirib ki, heç bir əsas olmadan Azərbaycan əleyhinə BMT TŞ-də sənəd müzakirəyə çıxarmaqla Fransa həm dövlət olaraq öz mahiyyətini ortaya qoyub, həm də bütövlükdə BMT-nin özündə bu məsələnin müzakirə edilməsi təşkilata başucalığı gətirməyib. Çırpıntılara baxmayaraq, sənəd qəbul olunmadı. Sənəddə bir çox müddəalar Azərbaycanın iradəsi sayəsində dəyişdirildi, bu da Azərbaycan diplomatiyasının nə dərəcədə güclü olduğunun göstəricisidir. Eyni zamanda Fransanın nüfuzunun, təsir imkanlarının nə dərəcədə aşağı olduğunun təsdiqidir.

Deputat vurğulayıb ki, bundan sonra separatizmə, təcavüzkar Ermənistana aşkar dəstək verən Fransa Azərbaycana qarşı qərəzli mövqe tutmaq istəyəndə yaxşı düşünməlidir, çünki Azərbaycan proseslərə özünün haqlı  maraqlarına uyğun təsiretmə gücündə olan dövlətdir. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra ölkəmiz davamlı olaraq siyasi, diplomatik müstəvidə böyük uğurlar qazanmaqdadır. Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsinin baza prinsiplərini də Azərbaycanın irəli sürmüş olduğu sülh şərtləri təşkil edir. Bu, məsələnin müzakirə olunduğu platformalarda artıq qəbul olunub. Bu baxımdan Fransa növbəti fiaskosunu yaşamaqla, həm də Azərbaycanın gücünü, təsir imkanlarını növbəti dəfə görmüş oldu.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 6 yanvar.- S.7.