Könüllülər yüksək əzmkarlıq nümayiş etdirirlər

 

 

Erməni vandallarının təbii sərvətlərimizin qanunsuz talan etmələrinə etiraz edən azərbaycanlı vətənpərvərlərin başlatdıqları etiraz aksiyası bir aya yaxındır ki, fasiləsiz olaraq davam edir. Vətənpərvər gəncliyin etiraz aksiyası bütün nəzərləri Qarabağa yönəldib. Ermənilər isə yenə də köhnə vərdişlərindən əl çəkə bilmədiklərini açıq-aydın nümayış etdirir, gənclərimizin keçirdikləri dinc aksiyadan əleyhimizə təbliğat kimi istifadə etməyə çalışırlar.

Texnologiyanın inkişaf etdiyi indiki zamanda erməni yalanları hər addımda fiaskoya uğrayır. Onların "bağlı" dedikləri yol ilə hər gün humanitar məqsədlər üçün kifayət qədər maşın hərəkət edir. Yeni ilin ilk günü Laçın yolunda torpaqlarımızda ekoloji terrora etiraz edən aksiya iştirakçıları ilə telefon əlaqəsi yaradıb fikirlərini öyrəndik. Bizimlə söhbətində Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Ayaz İbrahimli dedi:

- Qələbəmizin rəmzi, Qarabağın tacı Şuşanın qış fəslində bir ayrı gözəlliyi olurmuş. Bəyaz gecələri, buludları, başı qarlı dağları, havası kimi saf suları var Şuşanın. Erməni vandalları işğal etdikləri torpaqlarımızdakı vəhşilikləri bu qədim şəhərdə də təkrarlayıblar. Tarixi, mədəni abidələrimizi dağıdıb, Şuşaya ciddi ziyan vurublar.

2023-cü ili mübariz Azərbaycan gəncliyinin nümayəndəsi kimi Şuşada qarşıladıq və bununla fəxr edirik. Biz gənclər gözəl başa düşürük ki, indi aksiya  keçirdiyimiz yolda neçə-neçə vətənpərvər gəncimiz canını fəda edərək Şuşanı azad edib. Biz heç cür imkan verə bilmərik ki, yüzlərlə vətənpərvər gəncimizin canını qurban verərək azad etdikləri bu yerlərdən ermənilər torpaqlarımızı talan edib, təbii sərvətlərimizi daşısınlar. Artıq 25 gündür ki, torpaqlarımızda ekoloji terrora son qoyulması tələb ilə fasiləsiz dinc etiraz aksiyası keçiririk. Tələbimizdə qətiyik. Məqsədimizə çatana qədər dinc aksiyamızı əzmlə davam etdirəcəyik. Əgər bizim burada etiraz aksiyası keçirməyimizi istəmirlərsə, imkan versinlər istismar olunmuş yataqlarda monitorinq aparıb dəymiş ziyanı hesablayaq.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü, gənc fəal Əzizə Əlizadə də fikirlərini bizimlə bölüşdü:

- Azərbaycan könüllüləri olaraq hər zaman milli maraqlar, dövlətimizin qüdrəti, vətənimizin bütövlüyü naminə həmrəy olmuşuq. İlk növbədə gördüyümüz işin Vətənimizə, dövlətimizə faydası olacağını düşünmüşük. Burada da 25 gündür ki, öz həmrəyliyimizi nümayiş etdiririk. Biz Yeni iliŞuşada atəşfəşanlıqla qarşıladıq. Əhvali-ruhiyyəmiz aksiyanın ilk günündə olduğu kimi yüksəkdir. Tələblərimiz yerinə yetirilənə qədər dinc aksiyamızı davam etdirəcəyik. Mən buradan erməni gəncliyinə müraciət etmək istəyirəm: biz yol kəsən, quldur deyilik. Biz regionda sülhün, sabitliyin tərəfdarıyıq. Erməni separatçıları, revanşistlər erməni gəncliyini öz bəd niyyətlərinə alət ediblər. Öz çirkin məqsədlərinə çatmaqdan ötrü sizləri ölümə göndərməkdən belə çəkinmirlər. Siz də toparlanıb müharibə təbliğatı aparanlara, Qarabağı çirkin niyyətlərinin poliqonuna çevirənlərə "yox" deyin. Gələcəyinizi düşünün.

Bizimlə söhbətə qoşulan Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Sarxan Hümbətli isə dedi:

- Hava şəraitinin şaxtalı olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiya 25 gündür gecə-gündüz davam edir. Biz Azərbaycan könüllüləri olaraq ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı müxtəlif şüarlar səsləndiririk. Tələblərimiz isə çox sadədir, torpaqlarımızda ekoloji cinayətə son qoyulsun. Mövqeyimizdə qətiyik! Tələblərimiz yerinə yetirilməyincə aksiyanı dayandırmaq niyyətimiz yoxdur. Biz təbii sərvətlərimizin talanmasına "yox" deyirik. Biz torpaqlarımıza ədavət toxumu səpənlərə, müharibə təbliğatı aparanlara "yox" deyirik.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 6 yanvar.- S.8.