Ekoaksiyalar ermənilərdə xof yaradıb: "Yuxularımız qaçıb"

 

 

İctimaiekoloji fəalların Xankəndini Ermənistanla birləşdirən Laçın yolunda keçirdikləri etiraz aksiyaları erməni cəmiyyətini böyük qorxu və təlaşa düçar edib. Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, aksiyalar qarşı tərəfdə ciddi narahatlıq yaradıb.

Erməni ekspert Ruben Minosyan bildirib ki, Azərbaycan postmüharibə dönəmində də üstünlüyünü davam etdirir: Ermənistanın artıq Qarabağın itkisini qəbul etməsi qaçılmazdır. Şuşada atəşfəşanlıq isə Stepanakertdə (red.-Xankəndi) yaşayan ermənilərin daha böyük qorxusuna səbəb oldu. Onlar burada daha çətin qalalar".

Erməni siyasi ekspert Suren Baqdasaryan isə bildirib ki, Azərbaycan Zəngəzir dəhlizinin açılmasını və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki qanunsuz erməni dəstələrinin tərksilah olunmasını tələb edir. Vurğulayıb ki, Azərbaycan Ermənistana istədiyinə nail olmaq üçün necə təzyiq edəcəyini yaxşı bilir: "Ötən il Laçın, ZabuxSus boşaldıldı və Azərbaycana təhvil verildi. Azərbaycan tələb edir ki, Laçın dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizlə eyni statusa malik olmalıdır. Ruslar o yolda təhlükəsizlik qarantı kimi dayana bilər, amma Ermənistanda gömrük və sərhəd nəzarəti olmamalıdır, Azərbaycan vətəndaşlarının və mallarının gedişinə Ermənistan sərhədçiləri və gömrükçüləri nəzarət etməməlidir. Əks halda, Azərbaycan Xankəndi və  Ermənistan arasında sərhəd və gömrük nəzarəti yaradacaq. Eyni şey digər kommunikasiyalara da aiddir: qaz, işıq, internet bağlantısı. Əgər Ermənistanın Xankəndini qaz elektrik enerjisi ilə təmin etmək hüququ varsa, o zaman Azərbaycan da Zəngəzur dəhlizində qaz, neft, elektrik enerjisinin nəqli-tranzit infrastrukturları qura bilər. Bunda ən çox Azərbaycan maraqlıdır".

Siyasi ekspert vurğulayıb ki, Ermənistanın Azərbaycanın tələblərinə müqavimət göstərmək üçün resursları yoxdur. Azərbaycan qanunsuz erməni dəstələrinin buraxılmasını tərksilah edilməsini tələb edir.

Siyasi ekspert Vazgen Naumyan  isə yazır ki, 2023-cü ili ağır hisslər və əhvali-ruhiyyə ilə salamladıq. 30 ildən sonra biz Şuşanın, Qarabağın, 44 günlük müharibə məğlubiyyətinə və minlərlə gənc həyatların ağır itkilərinə sahibik: "Otuz ildən sonra ermənilər Ermənistanı təhdid edən güclü problemlər qarşısında, demək olar, gücsüz vəziyyətə düşüblər. İndi danışmaq hədsiz dərəcədə çətindir. Və danışmaq bəlkə də lazım deyil. Gənclərimizin itkisinə sakitcə yas tutmaq, digər müharibə itkilərini güclə daşımaq və görmək - dövləti bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün görmək lazımdır. Amma görülmür. Əvəzində Xankəndi yolunda etiraz aksiyaları və Yeni il gecəsi atəşfəşanlıqla Azərbaycan yenidən ermənilərə gözdağı verir. Biz bu gedişlə Qarabağdan əlavə, Ermənistanı da itirəcəyik. Çünki insanlarda heç bir inam qalmayıb".

Edvard Karapetyan adlı istifadəçi isə instaqramda aksiyadan şəkil paylaşaraq qeyd edib: "Stepanakertdə (red.-Xankəndi) yaşayıram. Deyəsən, burada da son günlərimizi keçiririk. Acı olsa da, reallığı İkinci Qarabağ müharibəsində gördük. Artıq türklər (red.azərbaycanlılar) bizə bir addım daha yaxınlaşıblar".

Diana Arutyunyan adlı feysbuk istifadəçisi məkan olaraq Xankəndi şəhərini qeyd edərək vahimədolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Azərbaycanlıların Qarabağa qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Çox keçməz bizStepanakerti (red.Xankəndi) tərk edərik. Belə  qorxu ilə yaşamaq istəmirik. Atam dedi ki, hazırlaşın, gələn ay Mehriyə əmimgilə  köçəcəyik".

Profilinə baxdıqda Xankəndidə yaşadığı qeyd edilən Avram Babayan  adlı feysbuk istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Nikol Paşinyana artıq inamı tamamilə tükənib: "Xankəndidə yaşayıram. Gecə qorxaraq eyvana qaçdım. Dedim yəqin yenidən müharibə başladı. Sosial şəbəkələrə baxdıqda öyrəndim ki, bu, Şuşada təşkil edilən bayram atəşfəşanlığıdır. Paşinyan, buna nə deyəcəksən?"

Suren Karpatyan adlı feysbuk istifadəçisi isə vahimədolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Stepanakertə (red.Xankəndi) çox yaxın yerdə təşkil edilən atəşfəşanlıq, ekoaksiyalar yuxularımı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Bu gedişlə Azərbaycan 2024-cü ilin atəşfəşanlığını Yerevanda edəcək".

Edvard Markaryan instaqramda azərbaycanlı gənclərin  ekoaksiyaları ilə bağlı şərh yazaraq qeyd edib: "Dostlar, acı olsa da, Azərbaycanın etirazının çox güclü olduğunu görürük. Belə davam etsə, İlham Əliyev növbəti bəyanatlarını Xankəndidən verəcək".

Vazgen Tsarukyan adlı feysbuk istifadəçisi isə etiraz aksiyaları ilə bağlı paylaşmasında  daha bədbin şərh verib: "Dostlar, Paşinyan Ermənistanı satır, ayılın! Aksiyada iştirak edən azərbaycanlıların Yeni il atəşfəşanlığını  izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Sünikə, Yerevana doğru irəliləyir. Məni qınasanız da deyəcəm: övladlarıma, mənə müharibə və  Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Çox qorxulu bir vəziyyətdir".

Henrix Balasyan adlı istifadəçinin tviterdəki paylaşımı isə daha çox bəyənmə  toplayıb: "Əliyev Qarabağı geri qaytarıb, Şuşada tədbirlər keçirməklə Ermənistana gözdağı verdi. Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə muğam dinləyənlər məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Atəşfəşanlıq Xankəndini işıqlandırırdı. Biz biabırçı  məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq".

Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin və ekoaksiyaların ermənilər üçün nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 6 yanvar.- S.8.