Qarabağ həqiqətləri Beynəlxalq Ədalət Məhkəməsində...

 

 

İnsan hüquqlarını məqsədyönlü şəkildə pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi Azərbaycan vətəndaşlarının əsas tələblərindən biridir. Ermənistanın işğalçı dövlət olduğu, azərbaycanlılara qarşı insanlığa sığmayan cinayətlər törətdikləri əslində beynəlxalq ictimaiyyətə məlumdur.

Bir zamanlar soydaşlarımızı doğma yurdlarından, evlərindən məhrum etmiş, əmlaklarını mənimsəmiş erməni vandalları öz mənfur əməllərindən peşman olmadıqlarını isə hər addımda göstərirlər. Bununla sübut edirlər ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə yaşatdıqları ağır məğlubiyyətdən də dərs almayıblar.

 

 

 

Ermənistan azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmasının qarşısını almağa cəhd göstərir

 

 

 

Ermənistan artıq çox yaxşı bilir ki, rəşadətli Azərbaycan Ordusuna gücü yetmir. Ancaq mənfur əməllərindən də əl çəkmir.

Azərbaycan tərəfinin dəfələrlə müraciətlərinə baxmayaraq, Qarabağda, Şərqi Zəngəzurda minaladıqları bütün ərazilərin xəritəsini verməkdən imtina edir. Bununla Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almağa cəhd göstərir.

Hələ ötən il Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübuta yetirən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərmişdi. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu barədə məlumatında diqqətə çatdırmışdı ki, sübutlar göstərir, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn, Laçına 1300 mina yerləşdirib. Nazir müavini üçtərəfli Bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmadığını nəzərə çatdırmışdı. Vurğulamışdı ki, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olmuşya yaralanmışdı: "Ermənistan həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair hökmünü yerinə yetirməyib. Eyni zamanda bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib".

Qeyd edək ki, Ermənistanın cinayətkarlığı nəticəsində üç həftə əvvəl yenidən faciə baş verdi. Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, eləcə də bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralandı, bir azərbaycanlı isə həlak oldu.

 

 

 

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etdi

 

 

 

Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etdi.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda xüsusilə Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutların mövcud olduğu diqqətə çatdırıldı. Bildirildi ki, bu minalar mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.

Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycanın davam edən sülh prosesinə və danışıqlara, həmçinin beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiqliyini dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar görür. Ermənistan isə üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirməkdən çəkinməyib. Ötən ilin avqust ayından etibarən ölkəmizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox mina aşkarlanıb. Azərbaycan tərəfi minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutların mövcud olduğunu bildirib. Həmin minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar olunub. O da diqqətə çatdırılıb ki, bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Bildirildiyi kimi, mülki ərazilərin minalarla hədəfə alınması günahsız mülki şəxslərin həyatına təhdid yaradır. Bu həm də Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır.

Xatırladaq ki, keçən ilin 12 oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 2022-ci il sentyabrın 16-da təqdim olunan yeni halların 2021-ci il 7 dekabr tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək Azərbaycana qarşı verilmiş vəsatəti rədd etmişdi.

Ümid edirik ki, beynəlxalq səviyyədə cəzalandırılmadığı üçün arxayınlaşan və azğınlaşan, işğalçılıq siyasətini davam etdirən Ermənistan dövlətinə qarşı himayədarlıq münasibəti birdəfəlik dəyişəcək. Ermənistan  əməllərinə görə layiqli cavabını almalı, özbaşınalıqlarına, cinayətkarlığına son qoymalıdır. O zaman haqq yerini tapar, ədalət bərqərar olar.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 7 yanvar.- S.1;5.