Yeni sosial islahat mərhələsinə başlandı

 

 

Minimum əməkhaqqı və minimum pensiya yaşayış minimumunu üstələdi

 

 

 

Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhali arasında rəğbətlə, məmnunluqla qarşılanıb. Bu da səbəbsiz deyil. Çünki yeni ildə imzalanan  bu sərəncam  yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Sərəncamda  qeyd edilir  ki, son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuşdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.  Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Bəs  əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində növbəti  tədbirlər nədən ibarətdir?

Ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanıb. Dövlət başçısının yeni sərəncamı ilə bu il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu da cari il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) 40,2 faiz üstələyir. Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artırılacaq şəxslərin 440-450 mini dövlət sektorunda çalışır.

Minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim olunacaq. Nəticədə minimum aylıq pensiya  40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.

Xatırladaq ki, son 5 ildə sosial sahədə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 2018-2022-ci illərdə orta aylıq əməkhaqqının 52 faiz, orta aylıq pensiyanın 80 faiz, müavinət və təqaüd ödənişlərinin 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsaitin  80 faiz artırılması da sosial islahatların  davamlı olduğunun göstəricisidir. Əlavə edək ki,  həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Prezident İlham Əliyevin sözügedən sərəncamının son illər sosial sahədə aparılan uğurlu və davamlı siyasətin növbəti nümunəsi olduğunu, bir neçə sahə üzrə artımları birbaşa ehtiva etdiyini deyir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, sərəncamda göstərilən bu iki komponentin əhatə edəcəyi dairə kifayət qədər böyükdür. Ümumilikdə minimum əməkhaqqı artımı 700 min, əmək pensiyasının minimum məbləğinin artırılması təqribən 100 min şəxsi əhatə edəcək. Sərəncamın həmin hissəsinin əhatə edəcəyi 800 min şəxs kifayət qədər geniş kontingentdir. Başqa bir vacib məqam isə ondan ibarətdir ki, artımdan sonrakı rəqəmləri bir neçə il bundan əvvəlki rəqəmlərlə müqayisə etsək, müvafiq ödənişlərin iki dəfədən çox artdığının şahidi oluruq. Sözsüz ki, dövlət başçısının imzaladığı müxtəlif proqram və layihələrə həssas qruplardan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması əsas prioritet kimi daxil edilir. Verilmiş qərarın başqa mühüm bir məqamı isə ondan ibarətdir ki, mövcud imkanehtiyaclar öyrənilməklə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı yeni anons verilir, daha geniş və əhatəli dəstək mexanizmlərinin həyata keçirilməsi ehtiva olunur. Bu fakt isə məhz əhatəliliyin təmin olunmasını bir daha sübut edir. Postmüharibə dövründə Qarabağda geniş quruculuq işlərinin davam etməsinə, mövcud reallıqlar nəzərə alınaraq Azərbaycan Ordusunun daha da gücləndirilməsinə və eyni zamanda digər sahələr üzrə müxtəlif ehtiyacların olmasına baxmayaraq, sosial müavinətlərin, təqaüdlərin, minimum əməkhaqqı məbləğlərinin artırılması Azərbaycanın sosial dövlət modelindən çıxış etdiyini göstərir".

Dövlət başçısının  yeni  sərəncamında yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlər və təqaüdlərin də məbləğlərinin artırılması nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini  Prezidentə təqdim etməsi  tapşırılıb.

Milli  Məclisin deputatı,  iqtisadçı ekspert Vüqar Bayramov bu barədə deyib: "Müavinətlərin növləri "Sosial müavinətlər haqqında" qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin qanuna görə, aylıq müavinətlər dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər hesab olunur. Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün hər il müavinət, uşağın anadan olmasına görə müavinət və dəfn üçün müavinətlər sayılır. Sözügedən müavinətlərdən hansının və nə qədər artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq".

2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulduğu və həmin artımların 1,9 milyon vətəndaşı əhatə edəcəyi bildirilir. Bu da dövlətin siyasətinin mərkəzində həmişə vətəndaşın rifahının dayandığının daha bir nümunəsidir.

    

Flora SADIQLI,

Azərbaycan.-2023.- 7 yanvar.- S.3.