Milli birlik, qətiyyətli əzm

 

Ekofəallar bir aya yaxındır haqlı tələblərini səsləndirirlər

 

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolundakı aksiya 26 gündür ki, davam edir.

Ekofəallar və QHT təmsilçiləri etiraz aksiyasında müxtəlif şüarlar səsləndirməklə qeyri-qanuni istismara yox deyir, eyni zamanda  azərbaycanlı mütəxəssislərdən ibarət qrupun həmin yataqlarda monitorinq keçirməsinə şərait yaradılmasını tələb edirlər. Etirazçılar gecə-gündüz demədən, şaxtaya, qara baxmayaraq, 26 gündür öz haqlı tələblərini irəli sürərək, dinc aksiyalarını davam etdirirlər. Onlar "Ermənilər beynəlxalq konvensiyalara riayət etmirlər!", "Ekoloji terrora son!",  "Təbiətin qanunsuz istismarına son!", "Mina terroruna son!" "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarlarını səsləndirməklə Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun gəlməsini də tələb edirlər. Etirazların bir aya yaxındır davam etməsinə baxmayaraq, ekofəalların haqlı tələbləri hələ də yerinə yetirilməyib. Ekofəallar isə sona qədər etiraz aksiyasını keçirəcəklərini deyirlər.

 

 

 

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılır

 

 

 

İlk gündən dinc aksiyaya ermənilər, onların havadarları müxtəlif don geydirməyə çalışsalar da, ona nail ola bilmirlər. Axı görünən kəndə nə bələdçi? Hər şey açıq-aşkar ortadadır. Aksiyalarda təhlükəsizlik qaydalarına əməl olunur, heç bir insident yaşanmır. Ermənilərin aksiyaçıların, guya, yolu bağlamaları, mülki avtomobilləri buraxmamaları ilə bağlı məlumatları da yalandan başqa bir şey deyil. Hər gün Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi bunun sübutudur ki, etirazçılar humanitar maşınların keçməsinə heç bir problem yaratmırlar.

Aksiyada mühüm tələblərdən biri də Laçın yolundan silah-sursatın daşınmasının dayandırılması, terrora dəstəyə son qoyulmasıdır. Bu yolun humanitar təyinatlı olmasına baxmayaraq, Ermənistan tərəfi 10 noyabr üçtərəfli Bəyanatın şərtlərini pozaraq Xankəndi-Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ iqtisadi zonasına silah-sursat, mina daşıyırlar. Bu da terrora dəstək xarakteri daşıdığından vətəndaş cəmiyyəti üzvlərinin haqlı etirazına səbəb olub. 30 il ərzində torpaqlarımızı zəhərləyən, minalayan ermənilər onlara ərazilərdən çıxmaq üçün vaxt veriləndə belə öz xislətlərinə uyğun hər yerə mina basdırıblar, həmçinin müharibədən sonrakı dövrdə ərazilərə kəşfiyyat xarakterli "səfər"lərində belə bu əməllərindən əl çəkməyiblər. İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların 2021-ci il Ermənistan istehsalı olması bunu sübut edir.

 

 

 

Aksiyaya başqa don geydirməyə çalışanlar

 

 

 

Ermənistan dara düşəndə daim özünə arxa-dayaq, havadar axtarıb. Həm müharibədə, həm danışıqlar masası arxasında uduzduğunu görən Ermənistan yenə də Fransaya sığınaraq ondan dəstək umur. Vətəndaş cəmiyyəti üzvlərinin, ekofəalların Şuşada başladıqları aksiyanın məqsədinə ilk gündən başqa don geydirməyə çalışan Ermənistan son olaraq Fransa ilə birlikdə dekabrın 20-21-də Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Müzakirələr nəticəsində Laçın-Xankəndi yolundakı vəziyyəti  "humanitar fəlakət" kimi təqdim edən riyakartam ermənipərəst mətn hazırlandı. Məqsəd təbii ki, sonda bu sənəd əsasında Azərbaycanın əleyhinə qətnamə qəbul olunmasına nail olmaq, ölkəmizi beynəlxalq konvensiyaları, hüququ pozmaqda ittiham etmək idi. Bütün bunlara baxmayaraq, qərəzli sənəd elə kağız parçası olaraq da qaldı. Hətta Fransa müxtəlif ölkələr tərəfindən tənqid olundu. Ümumiyyətlə, Fransanın Azərbaycan əleyhinə ədalətsiz, qərəzli mövqeyi, bu istiqamətdə atdığı addımlar dəfələrlə fiaskoya uğrayıb. Sonuncu da Fransanın, həmçinin onun arxasında gizlənən Ermənistanın növbəti məğlubiyyətidir.

 

 

 

Tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək

 

 

 

Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe sərgiləyən Ermənistanın havadarlarına, 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, ərazilərimizdəki ekoloji terrora, qanunsuz istismara susan, əsassız müraciətlə iclas çağıran, reallıqları görməzdən gələn beynəlxalq təşkilatlara, qurumlara rəğmən, xalqımız hər zaman  həmrəy olmağı bacarır. Elə bu birlik, güclü iradə də həm haqsızlığa qarşı çıxmağa, həm savaşda, həm də diplomatik masada qalib gəlməyimizi şərtləndirir. Haqqa, ədalətə əsaslanan tələblər, milli maraqlara cavab verən siyasət Azərbaycanı hər vəziyyətdə qalib dövlətə çevirir. 44 günlük Vətən müharibəsində, 30 illik işğala, terror əleyhinə başladılan haqq savaşında xalq necə birlik nümayiş etdirmişdisə, bir araya gəlmişdisə, indimilli sərvətlərimizin qanunsuz istismarına, təbiətimizin məhvinə qarşı çıxacaq və heç bir çətinliyə baxmadan bir olaraq, əzmkarlıqla məqsədinə çatana, tələbləri yerinə yetirilənə qədər mübarizəni davam etdirəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 7 yanvar.- S.4.