Aksiya davam edəcək!

 

 

Vətəndaş cəmiyyəti üzvlərinin, vətənpərvər gənclərin, ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərin faydalı qazıntı yataqlarının qanunsuz istismar etmələrinə etiraz olaraq Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası havaların soyuq, şaxtalı keçməsinə baxmayaraq, coşqu ilə davam edir.

Aksiya iştirakçıları üç dildə "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!" kimi şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları müxtəlif dillərdə səsləndirdikləri şüarlarda bu tələbi irəli sürürlər: torpaqlarımızda ekoloji cinayətə son qoyulsun. Rusiya sülhməramlıları kontingentinin komandanı Andrey Volkov etirazçılarla görüşüb azərbaycanlı mütəxəssislərin monitorinq aparmaları üçün lazımi şərait yaradılmasını təmin etsin. Amma çox təəssüf ki, general A.Volkov aksiyanın keçirildiyi bir aya yaxın vaxt ərzində hələ də inadla iştirakçılarla görüşməkdən imtina edir.

Ermənilər isə yenə də öz xislətlərini göstərirlər. Onlar, guya, blokadada qalıb acından ölmək təhlükəsi ilə üzləşmiş "yazıq", "məzlum" erməni obrazı yaratmaqda öz "ustalıqları"nı nümayiş etdirirlər. Boş qalmış piştaxtalar, Yeni il şənliyi keçirə bilməyən "yazıq ermənilər"in hay-həşirləri bütün dünyaya yayılıb.

Artıq dünya ictimaiyyəti erməni yalanlarına birmənalı olaraq inanmır. Birincisi, bu "məzlum", "yazıq ermənilər"in 30 ildə torpaqlarımızda etdikləri vəhşilikləri beynəlxalq aləmdə bilməyən yoxdur. Dağılmış, yandırılmış binalar, məhv edilmiş infrastruktur göz qabağındadır, dünya ictimaiyyəti bundan yaxşı xəbərdardır. İllərdir işğal etdikləri ərazilərdə azərbaycanlıların izlərini silmək, tarixi-mədəni irsimizi məhv etmək, əkin yerlərimizi minalamaq, faydalı qazıntı yataqlarını talamaq, əsir götürdükləri dinc əhalini, körpələri, qocaları, qadınları kütləvi məzarlıqlarda diri-diri basdırmaqla tanınan "yazıq" vandalların üzü dünyaya yaxşı bələddir. İndi artıq anlamayan yoxdur ki, sülh danışıqlarını pozan da, hər cür avantüraya əl atan da, "humanitar böhran" adından istifadə edərək dövlətimizin əleyhinə iyrənc təbliğat aparan da, onlara humanitar məqsəd üçün verilmiş yoldan silah daşıyıb, yenidən revanş götürüb müharibə ocağı yaratmaq istəyən də ermənilərdir. Necə olur ki, boş piştaxtaya ərzaq gətirməyə "yolu olmayan" ermənilər Ruben Vardanyanın təşkil etdiyi mitinqlərə Ermənistandan rahatlıqla gələ bilirlər.

Azərbaycanlı vətənpərvər gənclər etiraz aksiyasının ilk günündən dəfələrlə bəyan ediblər ki, dinc əhali, mülki şəxslər, müalicə almaq üçün Ermənistana getmək istəyən ermənilər üçün heç bir maneə yoxdur. Necə ki, ermənilərin "bağlı" dedikləri yol ilə humanitar məqsədlə gedən bütün nəqliyyat növləri rahatlıqla hərəkət edə bilir.

Erməni özbaşınalığına, seperatçıların Qarabağda törətdikləri ekoloji terrora "yox" deyən vətənpərvər gənclərimiz, QHT nümayəndələri durduqları mövqedə ayıq, niyyətlərində prinsipialdırlar. Qərarları da budur: tələbləri yerinə yetirilməyincə etiraz aksiyasını qətiyyətlə davam etdirəcəklər.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 7 yanvar.- S.4.