Sülhməramlılara məxsus minik avtomobili aksiya ərazisindən sərbəst keçib

 

 

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolundan, dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heçsiyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı ekofəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

 

Azərbaycan.-2023.- 7 yanvar.- S.4.