Azərbaycan 2023-cü ilə böyük uğurlarla qədəm qoydu
İlham Əliyevin xarici siyasət konsepsiyası dövlətimizin milli maraqlarını layiqincə təmin edir
2022-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Vətən müharibəsinin bitməsindən qısa dövr ötməsinə, habelə pandemiyanın hələ də davam etməsinə baxmayaraq, ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. İqtisadiyyatda təxminən 5 faiz, qeyri-neft sektorunda 9 faizdən çox artım qeydə alındı.
Qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib
Prezident İlham Əliyev 2021-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində demişdi: "Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm".
2022-ci ilin mənzərəsi göstərir ki, dövlət başçısının dediyi kimi, ötən il ölkəmiz üçün uğurlu dövr olub. Bu dövrdə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, respublikamız özünün strateji məqsədlərinə doğru inamla addımlayıb.
Öncə onu qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən savaşında qazanılan qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ötən il respublikamızda gedən bütün proseslərə əhəmiyyətli dərəcədə təsir göstərdi. Ən əsası, bu zəfər cəmiyyətimizdə yüksək ovqatın yaranmasına yol açan amil kimi özünü göstərdi. Vətən savaşında qazanılan zəfər ötən il Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi ilə davam etdi. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, Zəngilanın Ağalı kəndinin sakinləri öz yurdlarına qayıtdılar. Bu cür nəhəng infrastruktur layihələrinin qısa müddətdə yerinə yetirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin növbəti təcəssümü kimi tarixə düşdü.
Prezident İlham Əliyev ötən il regionlara 30 dəfə səfər edib və bunların 21-i işğaldan azad edilmiş torpaqlara olub. Bu fakt bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını il ərzində dövlət başçısı xüsusi diqqət mərkəzində saxlayıb.
İlham
ƏLİYEV: "Tarixi Qələbəmizi
siyasi müstəvidə daha da möhkəmləndirdik"
2022-ci ilin Azərbaycan üçün ən mühüm uğur göstəricilərindən biri ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi, öz milli maraqlarını layiqincə təmin etməsidir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin də maraqlarının müdafiəsinə diqqət yetirmişdir.
Qlobal miqyasda Azərbaycanın il ərzində ən böyük uğurlarından biri isə Vətən müharibəsindəki zəfərimizin beynəlxalq miqyasda tam qəbul olunmasıdır. Bu məsələ ilə bağlı ötən ilin mənzərəsi göstərir ki, dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallıqları tam bölüşür. "İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı" deyən Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Ümumiyyətlə, il ərzində Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar Azərbaycanın qətiyyətli mövqeyi ilə müşayiət olundu. Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması da bunu təsdiq edir. 2022-ci il ərzində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi Fərrux və "Qisas" əməliyyatları, o cümlədən sentyabr ayında baş verən döyüşlər göstərdi ki, Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti olduqları torpaqlarımızda qalan separatçıların ölkəmizə qarşı istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq. Bu döyüşlərdən sonra Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana təzyiq edilməsi ilə bağlı cəhdləri də fiaskoya uğradı. Hətta Ermənistanın təmsil olunduğu hərbi və siyasi təşkilatlar belə Azərbaycanın haqlı mövqeyi qarşısında İrəvanın avantüralarına getmədilər. Bu hərbi əməliyyatların hər biri həm də Azərbaycan Ordusunun yüksək döyüş əzmindən xəbər verdi.
Fransanın riyakarlığı bumeranq effekti verərək özünə dəydi
2022-ci il ərzində də Fransa riyakarcasına Ermənistanın müdafiəsi ilə məşğul oldu. Hətta bu məqsədlə Fransa senatında və milli assammbleyasında Azərbaycana qarşı sənədlər qəbul etdi. Azərbaycana təzyiq edə bilməyən Fransa bu yolla "kiçik bacısına" dəstək göstərdiyini sübut etməyə çalışdı. Amma elə Ermənistanın özündə belə Fransanın bu qərarları istehza ilə qarşılandı. Çünki ermənilər də başa düşürdülər ki, bu sənədlərin heç bir əhəmiyyəti yoxdur və Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.
İlin sonunda isə Fransanın BMT Təhlükəsizlik Şurasındakı fiaskosu Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiya ilə əlaqədar olaraq Fransanın ölkəmizə qarşı etmək istədiyi riyakarlıq bumeranq effekti verərək özünə dəydi. Fransa prezidentinin və bu ölkənin siyasi dairələrinin rüsvayçılığı olan bu hadisə bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət konsepsiyası Azərbaycanın milli maraqlarını layiqincə təmin edir.
2022-ci il Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı. Həm daxili siyasətdə, həm xarici siyasətdə yeni uğurlar əldə olundu. Prezident İlham Əliyev hər bir məsələdə ölkəmizin mənafelərini qətiyyətlə qorudu. Bütün bunlar onu göstərir ki, 2023-cü ildə qarşıda duran vəzifələr tam yerinə yetiriləcək, Azərbaycan beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.- 8 yanvar.- S.1-2.