Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi torpaqlarına qayıdacaqlarına inanırlar

 

 

Ata-baba yurdunu unutmaq mümkünsüzdür. Başqa yerdə yaşasa da, lap elə rahatlıq tapsa da, insan heç vaxt bir zamanlar əcdadlarının gəzib-dolaşdıqları, dəfn olunduqları torpaqları ziyarət etmədən mənəvi dinclik tapa bilmir.

XX əsrdə öz doğma yurdundan, isti ocağından zorla çıxarılan, Qərbi Azərbaycandan deportasiya edilən yüz minlərlə soydaşımızın da ən böyük həsrəti, nisgilidir bu. Onlar da tarixi torpaqlarına qovuşacaqları günlərin arzusu, xəyalı ilə yaşayırlar. Bu mənada Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğuladığı bu sözlər ümid işığına çevrildi. Dövlət başçısı dedi: "Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur".

 

 

 

Saxtakarlıqla, faciələrlə qurulan Ermənistan dövləti

 

 

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbə dostlarımıza da, düşmənlərimizə də dövlətimizin və xalqımızın gücünü, qüdrətini göstərdi. Bu gün Azərbaycan dövləti Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı əzmlə, qətiyyətlə gerçəkləşdirir. Növbəti tarixi hədəf isə daha bir ədalətsizliyə son qoyulması, Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpa olunması, onların əzəli yurdlarına qaytarılmasıdır.

Tarix sübut edir ki, yalanla, riyakarlıqla uzağa getmək mümkünsüzdür. Erməni millətçiləri də uydurduqları və heç bir dövləti, heç bir xalqı səmimi şəkildə inandıra bilmədikləri "dənizdən-dənizə Ermənistan" xülyası ilə öz məqsədlərinə nail ola bilməyəcəklər. Ancaq təəssüf ki, bu xəstə düşüncənin, boş xülyanın ağrısını, acısını çəkən günahsız insanlar olub. İşğalçı, təcavüzkar ermənilər XIX və XX əsrlərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçiriblər. Həm də bu siyasəti pərakəndə deyil, düşünülmüş, planlı, mərhələli şəkildə reallaşdırıblar. Bu məkrli plan azərbaycanlıların tarixi torpaqlarında indi Ermənistan adlandırılan dövlətin qurulması ilə nəticələnib. Mənfur ermənilər bununla da kifayətlənməyiblər. Azərbaycanın digər ərazilərinə göz dikiblər. İşğalçılıq siyasətlərini davam etdiriblər. Zaman-zaman ermənilər azərbaycanlılara qarşı soyqırımları, terror əməlləri törədiblər. XX əsrin sonuncu onilliyində isə işğal etdikləri Azəbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində insanlığa sığmayan, dəhşətli faciələr həyata keçirdilər.

Hələ bu faciələrdən qabaq isə məkrli ermənilər daha bir planlarını reallaşdıra bildilər. Onlar Qərbi Azərbaycan ərazilərinin əsl sakinlərinə hücum etdilər. Dinc, günahsız insanları qətlə yetirdilər. Soydaşlarımızı əzəli yurdlarından qovdular. Beləliklə, 1980-ci illərin sonraları və 1990-cı illərin əvvəllərindən Qərbi Azərbaycan azərbaycanlılarsız qaldı.

 

 

Tarixin izləri hər zaman qalır

 

 

Təcavüzkar ermənilərin hər zaman qorxusu tarixi faktlar olub. Özgə torpaqlarında dövlət yaratmağa nail olsalar da, bundan sonra da işğalçılıq siyasətlərini davam etdirsələr də, biliblər ki, tarix onların yalanlarını üzlərinə vuracaq. Ona görə də planlarının bir hissəsi də qədim Azərbaycan abidələrini məhv etmək, saxtalaşdıraraq erməniləşdirmək olub. İgid Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq azadlığa çıxardığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini  görənlər dəhşətə gəldilər. Otuz ilə yaxın davam edən işğal müddətində həmin yerlərdə daş üstə daş qoyulmayıb.

Eyni siyasəti ermənilər Qərbi Azərbaycanda da həyata keçiriblər. Son illərdə təkcə qədim İrəvan şəhərində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bir çox digər dini-tarixi abidələr məhv edilib.  İrəvanda mövcud olan iki məscid - Hacı İmamverdi məscidi və Göy məscid isə Ermənistan tərəfindən fars məscidi adlandırılıb.

Ancaq düşmən unudur ki, nə qədər saxtakarlıqlara əl atsa da, faciələr törətsə də, heç vəchlə tarixin izlərini silə bilməyəcək, buna gücü yetməyəcək. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə bunu diqqətə çatdırdı: "Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər". Dövlət başçısının vurğuladığı kimi, Qərbi Azərbaycanın bizim əzəli torpağımız olduğunu bir çox tarixi sənəd, xəritələr təsdiqləyir.

Azərbaycan xalqı ədalətin bir gün Qərbi Azərbaycanda da zəfər çalacağına inanır. Bu inamı, əminliyi Prezident İlham Əliyev belə ifadə etdi: "Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Erməni fitnəsi o günlər yenidən iflasa uğrayacaq. Qərbi Azərbaycan  torpaqları öz əzəli və əbədi sakinlərinə yenidən qucaq açacaq.

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 8 yanvar.- S.3.