İstəyirlərsə aksiyanı dayandıraq, tələblərimizi yerinə yetirsinlər

 

 

Ermənilərin apardıqları təcavüzkar siyasət, bir milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından didərgin salınması, Xocalıda, Kəlbəcərdə və digər işğal olunmuş rayonlarda azərbaycanlıların başına gətirilən qanlı, insanlığa sığmayan faciələr xalqımızın qan yaddaşına yazılıb.

Hər gün ailələlərində, oxuduqları məktəblərdə vərəqlənən qanlı günlərin tarixləri, xalqımıza qarşı törədilmiş vəhşiliklər gənclərin vətənpərvərlik hissi ilə yanaşı, qisas hissini körüklədi, torpağa, vətənə bağlılıq hisslərini daha da artırdı. Bir günolsun Qarabağı görməyən gənclərimiz özləri ilə birlikdə Qarabağ dərdini də böyütdülər. Ermənilərin növbəti azğınlıqları, 27 sentyabr 2020-ci ildə torpaqlarımıza növbəti təcavüzü xalqın səbr kasasını daşdırdı. Xalq bir yumruğa dönüb qəzəb püskürdü. Gənclərimiz müharibə xəbərini alıb hərbi səfərbərlik idarələrinin qarşısına axışdılar. Vətən uğrunda döyüşə getmək üçün  böyük növbələr yarandı. Hətta bir ailədən iki, üç qardaş düşmənə dərs vermək üçün döyüşə yollandı. Analar oğullarının arxasınca göz yaşı yox, su səpdilər. Oğulları Azərbaycan bayrağına bükülüb gələn analar isə Qarabağda qazanılan Zəfəri eşidib Tanrıya şükür etdilər. İtirdikləri oğullarının təsəllisini işğaldan azad olunmuş Vətən torpaqlarında tapdılar.  Təki Vətən sağ olsun dedilər. Xalqımız bayraqlaşan, vətənləşən, müqəddəsləşən şəhid övladları ilə qürur duydu.

Bu gün vətəni qorumaq, onun şərəfini uca tutmaq estafetini qəbul etmiş Azərbaycan gəncləri, vətənpərvərlər yenə də ayaqdadırlar. Şəhid qanı ilə suvarılmış, son anda gözlərini əbədi yumarkən torpağı qucaqlayıb, "Vətən sağ olsun deyən" igidlərimizin əmanətlərini qoruyur, haqq işi uğrunda əzmlə, mətanətlə mübarizə aparırlar. Çünki bilirlər ki, ermənilər revanşist yolu tutub yenə silahlanmağa çalışırlar. Yurdumuzda talançılıq edib, faydalı qazıntılarla zəngin olan torpaqlarımızda, "Dəmirli" və "Qızılbulaq" yataqlarında qeyri-qanuni qazıntılar aparıb sərvətimizi talayır, bəd niyyətlərini həyata keçirmək istəyirlər. Amma yanılırlar. Görünür, 44 günlük müharibədəki ağır məğlubiyyət düşmənin yaddaşında da  ciddi problem yaradıb.  Unudurlar ki, vətən sevgisi estafetini indi bu torpaqları 30 illik işğaldan azad etmək üçün ölümün üstünə yeriyən, canlarını o torpaqlarda fəda etmiş qəhrəmanların ardıcılları, mübariz Azərbaycan gəncliyi qəbul edib.

Belə gənclərimizlə telefon əlaqəsi zamanı onlardan biri - Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Səlimə Salmanlı dedi ki, çıxdığımız bu yolda öldü var, döndü yoxdur. Biz haqq işimiz uğrunda buradayıq. Biz 30 il torpaqlarımızı talan edən, yurdumuzu xarabazara çevirən, Qarabağı ölü zonaya çevirən insan cildinə girmiş quduzlarla, talançılarla mübarizə aparırıq. Havaların soyuq, qarlı, şaxtalı keçməsinə baxmayaraq, davam edən dinc aksiyamıza hər gün yeni könüllülər qoşulur və əhatəmiz daha da böyüyür. Biz Azərbaycanın təbii sərvətlərini qorumalıyıq. Heç bir qüvvə bizi buradan uzaqlaşdıra bilməz. Gənclərimiz əsl əzmkarlıq göstərirlər. Bu torpaqlar bizə şəhidlərimizin əmanətidir. Əgər biz ermənilərin yurdumuzda talançılıq etməsinə biganə yanaşsaq, şəhidlərimizin ruhuna xəyanət etmiş olarıq. Nəinki gündüzlər, hətta  gecələr  də "Ekoloji cinayətə son!" və müxtəlif şüarlar səsləndiririk. Azərbaycan könüllülərinin tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

 

Söhbətimizi Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Aydan Abbasova ilə davam etdiririk:

 

- Bu gün  dinc aksiyamızın 27-ci günüdür. Hava şəraitinin soyuq olmasına baxmayaraq, əhvali-ruhiyyəmiz yaxşıdır. Məqsədimiz ekoloji tarazlığı qorumaq, təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısını almaqdır. Biz yolu bağlamamışıq. İstəyimiz odur ki, monitorinq qrupu qanunsuz istismar edilən yataqlara daxil olsun. Nəyə görə sərvətlərimiz qanunsuz talan edilib Ermənistana daşınmalıdır. Ermənilər bu torpaqlarda qalıb  bizimlə birgə yaşamaq istəyirlərsə, qanunlarımıza əməl etməlidirlər. Nəcibliyimizdən, humanistliyimizdən sui-istifadə etməməlidirlər. Onlara humanitar məqsədlər üçün verilmiş bu yoldan təcavüzkar niyyətlərini həyata keçirmək üçün istifadə etməməlidirlər. Yenidən qan tökmək üçün bu yolla silah daşımağa çalışırlar. 30 ildə işğal etdikləri ərazilərdə daş üstə daş qoymayıblar. Bir dənə də olsun salamat bina saxlamayıblar. Nəinki evləri, tikililəri, hətta qəbiristanlıqları da dağıdıblar. Bu vəhşilikləri edən, əsirləri diri-diri torpağa basdıran, ana bətnindəki körpəni çıxarıb payaya keçirən bu vəhşilər etdiklərindən utanmaqdansa "humanitar böhrandan" danışırlar. Onlara deyirik: siz simanızı Xocalıda köməksiz insanları qətlə yetirərkən itirmisiniz. Özünüzü dünyaya yazıq görkəmində göstərməyə cəhd etməyin. Dünya sizin üzünüzü Xocalıdan tanıyır.

 

Söhbətə qoşulan Azərbaycan Könüllü Təşkilatları İttifaqının digər üzvü  Nərgiz Əlimirzə dedi:

 

- Burada olmağımızın, aksiyamızın tək məqsədi torpaqlarımızda təbii sərvətlərimizin qanunsuz istismarının qarşısının alınmasıdır. Biz artıq 27 gündür ki, dinc aksiyamızı gecə və gündüz müxtəlif şüarlar səsləndirməklə davam etdiririk. Tələbimiz yerinə yetirilənədək belə olacaq. Onu da qeyd edim ki, bir gün, bir saat da olsun humanitar məqsəd üçün istifadə edənlərə yolu bağlamamışıq. Hər gün buradan humanitar məqsədlər üçün onlarca maşın müxtəlif istiqamətdə hərəkət edir. Ermənilər yalan təbliğat aparırlar ki, "blokadadırlar". Buradan Xankəndi ovuc içi kimi görünür. Blokadadırlarsa, yanacaqdoldurma məntəqələri necə işləyir? Növbə belə gözləmirlər. Bəlkə Xankəndidə yerdən neft çıxır? Hər işləri qaydasınca gedir. Bunlar özlərini yazıq göstərməyə vərdiş ediblər. İşləməyib dilənmək onların adətidir. Orada yaşayan  ermənilər bizim aksiyamızdan istifadə edib erməni lobbisindən "blokadada qalmışıq" deyib pul alırlar. Ermənistan iqtisadiyyatı deyilən bir şey yoxdur. Ermənilər bütün dövrlərdə erməni lobbisinin ianəsi hesabına dolanıblar. İndi də yenə dünyaya car çəkib "humanitar böhran" adı ilə pul yığırlar. Budur, onların sifəti. Biz tələblərimizdə qətiyik. Bizi buradan nə erməni hiyləsi çəkindirə, nə də soyuq qorxuda bilər. İstəyirlərsə aksiyanı dayandıraq, tələblərimizi yerinə yetirsinlər.

 

Azərbaycan.-2023.- 8 yanvar.- S.5.