Pandemiya ilə uğurlu mübarizənin nümunəsi

 

 

Ötən il Azərbaycanda COVID-19-a qarşı keçirilən tədbirlər effektiv nəticə verdi

 

 

Çində başlayanbütün dünyanı təsiri altına alan COVID-19 üç ildir ki, davam edir. İnkişaf etmiş ölkələr belə bu virusla mübarizə aparsalar dazaman-zaman yoluxma səngisə də, qeydə alınan son statistikalar vəziyyətin yenidən ağırlaşdığını göstərir. Son günlər virusa yoluxmalarda yenidən müşahidə edilən artım dünyanı təşvişə salıb. Bir göz qırpımında dünyaya dəhşətli bir bəla kimi yayılan koronavirus ənənəvi yaşamın şərtlərini kökündən dəyişərək yeni bir başlanğıca səbəb oldu.

İnsanların sağlamlıqları və həyatları ilə sınağa çəkilməsi, virtual ünsiyyətin daha çox artması və bütün sahələrdəki fəaliyyətin yeni çeşidli imkanlarla davam etdirilməsi bu başlanğıcdan meydana gələn əlamətlər idi.

Pandemiyanın başladığı ilk günlərdən dünya ölkələri artan yoluxmalar nəticəsində müxtəlif vaxtlarda fərqli mübarizə tədbirlərini həyata keçirdilər. Çində mərhələli qapanmalar, ABŞ-də testlərin poçt xidməti vasitəsilə insanlara sürətli və pulsuz çatdırılması və digər profilaktik işlər bu istiqamətdə həyata keçirilən tədbirlər arasında  yer aldı. Müxtəlif ölkələr isə inkişaf etmiş dövlətlərin təcrübələrindən faydalanaraq tədbirlər planı hazırladılar.

 

 

Mutasiyaya uğrayan virus

 

 

Ötən ilin ortalarında dünyada yoluxmaların sayında və ölüm hallarında azalmalar müşahidə edilməyə başladı. Bu, beynəlxalq səhiyyə qurumları tərəfindən ikiillik mübarizənin uğurlu nəticəsi kimi qiymətləndirildi. Lakin gözlənilməz anda xəstəliyə yoluxanların sayı yenidən artmağa və bəzi dünya ölkələrində mərhələli qapanmaların tətbiqinə başlanıldı.

Koronavirus pandemik xəstəliyə çevrilməyə başladığı zaman orqanizmə məlum olmayan infeksiyaona qarşı bəşəriyyətin hazırlıqsız olması virusu olduqca təhlükəli hala gətirmişdi. Hazırlanan peyvəndlərdən sonra mutasiyaya uğramış koronavirusun meydana çıxan yeni ştamları və onların altnövləri qismən təhlükəni azaltmağa başladı.

Ümumilikdə 2022-ci ilin ən dominant mutasiyası olan Omikron qısa zaman ərzində yayılma arealını sürətlə genişləndirdi. Yüksək yoluxuculuğuna görə özündən əvvəlki bütün mutasiyaları qabaqlayan bu ştam hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə Deltadan daha sürətlə yayıldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələrinin keçirdiyi mətbuat konfranslarında Omikronun dünyada sunami təsiri yarada biləcəyindən, ciddi qəbul edilməməsinin ağır nəticələrə gətirib çıxara biləcəyindən böyük narahatlıq hissi keçirdiyini də bildirmişdilər.

Pandemiyanın yavaş-yavaş aradan qalxmasını, karantin qaydalarının ləğvini, koronavirusdan öncəki həyata dönməyin sevincini bütün dünya yenicə yaşamağa başlamışdı ki, bir sıra ölkələrdə yoluxma sayı kəskin artmağa başladı. Hazırda ciddi təhlükə altında olan, yoluxma saylarının artdığı ölkələr arasında artımın ən çox sədaları Çindən gəlir. COVID-19-un sunami effekti ilə yenidən yayılması ilə əlaqədar ÜST dünya əhalisini tədbirli olmağa çağırır.

Getdikcə mutasiyaya uğrayan virus artıq ənənəvi qripin başqa bir forması kimi xarakterizə edilir. Lakin koronavirusun öldürücü xüsusiyyəti, sonradan səbəb olduğu fəsadları unudulmamalı, mövcud müdafiə qaydaları daim gözlənilməlidir.

 

 

Azərbaycan pandemiyaya qalib gəlir

 

 

Hazırda Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş hesab edilir. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə ötən il pandemiya ilə bağlı vəziyyət nəzarət altına alınmış və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılmış, daha sərt məhdudiyyətlərin qoyulmasına ehtiyac yaranmamışdı.

Hər il oduğu kimi, ötən il də Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının "Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq "2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə" əmr imzalanıb. Sənədə əsasən, 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin görülməsi əsas istiqamətlərdən biri kimi qeyd edilib.

Vəziyyətin nəzarət altında olduğu ölkəmizdə vaksinasiya prosesi bu gündavam etdirilir. Məhz vurulan peyvəndlərin nəticəsidir ki, yoluxan şəxslər xəstəliyi ağır keçirmir, əvvəlki vaxtlarda olduğu kimi ölüm təhlükəsi ilə üz-üzə qalmırlar. 3 il ərzində qazanılan kütləvi immunitet COVID-19-la mübarizənin ən böyük nəticəsidir.

Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə başlayan ilk ölkə olaraq bu sahədə əhəmiyyətli addımlar atıb. Koronavirusa qarşı vaksinasiya ölkədə 2021-ci il yanvarın 18-dən başlayıb. İlkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanılan COVID peyvəndlərindən mərhələli şəkildə digər əhali qrupları, hətta ÜST-nin tövsiyəsinə uyğun olaraq, könüllülük əsasında 16-18 yaşlı yeniyetmələrə də tətbiq edilib.

Koronavirusun ölkə ərasizində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bu gün ölkədə xüsusi karantin rejimi davam etsə də, ötən il mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv edilib, bəzi məhdudiyyətlər aradan qaldırılıb.

 

 

Ehtiyatlı davranmaq əsas öhdəliklərimizdən biridir

 

 

Dünyada pandemiya ilə bağlı son üç ildəki vəziyyət COVID-19-un hər yeni variantının əvvəlkindən daha yoluxucu olduğunu göstərdi. Nəticədə insanlar hər dəfə daha sürətlə yayılan yeni bir dalğa ilə rastlaşmalı oldular. Dəfələrlə mutasiyaya uğrayan bu virus üçün pandemiya başlayarkən elan edilən profilaktik qorunma vasitələri olan peyvəndlər və tibbi maskalar hələ də təsirli sayılır.

Mütəxəssislər qeyd edirlər ki, yoluxmaların qarşısının alınması üçün simptomlar müşahidə edildiyi təqdirdə xəstələr özlərini təcrid etməli, ictimai yerlərdən, eləcə də nəqliyyatdan istifadədən yayınmalıdırlar. Yoluxmuş şəxs olduqca sürətli ötürülmə qabiliyyətinə malik olan bu virusu bir anda bir neçə nəfərə yaya bilər.

Əldə edilən nəticələr tez-tez dəyişdiyindən virusun necə mutasiya etdiyini anlamaq qəlizləşir. Hazırda COVID-19-un əlamətləri mövsümi qripə bənzədiyi üçün bəzi hallarda onları fərqləndirmək çətin olur. Bu səbəblə də simptomlar müşahidə olunduğu təqdirdə həkimə müraciət etmək, PZR test vermək mütləqdir. Hər kəsin, xüsusilə yanaşı xəstəliklərdən əziyyət çəkənlərin virusdan qorunmaq üçün gigiyena qaydalarına əməl etmələri çox vacibdir. Unutmamalıyıq ki, pandemiya hələ də davam edirvirusa yoluxanların sayı artır. Ona görə də COVID-19-a tamamilə qalib gəlmək üçün, sadəcə, diqqətli və məsuliyyətli olmaq lazımdır.

 

 Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 8 yanvar.- S.7.