Zəngəzur dəhlizi mütləq olmalıdır

 

 

İlham ƏLİYEV: "Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir"

 

 

Tarixinin ən qüdrətli Azərbaycanı daha bir ili uğurla başa vurdu. 2022-ci il ölkəmizin ictimai-siyasi həyatında mühüm islahatlar, yeni rekordlar və möhtəşəm quruculuq işləri ilə yadda qaldı.

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirdi. Bu möhtəşəm yenidənqurma işlərini Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına, yəni heç kimdən maddi yardım almadan həyata keçirir. Bunu şərtləndirən amil isə iqtisadi müstəqillikdir. Məhz bunun hesabına ötən il Azərbaycan iqtisadiyyatı 130 milyard manata yüksəlib və dövlət başçısı bu nailiyyəti rekord göstərici adlandırıb.

İqtisadi qüdrəti getdikcə artan Azərbaycan geosiyasigeoitqisadi imkanlarının daha da genişlənməsini mühüm prioritet məsələ kimi müəyyənləşdirib. Şanlı zəfərdən sonra yaranmış yeni reallıqlar bütün bu proseslərin uğurlu getməsi üçün əlverişli imkan yaradıb.

Bu gün Azərbaycan beynəlxalqmiqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayır. İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirbu proseslərə mühüm töhfəsini verir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması təklifidir.

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz gün azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq.

Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı artırır. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçünböyük əhəmiyyət daşıyır.

Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Dəhlizin əhəmiyyətinin Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artmasını iqtisadi göstəricilər də təsdiqləyir. Belə ki, 2022-ci ilin birinci rübündə bu istiqamət üzrə yükdaşımaların həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. 

Sözü imzası qədər keçərli olan İlham Əliyev yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyətinin olduğunu vurğulamışdır.

Artıq xeyli müddətdir ki, bu istiqamətdə mühüm işlər həyata keçirilməkdədir. İndi əsas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə də 2 layihə reallaşdırılır - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti 2023-ci ildə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.

2021-ci il fevralın 14-də Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bu dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Layihənin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 80 faizdən çoxu tamamlanıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometr təşkil edir. Tikinti işləri  3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü,  3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşıb.

Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.

Ən önəmlisi odur ki, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

2021-ci il oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 kilometr olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək.

Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə hərəkəti reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisaditurizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaqbu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Ermənistan bu dəhlizin açılmasına qarşı çıxsa da, bu, 10 noyabr Üçtərəfli Bəyanatının müddəasıdır. Məğlub ölkə müharibə başa çatdıqdan sonra dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi reallaşdıracağına söz versə də, bir müddətdən sonra prosesi dayandırdı. Azərbaycan isə həm avtomobil, həm də dəmir yolu çəkilişini davam etdirdi. İrəvan isə yeni iddialarla çıxış edərək yenə də öz xislətini nümayiş etdirməyə başladı. Bəyanatın imzalanmasının vasitəçisi olan Rusiya isə Ermənistana bununla bağlı heç bir xəbərdarlıq etmədi. Amma 44 günə Azərbaycan Ordusu qarşısında diz çöküb yalvaran Ermənistan rəhbərliyinə əsl xəbərdarlığı qalib komandan İlham Əliyev etdi. Azərbaycan Prezidenti dedi ki, Zəngəzur dəhlizi açılmayacaqsa, Ermənistanla heç bir sülh sazişi imzalanmayacaq və lazım gələrsə "dəmir yumurq" yenidən işə düşəcək. İlham Əliyev qəti şəkildə bildirdi ki, Ermənistan götürdüyü öhdəliyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasını əngəlləmək istəsə, bunun nəticəsi çox ağır olacaq: "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq".

Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə xalqa müraciətində də İlham Əliyev bir daha bu məsələyə toxunaraq bidirdi ki, iki il əvvəl döyüş meydanında qazanılan tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik: "Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".

Bu, əsl sərkərdə qətiyyətidir, İlham Əliyev sözüdür. Əgər Azərbaycan Prezidenti bir məsələ ilə bağlı hansısa mövqeyini ortaya qoyursa, demək, o mütləq gerçəkliyə çevriləcək.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 8 yanvar.- S.2.