İradəmizi qırmaq mümkün deyil

 

 

Şuşa qələbəmizin, vətən sevgisinin, milli qürurumuzun rəmzidir. Şuşa Azərbaycan gəncliyinin fədakarlığının mübarizə meydanıdır. İki il bundan əvvəl keçilməz zirvələri aşaraq qəhrəman oğullarımızın iz saldıqları Zəfər yolundan keçib Şuşaya  gedən hər bir insanın canında  mübarizlik ruhu daha da  alovlanır. 27 gündür Şuşa Azərbaycan gəncliyinin prinsipiallığına, vətən sevgisinə, əzmkarlığına şahidlik edir.

Erməni vandallarının torpaqlarımızda təbiətimizə, sərvətlərimizə vurduqları ziyan, Qarabağda hələ də talançılıq niyyətlərindən əl çəkə bilməmələri Azərbaycan gəncliyinin qəzəbinə səbəb olub. 27 gündür ki, gənclərimiz gecələrini gündüzlərinə qataraq düşmənin    "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyana, təbiətin amansızlıqla məhv olmasına etiraz edərək fasiləsiz etiraz aksiyası keçirirlər. Erməniləri əllərində oyuncaq edib, yaxud ermənilərlə birləşib sərvətimizi talan edənlər, təbiətimizi məhv edənlər, "humanitar böhran"deyib dünyaya səs salanlar anlamaq istəmirlər ki,  bu aksiyada gənclərimizin olduqca sadə bir tələbi var: qanunsuz istismar olunan "Dəmirli" və "Qızılbulaq" yataqlarında mütəxəssislərin monitorinq aparmaları üçün şərait yaradılsın .

Bunu dünyada bilməyən yoxdur ki, hələ sovet dövründə Ermənistan SSRİ-dən aldığı dotasiya hesabına dolanıb. Heç bir yeraltı və yerüstü sərvəti olmayan, bu ələbaxan respublika "müstəqillik" əldə etdikdən sonra da dünyaya səpələnmiş erməni lobbisinin yardımları hesabına yaşayıb. Qarabağı işğal etdikləri dövrdə isə təbii sərvətlərimizi talamaqla məşqul olub. 44 günlük Vətən müharibəsindən sonra da ermənilər köhnə vərdişlərindən əl çəkməyiblər. Belə ki, torpaqlarımızda bəd niyyətlərini həyata keçirərək onlara humanitar məqsədlər üçün verilmiş Laçın yolu ilə sərvətlərimizi talayıb Ermənistana daşıyıblar. Ermənilərin bu qanunsuz hərəkətləri, etdikləri özbaşınalıqlar vətənpərvər gənclərin haqlı etirazına səbəb olubdur. Bakıdan yüzlərlə vətənpərvər gənc, QHT, media nümayəndəsi Şuşaya gedərək Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində etiraz aksiyasına start veriblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar tələb edirlər ki, Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarı dərhal dayandırılsın. Gənc vətənpərvərlər  öz məram və məqsədlərini rusingilis dilində yazılmış plakatlarda da olduqca aydın, başadüşülən şəkildə ifadə ediblər: "Sərvətlərimizin talanı dayansın!", "Təbiəti qoruyaq, istismarı qınayaq!", "Təbiətin milləti yoxdur!", "Azərbaycan milləti qoruyacaq sərvətini!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!"

Xatırladaq ki, ermənilərin və erməni məkrinə himayədarlıq edənlərin iddia etdikləri kimi aksiya iştirakçıları yolu bağlamayıblar. Heç bir zorakılıq hərəkətlərinə yol verməyiblər. Aksiya keçirilən yolda hər gün istər sülhməramlılara, istərsə də Beynəlxalq Qızıl Xac Təşkilatına məxsus avtomobillər sərbəst şəkildə hərəkət edirlər.  Bəs onda erməniləri və onları dəstəkləyənləri narahat edən əsas səbəb nədir? Sualın cavabı aydındır: ilk növbədə revanşist, separatçı qüvvələrin Laçın yolu ilə Xankəndiyə girişinin qarşısı alınıb. İqtisadiyyatı reanimasiyada yatan xəstə halında olan Ermənistan Qarabağda faydalı qazıntılarımızı talan edib daha daşıya bilmir. Ermənistandan Qarabağa silah keçirməyin qarşısı alınır.

Azərbaycan dövləti Ermənistanın ölkəmizə qarşı etdiyi bütün pisliklərə qarşı səbr, təmkin göstərib. Eyni zamanda Azərbaycan hər zaman erməniləri qayda-qanunlara əməl etməyə, nizam-intizama dəvət edib. Qan tökülməməsi üçün bütün vasitələrdən istifadə edib. Bu gün güya Laçın yolunun bağlanması və ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə erməni siyasətçilərinin və onlara dəm tutan "vasitəçi" dövlət başçılarının  iddialarının heç bir əsası yoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekoloji fəalların keçirdikləri bu aksiya Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının ifadəsidir. Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə bu dinc aksiyaya siyasi don geyindirmək və onu təhrif etməyə cəhd edib. Məmnunluqla qeyd edək ki, ermənilərin etdikləri bu cəhdlər hər dəfə fiaskoya uğrayır .

Bu gün gənclərimiz qətiyyətlə, şərtləri qəbul olunana qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. soyuq, nə Rusiya sülhməramlılarının komandanı general Andrey Volkovun biganə münasibəti etirazçı gəncləri haqq yolundan çəkindirə bilmir. Əksinə, hər gün yüzlərlə gənc Şuşaya gəlib vətənpərvər gənclərlə həmrəy olduqlarını bildirirlər. İstər ermənilər, istərsə də Rusiya sülhməramlılarının komandanı gənclərin öz prinsiplərindən geri çəkilməyəcəklərini daha tez anlayıb, şərtlərini qəbul etsələr, bir o qədər özlərinə hörmət etmiş olarlar. Aksiya iştirakçısı Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Sevinc Məmmədli bizimlə söhbəti zamanı aksiya iştirakçılarının qətiyyətini belə ifadə etdi:

- Artıq dinc aksiyamızın 27-ci günüdür. Havanın  soyuq olmasına baxmayaraq, əhvali-ruhiyəmiz yüksəkdir. Bizim tələblərimiz ekoloji tarazlığı qorumaq, təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısını almaqdır. Biz quldur, yolkəsən deyilik. Əksinə, ermənilər yolumuzu kəsib faydalı qazıntılarla zəngin olan, qanunsuz istismar etdikləri yataqlarımızda monitorinq aparmağa imkan vermirlər. Bircə şeyi unudurlar ki, cəmi iki il öncə qəhrəman oğullarımız bu yerlərdə necə fədakarlıq ediblərsə, onların davamçısı olan bizlər də prinsiplərimizdə qəti, niyyətimizdə qərarlıyıq. Tələblərimiz yerinə yetirilənə qədər buradan ayrılmayacağıq. İradəmizi nə soyuq, nə biganəlik, nə də ki erməni kələyi qıra bilməz.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 8 yanvar.- S.5.