Vətən uğrunda ölmürlər, şəhid olurlar

 

"Bir daha analar gözü yaşlı qalmasın". Bu sözləri Beyləqan rayonundan olan şəhid Munis Abbaslının anası Kəmalə xanım deyir. Deyir, ancaq özü  göz yaşlarını saxlaya bilmir.

Mən isə dönə-dönə Munisin fotoşəkillərinə baxıram. Onun bütün görkəmində, xüsusən də gözlərində o qədər həyat eşqi var ki, yoxluğunu heç cür qəbul etmək mümkün deyil. Bu barədə Munis özü son telefon danışığında belə deyib: "Biz kişiyik,  gəlmişik bura öldürməyə, ölməyə yox. Burda ölən olmur, burda şəhid olur". Kəmalə xanım bundan həm qürurlanır, həm də kədərini cilovlaya bilmir.  Eyni zamanda şükür edir ki, övladı torpaq, Vətən uğrunda şərəflə şəhadətə yüksəlib.

Sonra söhbətinə davam edir: "O, ailəmizin yeganə oğul övladı, iki bacının bir qardaşı idi. Adını seçəndə müqəddəs kitabımıza müraciət etdik. Munis adına layiq yaşadı. Mehriban, ünsiyyətli, istiqanlı övlad idi. Mənim munisim, sirdaşımıydı. Ancaq həyat sübut etdi ki, qəlbində ana məhəbbətindən də ülvi hisslər yaşadırmış. Bu, Vətən məhəbbəti, Vətən yolunda şəhidliyə ucalmaq arzusuydu".

Munis Həbibullah oğlu Abbaslı 2000-ci il mart ayının 18-də Beyləqan şəhərində dünyaya gəlmişdir. Fərman Hacıyev adına Beyləqan şəhər 2 saylı tam orta məktəbin məzunu olub. 2018-ci ildə həmin məktəbin XI sinfini bitirib. Atası hərbçi oduğu üçün uşaqlıqdan onun da bu peşəyə marağı vardı. Ona görə də sənədlərini Ali Hərbi Məktəbə vermiş, ancaq müsabiqədən keçməmişdi.

Munis 2018-ci ilin aprel ayında Vətən qarşısında borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi, qoçaq, fiziki hazırlığı ilə fərqlənən əsgər olub, komandirlərinin və yoldaşlarının hörmətini qazanıb. 2019-cu il oktyabr ayının 4-də yüksək əhvali-ruhiyyə ilə evlərinə qayıdıb. Rayondakı pambıqtəmizləmə zavoduna işə düzəlib. Ancaq məqsədi ali təhsil almaq idi. Buna görə də işləməklə yanaşı, qəbul imtahanlarına da hazırlaşırdı.

General Polad Həşimovun şəhadətə yüksəlməsi minlərlə Azərbaycan gənci kimi, Munisin də həyat yolunu dəyişdi. O, hərbiyə qayıtmaq, işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etmək qərarını verdi. Ailəsinə bildirmədən sənədlərini hazırladı. Müvafiq kursa göndərildiyini, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edəcəyini anasına son anda bildirdi, onun xeyir-duasını aldı.

Hazırlıq kursunu başa vurduqdan sonra Munis Abbaslı 2020-ci ilin avqustundan "N" saylı motoatıcı hərbi hissədə manqanın baş atıcısı kimi xidmətə başladı. Bu zaman artıq Munis ali məktəbə qəbul imtahanında iştirak etmişdi. Lakin imtahanın nəticələrini gözləməmişdi. Anasına isə demişdi ki, atalarımızın başa çatdıra bilmədiyi işi biz sona çatdıracağıq, torpaqlarımızı erməni tapdağından təmizləyəcəyik.

Tələbə adını qazanması haqqında xəbəri Munis müharibə başlayandan sonra, cəbhədə olarkən anasından eşidib. Kəmalə ana deyir: "Qəbulun nəticələri dərc olunan jurnalda Munisin adını görəndə bilmədim nə edim. Bu zaman balam odun-alovun içində idi. Ancaq yenə də zəng vurdum, tələbə adını təbrik etdim. Dedim ki, sağ-salamat qayıdıb təhsil alarsan. Bilmirəm odüşündü, ancaq mən pis olmayım deyə sevindiyini söylədi. Balam Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olunmuşdu".

Munis Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etməklə bərabər, həm də yaralı yoldaşlarına kömək edir, onları döyüş meydanından çıxarırdı. Anası ilə qısa telefon danışıqları zamanı deyirdi: "Qorxma, mənə heçolmayacaq, nəsə olsa belə, yanımda komandirlərim, etibarlı yoldaşlarım var. Biz nə şəhidimizi, nə də yaralını döyüş meydanında qoyuruq. Hər bir halda evimizə qayıdacağam. Salamat gəlsəm,  iki qurban kəsərsiniz.Vətən yolunda şəhid olsam, bunu mənim müqəddəs borcum kimi qəbul edin". Munis döyüşlərin birində yaralansa da, geri çəkilməyib, yenidən cəbhəyə qayıdıb.

Son dəfə ailəsi ilə oktyabrın 13-də danışıb. Ayın 14-də Kəmalə ana ondan heç bir xəbər ala bilməyib. Oktyabrın 15-də isə Munis Abbaslı doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb. Ölümündən sonra Prezidentin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

 

Svetlana BAĞIROVA,

Azərbaycan.-2023.- 8 yanvar.- S.8.

Beyləqan