Milli etirazın təntənəsi

 

Vətəndaş cəmiyyəti fəallarının və gənclərimizin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın başlanmasının bir ayı tamam oldu

 

" ...O gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə qürurla vurğuladığı kimi, Azərbaycan gəncləri Vətən müharibəsində misilsiz şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, indimilli maraqlarımızın təmin olunması naminə Laçın-Xankəndi yolunda əzmlə mübarizə aparırlar. Artıq Laçın-Xankəndi yolundakı etiraz aksiyasının başlanmasının bir ayı tamam oldu.

 

Haqq mübarizəsi

 

2022-ci il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.

Danışıqlara əsasən, dekabrın 10-da Azərbaycan mütəxəssislərinin faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxışı və müxtəlif istiqamətlər üzrə monitorinqi, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, nəzərdə tutulan ilkin baxış və monitorinqə sülhməramlılar süni əngəl yaradıblar.

Buna görə də dekabrın 12-dən Azərbaycanın ictimaiyyət nümayəndələri Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlayıblar. Bir aydır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın  Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimizin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən əksəriyyətini gənclər təşkil edən vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar etiraz aksiyası keçirirlər.

"Ekoterrora son!", "Mina terroruna son", "Ermənilər beynəlxalq konvensiyalara riayət etmirlər!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" kimi şüarlar səsləndirərək gecə-gündüz qara, şaxtaya baxmadan aksiyalarını davam etdirən ekofəallarımız haqlı tələbləri yerinə yetirilənə qədər bu etirazlarından çəkinməyəcəklərini qətiyyətlə nümayiş etdirirlər. Xalqımız isə ötən il dekabrın 12-dən millətimizin ümumi etirazının ifadəçilərinə, vətən sevdalı gənclərimizə, ictimaiyyət nümayəndələrinə yaxından dəstək nümayiş etdirir.

 

Qanunsuz istismar dayandırıldı

 

Vətəndaş cəmiyyətimizin üzvlərinin dekabrın 12-dən Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası qısa müddət ərzində öz nəticəsini verməyə başladı. Belə ki, dekabrın sonlarına doğru,  Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən "Base Metals" şirkəti fəaliyyətini dayandırması ilə bağlı məlumat yaydı.

Məlumatda azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi öz əksini tapmışdı. Qeyd olunmuşdu ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.

Aksiyanın qətiyyətli tələblərindən biribu yoldan hərbi məqsədlər, minaların, silah-sursatın və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinə son qoyulmasıdır. Çünki üçtərəfli Bəyanatda da Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadə edilməli olduğu razılaşdırılıb.

Ermənistan isə hər zaman olduğu kimi, yenə də riyakarlıq edərək, Azərbaycan ictimaiyyətinin haqlı narazılığını nümayiş etdirdiyi dinc etiraz aksiyası barədə, guya, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması kimi qərəzli, böhtanyalan xarakterli məlumatlar yayır.

Lakin Laçın-Xankəndi yolundan hər gün xeyli sayda humanitar yükləri daşıyan avtomobillərin sərbəst keçidi bu iddiaların yalan olmasını bir daha təsdiq edir. Bu həm də onu göstərir ki, ötən il dekabrın 12-dən ekofəalların və könüllülərin iştirakı ilə keçirilən dinc etiraz aksiyası sayəsində Laçın yolundan öz təyinatı üzrə, yalnız humanitar məqsədlərlə istifadə edilməsinə nail olunub. Başqa sözlə, daha Laçın yolundan Ermənistanın hərbi məqsədlər üçün istifadəsinə, Azərbaycana qarşı təxribatlar törətməsinə imkan verilmir.

 

Fransanın BMT rüsvayçılığı

 

Yeri gəlmişkən, Vətən müharibəsində Azərbaycanın qalib gəlməsini hələ də həzm edə bilməyən bəzi ermənipərəst ölkələr, xüsusilə də Fransa ekofəallarımızın Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiyanı erməni yalanlarına uyğun, "Laçın yolunun bağlanması", "humanitar fəlakət" yaşanması kimi təqdim etməyə çalışır. Hətta bu riyakar ölkə bununla bağlı Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə də çalışdı. Ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını istədilər və bu qlobal ali qurum ermənilərin müraciəti və Fransanın istəyi ilə iclas keçirdi. Müzakirələr nəticəsində Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən ermənipərəst mətn hazırlansa da, Fransa istəyinə çata bilmədi, qərəzli və ədalətsiz qətnamə qəbul edilmədi.

Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsi olaraq Fransa BMT TŞ-də rüsvayçı məğlubiyyətə uğradıldı. Fransa-Ermənistan cütlüyünün  Azərbaycana qarşı hazırladığı qərəzli mətn ölkəmizin haqlı mövqeyini dəstəkləyən ölkələr tərəfindən rədd edildi.

 

Ədalətli tələblərimiz tam Zəfər çalacaq

 

 Reallıq budur ki, erməni sakinlərin Laçın-Xankəndi yolundan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də söylədi ki, məqsədimiz blokada deyil. "Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər", - deyə dövlət başçısı bildirib. Dövlət başçısı onu da qeyd edib ki, bizim tələblərimiz tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilirbiz buna nail olacağıq.

Azərbaycan ehtiyac olacağı təqdirdə ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə yardım göstərəcəyini dəfələrlə bildirib. Bu yaxınlarda bir erməniyə yardım edilməsi də buna əyani sübutdur. "Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq", - deyən dövlət başçısı bildirib ki, bu hadisə onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.

Bütün bunlar bir daha göstərir ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin baş ünvanı Azərbaycandır. Ölkəmizdə yaşayan ermənilərin də təhlükəsizliyinin, hüquqlarının təmini ilə yanaşı, yaxşı yaşamalarına şərait yaradılacaq. Eyni zamanda Azərbaycan vətəndaşı olmaq istəməyənlər üçünyollar bağlanmayacaq. Necə ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bildirdi: "...Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır".

Azərbaycan hər zaman ədalətli və haqlı mövqeyini təmin etməyi bacarır, istər hərbi, istərsə də siyasi-diplomatik yolla və Vətən müharibəsi bunun bariz sübutudur. Ötən bir ayda Laçın-Xankəndi yolunda əzmlə davam edən aksiya göstərir ki, vətən eşqi tükənməzdir. Milli mənafelərimizin bərpası naminə Azərbaycan vətəndaş cəmiyyətinin bir yumruq kimi birləşərək qalxdığı etiraz aksiyası da tələblərimizin yerinə yetirilməsi, haqqın və ədalətin qalib gəlməsi ilə nəticələnəcək.  Bu vətəndaş həmrəyliyi bizi bütün tələblərimizin yerinə yetirildiyi qalibiyyətə daşıyacaq.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2023.- 12 yanvar.- S.1; 9.