İqtisadi müstəqilliyin uğur formulu

 

Prezident İlham Əliyev 2023-cü ilin də Azərbaycan üçün düşərli il olacağını vurğuladı

 

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu, 2022-ci ili dəyərləndirdi, cari illə bağlı gözləntiləri, görüləcək işləri açıqladı.

Dövlət başçısı əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində atılacaq addımlar, Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlər, eyni zamanda Azərbaycanın enerji sahəsində gördüyü və görəcəyi işlərə diqqət çəkdi. Prezident həmçinin 2023-cü ilin də ölkəmiz üçün uğurlu keçəcəyini vurğuladı.

 

Prezident Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini açıqladı

 

Dövlət başçısının müsahibəsində münasibət bildirdiyi məsələlərlə bağlı Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında dedi ki, Prezidentin müsahibəsi daha çox geosiyasi ağırlıqlı açıqlamalarla diqqət çəkdi: "Prezident ötən il təkcə ölkəmizdə və regionda baş verənləri dəyərləndirmədi, həm də qlobal təhdid və çağırışlara münasibətdə öz fikirlərini ortaya qoydu".

Deputatın sözlərinə görə, birinci dəfə deyil ki, Azərbaycan Prezidentindən Rusiya-Ukrayna savaşı sonrası dünya düzəninin necə dəyişəcəyi ilə bağlı rəy öyrənilirdi. Amma ilk dəfə idi ki, dövlət başçısı açıq şəkildə BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməli olduğunun, eyni zamanda BMT-də əsaslı islahatların aparılmasının vacibliyi ilə yanaşı, islahat dedikdə Azərbaycanın konkret olaraq nəyi nəzərdə tutduğunu diqqətə çatdırdı: "Haqlı olaraq biz istəyirik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında İslam Konfransı Təşkilatı təmsilçiləri, eləcə də Qoşulmama Hərəkatına sədrlik edən ölkələr də yer alsınlar. Bu, Fransa kimi ölkələrin üzvlükdən sui-istifadə edərək çirkin əməllərə əl atdığı bir dövrdə bizim üçün son dərəcə əhəmiyyətlidir".

Deputat hesab edir ki, Prezidentin bəzi fikirlərinin hədəfi təkcə Ermənistan deyildi: "Dövlət başçısı dedi ki, biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki,  bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Bu sözlərin hədəfi kimi, məncə, Ermənistan hətta ikinci planda dururdu. Müzəffər Ali Baş Komandanımızın başqa dövlətlərə yüz milyonlarla dollar dəyərində silah-sursat sata biləcək bir hərbi sənaye kompleksinin formalaşdırılması ilə bağlı açıqlaması da onu göstərir ki, Azərbaycan regionda davamlı sülhü təmin etmək üçün bütün hazırlıqları görür". Deputatın fikrincə, indi Azərbaycan Ordusu hətta İkinci Qarabağ savaşından əvvəlki dövrdə olduğundan həm kəmiyyət, həm  də keyfiyyətcə daha üstündür.

Sahib Alıyev həmçinin Qərbi Azərbaycanla bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Sosial şəbəkələrdə Qərbi Azərbaycana qayıdışla bağlı bədbin mövqe bildirənlər az deyil. Həmin adamların bir çoxu Azərbaycanı gözü götürməyənlərin tapşırıqlarını yerinə yetirən yaramazlar  onların təsiri altında olanlardır.

Amma Ermənistanı kimlərin öz qanadları altına aldıqlarını, yaxud ona çalışdıqlarını görübbizim öz doğma yurdumuza qayıdacağımızı mümkünsüz sayanlar da var. Ümid edirəm ki, onlar Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qərbi Azərbaycana qayıdışla bağlı açıqlamasından düzgün nəticə çıxaracaqlar. Yeri gəlmişkən, İlham Əliyev həm də həlli mümkün və vaxtı yetişmiş məsələlərdən danışmağın önəmliliyini vurğuladı. Bu da dövlət başçısının Ermənistandan deportasiya olunanların qayıdışını tam real saydığını bir daha ortaya qoyur". S.Alıyev deyib ki, Qərbi Azərbaycana qayıdışla bağlı dövlət başçımızın bu fikirlərini xalqa çağırış kimi də qiymətləndirmək olar: "Fikrimcə, Prezident müsahibəsinin sonunda Laçın yolunda keçirilən aksiya barədə "iki il əvvəl belə bir olayın baş verəcəyini söyləyənə ağılsız kimi yanaşırdılar" deməklə də Qərbi Azərbaycana qayıdışı müşkül sayanlara növbəti mesajını ötürdü. Dövlət başçısı mümkünsüz görünənləri reallığa çevirdiyimizi bir daha xatırlatdı".

Deputat eyni zamanda Prezidentin Zəngəzur dəhlizi, Trans-Xəzər qaz kəməri, eləcə də enerji siyasətimiz və hərbi sənayemiz barədə səsləndirdiyi fikirlərə diqqət çəkdi. Bildirdi ki, dövlət başçısı növbəti dəfə qətiyyətli mövqeyini ortaya qoydu.

"İlham Əliyevin Rusiya sülhməramlı kontingentinin ölkəmizdə qalma müddəti haqqındakı açıqlaması da mühüm əhəmiyyət kəsb edir. Aydın oldu ki, edilən bütün cəhdlərə baxmayaraq, rəsmi Bakı sülhməramlıların suveren ərazilərimizdə qalma müddətini uzatmayacaq.  Bundan sonra nələrin baş verəcəyi isə gün kimi aydındır. Sözsüz ki, Azərbaycan bayrağı altında yaşamaq istəməyənlər  ərazilərimizi tərk edəcəklər. Digər erməni əhali isə Azərbaycan vətəndaşları kimi təhlükəsiz şəkildə, əmin-amanlıq içində bizim suveren ərazilərimizdə yaşaya bilərlər", - deyə deputat bildirib.

 

Prezidentin müsahibəsi 2022-ci il üçün dəyərləndirmə oldu

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verərək çox mühüm məqamlara aydınlıq gətirib və ölkəmizin bundan sonrakı prioritetlərinin nədən ibarət olduğunu səsləndirib. Bu müsahibə 2022-ci il üçün bir dəyərləndirmə oldu. Ölkə Prezidenti müxtəlif istiqamətlərdə səsləndirilən suallara cavab olaraq hər şeydən öncə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra tarixi qələbəmizi siyasi müstəvidə də möhkəmləndirmişik.

Deputat bildirdi ki, keçmiş münaqişə vəziyyətində Azərbaycan haqlı mövqeyindən çıxış edərək nəticəsiz danışıqlara son verdi, hərbi yolla torpaqlarını işğaldan azad etdi: "Təbii ki, həmin dövrdə Azərbaycana münasibətdə bir sıra ölkələrin, dairələrin əsassız mövqelərini müşahidə etmək  ikili standartlar siyasətinin bundan sonra da davam edəcəyini göstərirdi. Azərbaycan Prezidentinin vurğuladığı kimi, biz zaman itirmədən hərbi qələbəmizi dünya ictimaiyyətinə qəbul etdirmək  istiqamətində təsirli addımlar atdıq".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Prezidentinqeyd etdiyi kimi, hər zaman verdiyi sözə əməl edir, bizimlə işbirliyi çərçivəsində olan hər bir layihə uğurla həyata keçirilir. Eyni zamanda Azərbaycan hərbi gücünü davamlı olaraq artırmaqla məşğuldur. Ölkə Prezidenti hərbi sənayenin inkişafına xüsusi diqqət yetirildiyini bildirdi. Bu da Azərbaycanın yeni istiqamətdə ixrac imkanlarının formalaşdırılması və genişləndirilməsi kimi qiymətləndirilməlidir.

Deputat Prezidentin hazırda dünyada silah bazarının boş qaldığını və bu yeri doldurmaq üçün Azərbaycanın real imkanlarının olduğunu dediyini xatırlatdı: "Hazırda Azərbaycan dünyanın 30 ölkəsinə hərbi təyinatlı mallar satır.  Bu da Azərbaycanın geosiyasi imkanlarını daha da artırır".

Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində əməkdaşlıq imkanlarından  da söz açdı. Energetika, ayrıca olaraq bərpaolunan enerji sahəsində ölkəmizin imkanlarının genişlənməsi perspektivlərini xüsusi vurğuladı. Deputat qeyd etdi ki, Orta dəhlizin reallaşdırılması istiqamətində də Azərbaycanın mövqeyini diqqətə çatdıran ölkə Prezidenti bu məsələdə kifayət qədər fəal olduğumuzu vurğulayıb. Bakı həm dəmir yolu, həm quru yolu, həm də dəniz nəqliyyatı imkanlarına malik olmaqla, bütövlükdə böyük coğrafiyada nəqliyyat xəritəsinin mühüm təyinedicilərindən biri rolundadır.

E.Mirbəşiroğlu Prezidentin minimum əməkhaqqı və pensiya artımı məsələsinə münasibətinə də toxunaraq dedi ki, dövlət başçısı bu istiqamətdə növbəti addımların atılacağı anonsunu da verb: "Prezident orta aylıq əməkhaqqının 900 manatı keçəcəyini vurğuladı. Təbii ki, bu onu göstərir ki, ölkənin gəlirləri artdıqca dövlətin sosial-siyasət xətti də gücləndirilir".

 

Zəngəzur dəhlizi Ermənistanın mövqeyindən asılı olmayaraq mütləq açılacaq

 

Dövlət başçısının diqqət yetirdiyi mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsidir. Prezident vurğuladı ki, Ermənistan yenə hardansa dəstək gözləyir, lakin Azərbaycan təkcə bir il ərzində bu ölkənin təxribatlarına cavab olaraq onlara üç dəfə təsirli dərs verib. Ermənistana dəstək olan Fransanın cəhdləri fiaskoya uğrayıb.

E.Mirbəşiroğlu bildirdi ki, Prezident müsahibə əsnasında bir çox məqamlara toxunub və bunları təhlil etməyə zaman gərəkdir: "Cənab Prezident bir daha vurğuladı ki, Zəngəzur dəhlizi Ermənistanın mövqeyindən asılı olmayaraq mütləq açılacaq. Bu həm də elektrik enerjisinin ötürüləcəyi bir dəhliz olacaq. Prezidentin söylədikləri dəhlizin açılacağı ilə bağlı  ümidləri daha da artırıb: "Dövlət başçısı bir məqamı da xüsusi qeyd etdi. Biz heç vaxt reallaşdırılması mümkün olmayan məsələlər haqqında düşünmürük, hər zaman proqram xarakterli addımlar atırıq və real layihələr haqqında düşünürük. Bu mənada Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan təsirli addımlar atmaq imkanındadır və dövlət başçısı bu hədəfimizə də çatacağımıza əminliyini bildirdi".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.- 15 yanvar.- S.1; 5.