Tarixə şahidlik edəcək abidələrimiz

 

 

Tarixi abidələr əsrlərə meydan oxuya-oxuya üzü gələcəyə doğru addımlayır. Yaxşı ki, ölkəmizin ərazisində belə tarixi abidələrin sayı çoxdur.

Zəngilan rayonu da Azərbaycanın özünəməxsus tarixi keçmişə malik olan bölgələrindən biridir. Rayonun ərazisində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə var. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.

Rayonun ərazisində 1974-cü 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən "Şəhri-Şərifan" ya "Şəhri Xəlifan" adı ilə tanınan Orta əsrlər şəhərinin  qalıqlarıdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhərin ətrafında iki qəbiristanlığın olduğu da müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. daşla inşa edilib, əksər hallarda qapı üstü ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfnetmə islam şəriətinə uyğun aparılıb.

Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur.

Aparılan tədqiqatlar zamanı müəyyən edilmiş məlumat faktlar göstərir ki, rayonun indiki inzibati ərazisində ən qədim insan məskənləri mövcud olmuşdur. Ağalı kəndi ərazisindəki yerdənqazma sığınacaqların-kahaların ilk quldarlıq dövrünə aid olduğu barədə ehtimallar vardır. "Ağalı kahaları" adı ilə tanınan bu sığınacaqların bir çoxundan sonrakı dövrlərdə qoyun-quzuların saxlanma yeri kimi istifadə edilib.

Rayonun ərazisində ötən əsrin 60-70-ci illərində təsərrüfat işləri aparılan zaman tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) e. ə. IV-II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. Məşhur coğrafiyaşünas tarixçi Həmdullah Qəzvininin yazdığına görə, rayonun ərazisi həm Araz çayı boyunca şərqdən qərbə, həm Həkəri, Bərgüşad Oxçu çayları boyunca cənubdan-şimala əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir.

Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan "Şəhid Məhəmməd" adlı yerdən tapılan pul əşya qalıqları sübut edir. Ötən əsrin 60-cı illərində bu ərazidə yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə oxların metal bürünc ucluqları, sikkələr s. əşyaların bir qismi qorunub saxlanılmışdır. 1962-ci ildə həmin yerdə tapılan saxsı qabda olan əşyalar üzərində aparılan tədqiqat araşdırmalardan müəyyən edilib ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır.

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan rayonunu erməni işğalından azad etdi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə kənd qəsəbələrlə yanaşı, düşmənin dağıtdığı tarixi abidələrin bərpasına başlanıldı. Hazırda Zəngilan rayonunun mərkəzində tikilən məsciddə son tamamlama işləri aparılır. Əminliklə demək olar ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdəki tarixi abidələrimiz bərpa olunacaq. Xalqımızın qədim keçmişindən xəbər verən bu abidələr yenidən insanların ziyarətgahına çevriləcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.15.