Fransa parlamenti Makron barəsində impiçmentə başlayır

 

 

Florian Filippo: "Prezident öz ölkəsinə nifrət edir onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır"

 

 

 

"Fransa parlamenti ölkə prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişə zonasına Qərb ölkələrindən qoşun göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlarından sonra ona qarşı impiçment elan etməlidir". Bu fikri fevralın 29-da "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində bildirib.

Siyasətçi Fransa parlamentindən Makronun impiçmentini tələb edib və öz səhifəsində bu barədə yazıb: "Parlamentarilərin nəhayət, hərəkətə keçmələri üçün milli petisiya! Konstitusiyanın müharibə ilə bağlı məsələ üzrə səsə qoyulmasını tələb edən 35-ci maddəsi və 68-ci maddə: onun impiçmenti!"

Pariya sədrinin dediyinə görə, hazırkı Fransa lideri öz ölkəsinə nifrət edir və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır. Filippo rəhbərlik etdiyi partiyanın saytında müvafiq petisiya da yerləşdirib.

Qeyd edək ki,  Makron Qərb dövlətlərinin liderlərinin Ukrayna münaqişə zonasına öz hərbi qüvvələrini göndərmək imkanını müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu məsələdə konsensusa gələ bilməyiblər.

"Amerikanın səsi" radiostansiyası xəbər verir ki, Ağ Ev Ukraynaya qoşun yeritməyəcəyini bildirib. İngiltərə, Almaniya, İspaniya, İtaliya, Polşa və Çexiya da Makronun bu ideyasından uzaqlaşıblar.

Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt fevralın 28-də bildirib ki, Paris sammitində iştirak edənlərdən heç biri Makronun Ukraynaya hərbçi göndərmək ideyasını dəstəkləməyib. Onun dediyinə görə, Almaniya kansleri Olaf Şolts bu təklifi yersiz hesab edib. Şolts bir daha əmin edib ki, Almaniya öz ordusunu Ukraynaya göndərməyəcək və NATO münaqişə tərəflərindən birinə çevrilməyəcək. Bundan əvvəl də Almaniya kansleri dəfələrlə oxşar bəyanatlar verib. Öz növbəsində Qərb ölkələri rəsmilərindən biri deyib ki, Makron bəyanatları ilə NATO üzvləri arasında çaşqınlıq və narahatlıq yaradıb. Onun sözlərinə görə, belə bir addım ABŞ-də Ukraynaya təqribən 60 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini çətinləşdirəcək, çünki münaqişənin genişlənməsi qorxusu yaranacaq.

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya hərbi kontingent göndərəcəyi təqdirdə NATO ilə birbaşa hərbi münaqişənin baş verəcəyini qaçılmaz adlandırıb. Kreml nümayəndəsi qeyd edib ki, alyansa üzv ölkələr bu cür hərəkətlərin nəticələrini qiymətləndirməli və bundan xəbərdar olmalıdırlar.

Son məlumata əsasən, Makronun yersiz ideyası Fransanın müttəfiqləri tərəfindən də rədd edilib. Daha sonra onun bu sərsəm təklifinə reaksiyanı yumşaltmaq üçün ölkə rəsmiləri izahat veriblər ki, Makron müharibə ilə əlaqəli diskussiyanı stimullaşdırmaq istəyib və müzakirə olunan ideyalar minalardan təmizləmə, sərhəd təhlükəsizliyi və ya ukraynalı hərbçilərin təlimi kimi funksiyaları yerinə yetirən qeyri-döyüş qoşunları ilə bağlıdır. Fransanın xarici işlər naziri Stefan Sejurne bildirib ki, Ukraynanı dəstəkləmək üçün yeni addımlar nəzərdən keçirilməlidir. Bu addımlar çox konkret tələbatlara cavab verməlidir: "Məsələn, minalardan təmizləmə, kibermüdafiə və yerində, Ukrayna ərazisində silah istehsalı haqqında düşünürəm".

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.12.