Cənubi Qafqaza gələn yol Azərbaycandan başlayır

 

 

Bunu başa düşməyənin başı daşa dəyə bilər

 

 

 

Dünyada nüfuz dairəsi uğrunda gərgin mübarizə gedir. Bu mübarizəni hətta münaqişə adlandırmaq olar. O münaqişə ki, Rusiya-Ukrayna müharibəsi timsalında artıq dünya savaşına keçib.

Türkiyənin tanınmış hərbi siyasi eksperti Metə Yarar bildirir ki, indi üçüncü dünya savaşı bayraq qaldırılmadan aparılır, bir çox ölkələrdə isə bu, müxtəlif terror təşkilatlarının əli ilə həyata keçirilir. O, buna Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərqdə müxtəlif dövlətlərə qarşı terror təşkilatlarının apardıqları silahlı mübarizəni, o cümlədən açıq gizli savaşları misal çəkir. Metə Yarar deyir ki, Rusiya-Ukrayna müharibəsi deyilən bir şey yoxdur, döyüşən birləşmiş Qərblə Rusiyadır.

Məlumdur ki, Emmanuel Makron ciddi siyasətçi deyil. Bu səbəbdən onun bu yaxınlarda NATO-nun Rusiya ilə savaşa girməsi barədə bəyanatı da ciddi qarşılanmadı. İlk növbədə blokun üzvləri onun bu bəyanatına etiraz etdilər. Avropanın iqtisadi lokomotivi olan Almaniyanın Kansleri Olaf Şolts isə NATO-nun Ukraynaya qoşun göndərməsinin "qoca qitə"yə gətirə biləcəyi fəlakətlər barədə xəbərdarlıq etdi. Rusiyanın da buna cavabı gecikmədi. Vladimir Putin açıq şəkildə bildirdi ki, ölkəsinin belə bir halda düşmənə cavab verə biləcək güclü silahları var. Bunu belə də başa düşmək olar: əgər Rusiya üçün təhlükə olarsa, o, nüvə zərbəsi endirməkdən çəkinməyəcək.

Bu gün regionumuzda - Cənubi Qafqazda da geopolik oyunlar gedir. Çünki  bölgəmiz Rusiyanı Cənub cinahdan mühasirəyə almaq, həm də Çin və şimal qonşumuzu əhəmiyyətli ticarət marşrutlarından məhrum etmək üçün əlverişli məkandır. Qərb Cənubi Qafqazda Fransanın vasitəsi ilə möhkəmlənmək istəyir. Hazırda Fransanın Ermənistanı yedəyinə alıb sülh müqaviləsinin bağlanmasına imkan verməməsinin əsas səbəbi də budur. Əvvəlcə bir ovuc ermənini Qarabağa qaytarıb beynəlxalq mandatla bölgəyə gəlməyə cəhd etdi. Amma bu, baş tutmadı. Ona görə də indi hansı yolla olursa-olsun, Ermənistanda hərbi cəhətdən mövcud olmağa çalışır.

Artıq uydurma bəhanə də tapıblar - sən demə, Azərbaycan Ermənistana hərbi təcavüz edib torpaqlarını işğal edəcək. Prezident İlham Əliyev Qərbin bu uydurmasına fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndələrini qəbul edərkən demişdir: "Bu baxımdan Cozef Borelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir".

Qərb 30 ildən çox keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir fayda verməyən "həmsədr institutu"nu "ölməz Kaşşey"ə çevirmək istəyirdi. Lakin 44 günlük Vətən müharibəsi buna imkan vermədi. Savaşdan dərhal sonra Prezident İlham Əliyev həmsədrlərə artıq belə bir instituta ehtiyac olmadığını bəyan etdi. Həm də təkcə bəyan etmədi, buna nail oldu.

İndi isə Avropa Parlamenti Azərbaycanı şantaj etməklə məşğuldur. Bu qurumun heç bir əsası olmadan ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırış etməsi, yumşaq desək, siyasi ədalətsizlikdən başqa bir şey deyil. Amma bu və ya digər qurumun bu və ya digər formada hədə-qorxu və şantajı ölkəmizi haqlı mövqeyindən geri döndərə bilməz. Əksinə, əgər kimsə bölgədə nüfuz sahibi olmaq istəyirsə, Prezident İlham Əliyevin dediyi kimi, "buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidir". Və bilməlidir ki, Cənubi Qafqaza gələn yol Azərbaycandan başlayır.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.6.