"Torpaq vətəndir, ondan üz çevirmək olmaz"

 

 

88 yaşlı biləsuvarlı fermer Lətif Cəfərov bu gün əkib-becərməklə məşğuldur

 

 

 

Kiçik çillədən sonrakı Boz aydır indi. Artıq günlərin uzanmasını, havaların nisbətən qızmasını hiss etməyə başlamışıq. Bu dövr, yəni Novruz bayramına kimi havalar dəyişkən - bir gün qışdan, bir gün yazdan olacaq. Min illərdir belədir. Bəlkə , bu cür "təqvim" kənd adamları - əkin-biçin işləri heyvandarlıqla məşğul olanlar tərəfindən tərtib olunub sınaqlardan keçərək təsdiqini tapıb. Buna görə   fevral ayının ortalarından sonra çırmalanıb yaz tarla işlərinə girişirlər.

Qədim əkinçilik ənənələrini davam etdirən Biləsuvarda da bu belədir. Çünki burada zəhmətə bağlı, ailəsinin ruzisini, dolanışığını torpaqdan çıxaran kənd adamı çoxdur. Lətif Cəfərov onların ən yaşlısı, təcrübəlisidir. Ağlı kəsəndən təsərrüfat işləri ilə məşğul olub, torpaqla sidq-ürəkdən ünsiyyət bağlayıb. Hələ orta məktəbdə oxuyarkən yay tətili zamanı ata-anası ilə birlikdə səhər tezdən pambıq sahəsinə gedib, alaq otlarının vurulmasında, suvarmada yaxından iştirak etməklə gələcəkdə kənd təsərrüfatı işçisi - aqronom olması üçün ömür yolunu müəyyənləşdirib. Bu arzu istəklə orta məktəbi bitirib, Salyandakı Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsinə daxil olub. Aqronom-entomoloq, aqronom, briqadir vəzifələrində çalışıb. Halal zəhməti qazandığı nailiyyətlərlə Biləsuvarda, doğulub boya-başa çatdığı Təzəkənddə sayılıb-seçilib. Sovet dövləti dağılandan sonra da torpaqla ünsiyyətini kəsməyib.

Olub-keçənlərdən, bu gündən söz düşəndə Lətif kişi fikirləşib-eləmədən söhbətə başlayır:

- Hər bir quruluşun, hər bir dövrün, zamanın öz müsbət mənfi tərəfləri var. SSRİ fəhlə-kəndli dövləti idi. Hər kəs pis-yaxşı dolanırdı. Adamlar arasında elə bir fərq, ayrı-seçkilik yox idi. Yaxşı işləyənlərə hörmət edirdilər, ad-san verirdilər. Sosialist Əməyi Qəhrəmanı adı almaq böyük xoşbəxtlik idi. Deputat olmaq, orden medallarla təltif edilmək həmçinin. Mən özüm qabaqcıl pambıqçılıq briqadiri olduğum üçün o zaman bir neçə orden medalla təltif olunmuşam. Qazandığım nailiyyətlərə görə Heydər Əliyev rayonumuza gələrkən iclasda mənə "QAZ-24" markalı minik maşınının açarını verdi. O vaxt üçün bu, böyük mükafat idi. Sözümün canı odur ki, ağlı başında olan adam elə hər dövrdə öz yolunu tapır, yəni doğru-dürüst yaşamağı bacarır. Elə indi , sağ olsunlar, əməyimə qiymət verirlər. Bu ahıl çağımda aldığım "Tərəqqi" medalı ürəyimi fərəh hissi ilə doldurdu.

Lətif kişi söhbətinə azacıq ara verib yenə əvvəlki fikrinin davamına qayıdır:

- SSRİ dağılandan sonra da təsərrüfatdan, torpaqdan əl çəkmədim. Əslində, başqa əlimdən gəlmir. Odur ki, oğlanlarımı başıma yığıb əkin-biçin işi ilə məşğul olmağa başladım. 1996-cı ildə pay torpağını alanda özümü mülkiyyətçi kimi hiss etdim. Düzdür, çox adam torpağın olduğunu qiymətləndirə bilməyib onu dəyər-dəyməzinə satdı. Amma mən belə edə bilməzdim, çünki göbəyim torpaqda kəsilib. Bir müddət keçəndən sonra dövlət başçısının göstərişi ilə pambıqçılığa diqqət artırılanda səhv etmədiyimə bir daha əmin oldum. Torpaqdan ki söz düşüb, bunu deməyə bilmərəm. Çox sağ olsun Prezidentimiz, Allah canını sağ eləsin. Onun Qarabağı ermənilərdən geri alması nəyə desən, dəyər. Bu, Azərbaycanın tarixində görünməmiş bir qəhrəmanlıqdır. Odur ki, bizim üçün torpağın qiyməti yoxdur, o vətəndir, ondan üz çevirmək olmaz. Üstəlik, yaxşı qulluq etsən, istəsən, sənə verəcək. Belə götürəndə indi dünyada baş verən müharibələrin mərkəzində torpaq durur. Güclülər onu işğal, sahibləri isə müdafiə edirlər. başınızı ağrıdım, torpaqlar bölünəndən sonra oğlanlarımı da yanıma aldım, öz təsərrüfatımızı qurduq. Rayonda hamı bilir mənim pambığa olan münasibətimi.

- , mən bilirəm, - deyirəm, - Sizə "pambıq Məcnunu" deyirlər.

- Deməli, bu söz sizə gəlib-çatıb? Əvvəla, pambıqçılıq gəlirli sahədir. Sonrası da növbəli əkin üçün lazımlı bitkidir. Çünki pambığın yerinə əkilən taxıl ya digər kənd təsərrüfatı bitkisi yüksək məhsul verir, xəstəliklərə qarşı davamlı olur. Dediyim kimi, bu üsulu tətbiq etməklə biz məhsuldarlığı ildən-ilə artırmışıq. Sahələrin hamarlanmasını, ona üzvi gübrələrin, yəni "yanmış" peyinin verilməsini yaddan çıxarmamışıq. Bunlara görə keçən ilin payızında əkdiyim 70 hektar buğda sahəsində, maşallah olsun, yaxşı bitiş var. Qış aylarında kollanma əmələ gəlib. Bu o deməkdir ki, bir kökdən bir neçə boru yaranıb sünbül verəcək. Beş-altı gündür ki, həmin sahələrə karbamid gübrəsi verməyə başlamışam. Qurtaran kimi suvaracam. Allah eləsin, yağış da yağsın. Yaz yağışının xeyri var. Həm çöl-bayırda ot əmələ gəlir. Mal-qara, qoyun-quzu yeyib istədiyin qədər süd verir. Builki təsərrüfat ilindən yüksək məhsul gözləyirik. Yanvar ayında rayon ərazisinə iki dəfə qar düşdü. Bu, bolluq olacağından xəbər verir. Pambığa gəldikdə isə, bu il 20 hektar əkməyi planlaşdırmışam. Hələ keçən ilin yayında taxılı biçib şum qaldırmışam. Ümid edirəm, yaxşı olacaq.

Lətif kişi söhbət zamanı onu da dedi ki, kəndli, fermer ətə, südə, yağa, yumurtaya pul verməməlidir: "Qapısında, təsərrüfatında mal-qara, toyuq-cücə saxlamalıdır. Öz ailəsinin tələbatını ödəməklə bərabər, artığını satmalıdır. Amma bazara təmiz, halal məhsul çıxarmalıdır. Torpağa haram qatmaq olmaz. Belə söhbətləri, sözləri yeri gələndə bütün fermerlərə deyirəm, cavan fermerlərə, təsərrüfatçılara yaxşı məsləhətin zərəri var?!"

 

Seyran CAVADOV,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.9.