Doğrudanmı
biz bu qədər
kasıbıq?!
Bu il Zəfər müharibəsinin
dörd ili tamam olacaq!
* Dördüncü ildir ki, otuzillik
işğala son qoymuşuq!
* Dördüncü ildir ki, qalib
xalq, qalib dövlət adını fəxrlə daşıyırıq!
* Dördüncü ildir ki, "məcburi köçkün"
adını tarixin arxivinə verərək
"qəhrəman vətəndaş"
statusunu qazanmışıq!
Alnımız açıq,
üzümüz ağ,
dilimiz uzun, milli mənliyini geri qaytarmış xalqıq!
Bütün bunlara
Prezident İlham Əliyevin rəhbərliyi
və sərkərdəliyi
ilə nail olmuşuq!
* Bütün dünya
44 günlük Zəfər
müharibəsini XXI əsrin
müharibələr tarixində yeni səhifə kimi qəbul edib.
* Bütün dünya
44 günlük Zəfər
müharibəsini "nümunəvi"
müharibə hesab edərək Azərbaycanın
tətbiq etdiyi strategiya və taktikanı öyrənir,
nəticə çıxararaq
öz ordularında islahatlar aparır.
Başqa sözlə,
bizdən güclülər
və imkanlılar həvəslə bizdən
öyrənir, yeniliklərimizi
tətbiq edirlər.
* Bütün dünya
44 günlük Zəfər
müharibəsində keçilməz
cığırlardan keçərək, sıldırım
qayalara dırmaşaraq,
çiyinlərində ağır
yük daşıyaraq,
ağır artilleriyanın,
zirehli texnikanın,
PUA-ların imkanlarından
bəhrələnmədən, demək olar ki, yalın əllə Şuşa kimi qala şəhərini alan xüsusi təyinatlılarımızın qeyri-adi igidliyini və rəşadətini
qəbul edir və heyrətini gizlətmir!
44 günlük Zəfər
müharibəsinin müəllifi
və sərkərdəsinin,
qələbələrimizin təşkilatçısının
cənab İlham Əliyev, zəfərimizin
təminatçılarının qəhrəman əsgər
və zabitlərimizin,
şəhid və qazilərimizin olduğunu hamı etiraf və qəbul edir!
* İlham Əliyev
hazırda fəaliyyətdə
olan dövlət başçıları sırasında
yeganə Ali Baş Komandandır ki, ləyaqətli müharibə aparmaqla tam və qəti
qələbə qazanıb!
* İlham Əliyev
beş əsrlik Azərbaycan tarixinin yeganə sərkərdəsidir
ki, itirilmiş torpaqları geri qaytarıb!
* İlham Əliyev
iki əsrlik "Qarabağ problemi"ni müharibə yolu ilə həll edən yeganə sərkərdədir!
* İlham Əliyev
yeganə dövlət
başçısıdır ki, separatizmin kökünü kəsməyi,
öz ərazisini separatçılardan büsbütün
təmizləməyi bacardı,
onun modelini yaratdı!
Həm də mülki əhaliyə, mülki obyektlərə heç bir tələfat
və zərər yetirmədən!
Bu gün Azərbaycan ərazisində
cəmi 6 separatçı
qalıb ki, onlar da məlum
yerdə "çay
içirlər".
Son iki əsr ərzində dünyanın heç bir yerində heç bir dövlət başçısı,
ordusu və xalqı belə möhtəşəm zəfər
çalmayıb!
Bunu tək biz yox, hamı
bilir və qəbul edir!
***
Torpaqlarımızı işğalçılardan təmizləyərək,
ərazi bütövlüyümüzü
və suverenliyimizi
tam bərpa edərək mümkün olmayanı gerçəkliyə çevirmişik!
Amma ötən
üç-dörd ildə
bu möhtəşəm
Zəfərin, qəhrəman
sərkərdə və
oğullarımızın şücaətini,
igidliyini, qeyrət və mərdliyini əks etdirən bədii əsər, bədii film yaradıb ortaya qoymamışıq.
Qəribədir, həyatda
olanlar bədii əsərlərdə və
filmlərdə yoxdur!
Televiziya kanalları
çoxsaylı verilişlər,
sənədli filmlər,
dəyərsiz seriallar,
müxtəlif kompozisiyalar
hazırlayaraq (kefiyyətdən
danışmırıq) nümayiş
etdirirlər.
Adətən, belə
çəkilişlərin ömrü ekranda göstərildiyi müddət
qədər olur.
Telearxivin necə
"qorunduğuna" isə
sovet dövrü arxivlərinin saxlanılmasında
şahid olduq.
Ermənilərin Cənubi
Qafqaza köçürülməsinin
150 illiyindən bəhs
edən telefilmlərin
və digər çəkilişlərin başına
elə daş salmışlar ki, biri də tapılmayıb!
İndiyədək qəzetlərdə
söhbət açılan
mövzularda müxtəlif
yazılar və materiallar getsə də, artıq qəzetlərin özlərini
də "tarixin arxivi"nə verməyə
hazırlaşırıq.
Bunlar da qəzetlərlə birlikdə
yoxa çıxacaqdır!
Qalır bədii
əsərlər və
kino çəkilişləri.
***
Tarix, adətən,
sənədlərdə, arxivlərdə
qorunub saxlanılır.
Müasir dövrdə,
gündəlik həyatda
isə bədii əsərlərdə, kino
lentlərində yaşayır.
Tarixin gerçəkdə
yaşadılmasının, yaddaşlara həkk olunmasının ən yaxşı və sınanmış yolu hadisələri əks etdirən bədii əsərlərin yaradılması,
maraqlı ssenarilər
yazılaraq bədii filmlərin çəkilməsidir.
Yazıçı tarixi
hadisəni, faktı yaratdığı insan obrazlarında təsvir etməklə, ətə-qana gətirməklə sevdirməyi
və yaşatmağı
bacarır.
Bədii filmlər
yaddaqalan qəhrəman
surətləri yaratmaqla,
emosional və gərgin səhnələr çəkməklə beynimizə və yaddaşımıza uzunmüddətli
təsir göstərir.
Bütün bunlar
hisslərimizə təsir
edir, qəlbimizdə özünə yer tapır, hafizəmizə həmişəlik həkk
olunur.
Həm də bir yox, sonrakı
nəsillərin də sevgi və yaddaşına çevrilir!
Bədii əsərlərin
və kinofilmlərin əlçatanlığı rahat,
ömürləri uzun,
auditoriyaları çox
geniş olur!
Hər il bir neçə dəfə faciəli günlərimizi və fəlakətli tarixlərimizi qeyd edirik.
"Fəryad" və
"Dolu"
filmləri vasitəsilə
yaddaşları təzələyirik.
Hər iki film işğal məşəqqətlərindən və məğlub olduğumuz müharibədən
bəhs edir.
Bəs qalibiyyətimizi
nə vaxt bədii əsərlərdə
və filmlərdə
görəcəyik?
Yeri gəlmişkən
xatırladıram ki, yazıçı Aqil Abbas "Dolu"nun ikinci hissəsini, hətta yeni filmin ssenarisini yazdığını bildirir.
Bəs nəyi
gözləyirik?
Yazanımız və çəkənimiz
yoxdur, yoxsa pulumuz?!
***
Yazıçı, dramaturq,
ssenarist sarıdan
müəyyən çətinliklər
yaşanır.
Bunun I Qarabağ
müharibəsində şahidi
olduq!
Qələm sahibləri
əvvəlcə bir neçə povest, roman, dram əsərləri
yazsalar da, sonra başımızın
altına yastıq qoydular ki, "əsl sənət əsərləri müharibədən
bir qədər keçdikdən sonra yaranacaqdır!"
Müharibədən nəinki bir qədər, hətta bir müharibə də keçdi!
Amma hələ
də "şedevr"lər
yoxdur!
Yazıçılarımızın
"köhnələr"i qocalıb, cavan qələm sahiblərinin
isə iddiaları istedadlarından
çox-çox yekədir!
Hər şey istəsələr də,
hələ ki ortalığa bir şey qoya bilməyiblər...
Zaman isə gedir...
Amma heç də ümidsiz deyilik!
Həm də görünür onları
ətalətdən qurtararaq hərəkətə
gətirmək üçün
aidiyyəti dövlət
qurumlarının özləri
də ətalətdən
qurtulmalıdırlar.
Nəyi nəzərdə
tuturuq?
***
Bəzən elə məsələlərdə laqeyidlik,
soyuqqanlılıq və
biganəlik göstəririk
ki, sağlam ağıla
sığışdırmaq çətinlik törədir.
Bütün paslı
qıfılları açan
ən universal açar
"iqtisadi açar"dır!
Hər işin
uğurunun da əsas təminatçısı maddi
vəsaitdir.
Heç cürə
anlamaq olmur - nə üçün müvafiq nazirliklər, komitələr, qurumlar artıq problemə çevrilmiş bu məsələ ilə məşğul olmur, onun həllinə vəsait "tapmırlar"?
Yazıçı, ssenarist
yazmırsa, yazmaq istəmirsə, hər il böyük məbləğdə
mükafat ayırmaqla
müsabiqələr keçirmək
olmazmı?!
Qoy bir il, iki il zəif əsərlər yazılsın,
qoy mükafat o qədər də uğurlu olmayan ssenarilərə
verilsin...
Nə olar, sonda istədiyimizə nail ola bilərik.
Əgər özümüz
çəkə bilmiriksə,
yaxşı ssenari, rejissor, lap olsun aktyor yoxdursa, onda "Hollivud"a sifariş verib Zəfərimiz barədə
dünyaya səs salan film çəkdirə
bilmərikmi?!
* Axı
hər şey pulun başındadır!
* Axı
bir çox ölkə bu yol ilə gedərək
böyük uğur qazanıb!
* Axı
bu Zəfərə çatmaq üçün
uzun illər ərzində milyardlarla
pul xərcləmişik!
Gəlin bir qədərini də onun tərənnümünə
sərf edək də!
Dünya dağılar?!
Kasıb düşərik?!
Azərbaycan möhtəşəm
qələbəsi ilə
dünyada yenidən tanındı və yüksəldi, yeni imic sahibi oldu!
Gəlin bu imicimizi daha da zənginləşdirək
də!
Bu, xəsislik ediləsi məsələ
deyil axı!
* Xocalı, Qaradağlı,
Başlıbel soyqırımları
baş verdi, onlarla qoca, qadın,
uşaq qətlə yetirildi;
* 20-25 il ərzində
minlərlə insan çadır şəhərciklərində,
yataqxanalarda, ictimai binalarda ən ağır şəraitdə
yaşadı;
* Dörd minədək
insan itkin düşdü, analar illərlə yol gözləyərək övladlarının
öldü-qaldısından xəbər tuta bilmədilər;
* Mülki əhaliyə
qarşı olmazın
vəhşiliklər törədildi,
bu gün də yeni-yeni kütləvi məzarlıqlar
aşkara çıxarılmaqdadır;
* Düşmən bir
milyondan çox "ölüm toxumu" səpərək, mina tələləri quraraq
yüzlərlə mülki
insanın ölümünə,
əlilliyinə bais olur, hələ indiyədək də həqiqi mina xəritəsini təqdim etmir.
Niyə bunları
bədii əsərlərə
və filmlərə çevirib dünyaya təqdim
etmirik?!
Yaxud başqa bir misal.
"Azərbaycan" qəzeti bir yaradıcı kollektiv olaraq müstəqil dövlətimizin inkişafı,
iqtisadi, siyasi, mədəni-mənəvi uğurları
ilə bağlı
20-dən çox kitab
nəşr etdirmişdir.
Ən uğurlu
kitabımız isə (qeyri-təvazökarlıq
olmasın)
"Heydər Əliyev
mənim həyatımda" ikicildliyi olmuşdur.
Qeyd edək ki, indiyədək Ulu
Öndərimizin Azərbaycana
rəhbərliyinin hər
iki dövrü ilə bağlı siyasi və quruculuq istiqamətli saysız-hesabsız kitablar yazılmış və bundan sonra da
yazılacaqdır!
Lakin onun xeyirxah insan kimi böyüklüyünü
əks etdirən, ən çətin anlarında adamlara arxa durub kömək
edən, cavanları oxutduran, sonra vəzifə pillələri
ilə irəlilədən, ağır
xəstəliyə düçar
olmuş insanları müalicə etdirərək ömrünü
uzadan, əmək adamının zəhmətini
qiymətləndirən, onları
mənzillə, fərdi
təqaüdlə təmin
edən saysız-hesabsız addımları
olmuşdur.
İkicildlikdə belə
insanların minnətdarlığını
əks etdirən xatirələr toplanmış,
Ulu Öndərimizin bir insan kimi
xeyirxah obrazı çoxsaylı
yazılarla təsvir
olunmuşdur.
Bu gün yenidən elə bir kitabı ərsəyə gətirmək
istəsək, artıq
mümkün deyil!
Çünki xatirə
müəlliflərinin bir
çoxu - Ulu Öndər Heydər Əliyevlə orta məktəbdə birgə
oxumuş uşaqlıq
dövrünün yaxın
dostları Zərqələm
xanım, Füruzə
xanım, Dövlət müəllim və başqaları artıq həyatda yoxdurlar.
"Heydər Əliyev mənim həyatımda"
kitabının rus,
ingilis, ərəb dillərində nəşr
olunması üçün iki mötəbər quruma və nazirliyə müraciət etdik.
Çünki özümüzün
buna imkanımız çatmırdı.
Söz verənlər
olsa da, əməli işi görmədik!
Buna nə ad qoyaq, indiyədək
tapa bilməmişik!
***
Erməni özünə
yalançı tarix yazır, qondarma "soyqırım"ları düzəldir,
hamını ona inandıra bilir.
Biz isə olanları, etdiklərimizi
və bizə edilənləri ortaya çıxarmağı bacarmırıq!!!
Heç olmasa bədii əsərlərdə
və kino lentlərində.
Həm də hadisələr o qədər təzə-tərdir
ki, bütün dünyanın gözü
qarşısında baş
verib, nə sənədə ehtiyac var, nə də
arxivlərə müraciət
etməyə.
Bəs çatmayan
nədir, niyə özümüzə, bu gün yaranan tariximizə,
xalqın qəhrəmanlığının
gələcək nəsillərə çatdırılmasına
bu qədər biganəyik?
Axı bu yolda iki dəfə Vətən
müharibəsi aparmış, birlikdə 23 mindən çox şəhid vermişik, minlərlə
qazilərimiz var.
Heç olmasa onların xatirinə bir addım ataq!
Bəlkə pulumuz yoxdur, tarixinin ən qüdrətli dövlətini
yaradan Azərbaycanda tarixi əbədiləşdirməyə
vəsait tapılmır?
Kim buna inanar?
Belə çıxır
ki, bu barədə də göstərişi yalnız
Prezident verməlidir?
Bəs bizim vətəndaş mövqeyimiz?
Bəs bizim vətənpərvərliyimiz?
Bəs bizim vəzifə
borcumuz, məmur məsuliyyətimiz?
Axı bunlar edilməlidir
və kimlərsə bu işlərlə məşğul olmalıdır!
Daha səbir etdik, gözlədik, yetər!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2024.-
5 mart, ¹ 50.- S.7.