"Ocaq çərşənbəsi" - Günəş ucalıq rəmzi

 

 

Od çərşənbəsi Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə , insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə ikinci çərşənbə od ilə bağlanır.

Bu çərşənbə "Üskü/Üsgü çərşənbə", "Üskü gecəsi", "Adlı çərşənbə", "Ocaq çərşənbəsi", "Atəş çərşənbə", "Xıs çərşənbə", "Xızır çərşənbə" adları ilə tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq gözəllik gətirir. Od Günəş ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. Azərbaycanda Tunc dövrü dini əqidələrindən biri Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə-oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi andıran müxtəlif vasitələrdən istifadə edərək qəbri işıqlandırdıqlarına inanmışlar. "Qəbrin nurla dolsun" ifadəsini bu ayinlə bağlamaq olar.

Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da "ocaq" adlandırmışlar. Ocağa and ən güclü etibarlı mövqe hesab olunmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: "Günəş haqqı, Od haqqı"- demişlər. "Odu su ilə söndürmək olmaz", "Od çərşənbəsində ocağı boş qoymazlar" kimi ifadələr əcdadlarımızın inanclarından doğmuşdur. "Oddan pay olmaz" - demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar. 

 

 

 

Atəş tanrısı odu ocağı qoruyur

 

 

 

Digər inanca görə isə, çərşənbə axşamı təndirlərdəki, soba manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan  əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab etmişlər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın "haradan gəlirsən" sualına "toydan-bayramdan gəlirəm", " gətirmisən" sualına isə "şadlıq, salamatlıq" cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.

Gün doğmadan evdən çıxıb qayıdana kimi "lal olmaq" adəti bu çərşənbənin ayinlərindəndir. Rituala görə, ev sahibi xoruz banı eşitmədən, bir kimsəylə danışmadan evdən çıxar, bağçadakı fındıq ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd-nəzərdən, bədxah ruhlardan qoruma gücündə olur.

Atəş tanrısı odu ocağı qoruyur. Od insanı yaşadığı yerə-yurda, el-obaya bağlayır. Babalarımız insanın məskən saldığı yerə  ocaq demişlər. Ocaq evin, soyun davamını təmsil edir. Atəşə su tökülməz, ona pis söz deyilməz. İnanclara görə, insan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər.

Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyrin qələbə çalacağına inam ifadə olunur. Ulularımız od, ocaq qarşısında səcdəyə durmuş, ətrafında oyun ayinlər icra etmişlər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında "yallı" gedən insan təsvirləri bunun bariz nümunəsidir. Od çərşənbəsində bir çox mərasimlər keçirilir.  Odla bağlı ritual mərasimlər sakral mahiyyət daşıyır. Hələ qədim dövrlərdən insanlar ocağı qoruyub, oda hörmət etmişlər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olmuşdur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini Od çərşənbəsində icra olunur.

Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.

Bu çərşənbədə kifayət qədər ocaqla, odla bağlı ayinlər icra olunur. Tonqal qalama  mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq həmin böyük tonqalın yanına gedib oradan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir.

 

Pərdə aldım, tül oldu,

Taxılım sünbül oldu.

İkinci çərşənbənin

Eldə adı kül oldu.

 

Bu çərşənbədə keçirilən qədim mərasimlərdən olan "pülənbəri" ya "yanar körpü" zamanı  qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurar, "Çalış, alış tonqalım, yeddi qarış tonqalım, qoy alovun gur olsun, üzümüzə nur dolsun" bu kimi nəğmələr oxuyarlarmış. Uca bir təpə başında quru ağac kötüklərdən aşırımlı körpü düzəldilərək  od vurulmuş, "yanar körpü" altından bütün kənd əhli, mal-qarası, toyuq-cücəsi keçirilərmiş. "Aynaçəkmə/aynaçağırma" mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb "hurrey" çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilmişdi.

 

 

 

Oda olan inam

 

 

 

Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Əcdadlarımız inanmışlar ki, yaş acı tüstülü ağacdan tonqal qalayan adama sədəm toxunar.  Tonqal quru odun, kol-kos ya çırpıdan hazırlanmalı, tikan təmiz ağac budaqlarından çatılmalıydı.  İnanmışlar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmirlər. Bəzi bölgələrdə tonqala üzərlik atarlarmış. Bununla da bəd-nəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı azar-bezarı "öldürürlər". Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır deyir: "Ağırlığım, uğurluğum odda yansın". Tonqalın yandırılması həmin ilin isti bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır.

 

Mən aşiqəm, çökərlər,

Sındırarlar, sökərlər.

Novruzda ağırlığı,

Tonqal üstə tökərlər.

 

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam  ayrılır. Çalışırlar ki, süfrənin küncündə kimsə oturmasın. Əcdadlarımız inanırmışlar ki, ölənlərin ruhları küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanmışdır.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində   süfrələr bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər.  İnanca görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər "ocaq yanar, qazan qaynayar", il bərəkətli olar.

 

Səhər ORUCOVA,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2024.- 5 mart, ¹ 50.- S.10.