Azərbaycan və Rusiya arasında
ikitərəfli münasibətlər daim yüksək xətlə
inkişaf edir
Prezident
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr
müavinini və Dövlət Dumasının komitə sədrini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də
Rusiya Federasiyası Federasiya Şurasının sədr
müavini Konstantin Kosaçovu və Dövlət
Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə
əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, Konstantin Kosaçov Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurasının sədri Valentina Matviyenkonun və
Rusiya Federasiyası Federal Məclisinin Dövlət
Dumasının sədri Vyaçeslav Volodinin salamlarını
dövlətimizin başçısına və birinci
xanım Mehriban Əliyevaya çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Valentina Matviyenko və
Vyaçeslav Volodinə çatdırmağı xahiş
etdi.
VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun yüksək səviyyədə təşkil
olunması ilə bağlı dövlətimizin
başçısına təbriklərini çatdıran
Konstantin Kosaçov bu tədbirə böyük beynəlxalq
marağın olduğunu vurğuladı. Qonaq Forumda Azərbaycan
Prezidentinin dərin məzmunlu
çıxışının önəmini qeyd etdi və
bildirdi ki, dövlətimizin başçısının
çıxışında Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması, Qoşulmama
Hərəkatının fəaliyyəti, neokolonializm və
digər mövzular barədə fikirləri müasir şəraitdə
böyük aktuallıq kəsb edir. Konstantin Kosaçov
vurğuladı ki, Azərbaycanın beynəlxalq səviyyədə
çox layiqli yer tutması sevinc doğurur və bu da öz
növbəsində Azərbaycan-Rusiya ikitərəfli
münasibətlərində vacib amillərdən birinə
çevrilir. O, Prezident İlham Əliyevin bu yaxınlarda
Moskvaya səfərinin çox uğurlu keçdiyini qeyd etdi.
Konstantin Kosaçov Azərbaycanın iqtisadi, sosial və digər
sahələrdə böyük uğurlar
qazandığını deyərək Bakıya hər dəfə
gələrkən paytaxtımızda gedən böyük
inkişaf proseslərinin şahidi olduqlarını bildirdi.
Dövlətimizin
başçısı beynəlxalq dialoq sahəsində
mühüm platformalardan birinə çevrilən VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda Rusiyanın yüksək səviyyəli nümayəndə
heyəti ilə təmsil olunmasından məmnunluğunu ifadə
etdi.
Prezident
İlham Əliyev bu yaxınlarda Moskvaya səfərinə
toxunaraq həmin səfərin çox səmərəli
olduğunu və müttəfiqlik münasibətlərimizin
strateji xarakterini bir daha nümayiş etdirdiyini
vurğuladı.
Dövlətimizin
başçısı Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə
Moskvada dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşünü
xüsusi vurğuladı. Görüşdə
hələ sovet dövründə bu layihənin əleyhinə
çıxış edən
bəzi qüvvələrin
olmasına, çoxsaylı
texniki, bürokratik və təbii maneələrə baxmayaraq,
Ulu Öndər Heydər Əliyevin
SSRİ rəhbərliyində çalışdığı zaman Baykal-Amur Magistralının həyata
keçirilməsində müstəsna
xidmətlərinin qeyd
edildiyini məmnunluq hissi ilə bildirdi.
Prezident İlham
Əliyev Azərbaycanla
Rusiyanın iki qonşu dövlət kimi bir-birinə qarşılıqlı dəstək,
hörmət, ikitərəfli
və çoxtərəfli
məsələlərin həlli
ilə bağlı maksimal qarşılıqlı
fəaliyyət göstərdiklərini
vurğuladı. Azərbaycan
Prezidenti qeyd etdi ki, Rusiya
təhlükəsizliyin təmin
olunması məsələsində
təkcə regionda deyil, daha geniş
məkanda mühüm
rol oynayır. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin daim
yüksələn xətlə
inkişaf etdiyini deyərək bunu Cənubi Qafqazda, daha da geniş
coğrafiyada regional inkişafın mühüm
amili kimi dəyərləndirdi.
Dövlətimizin başçısı
Azərbaycanın Qoşulmama
Hərəkatına 4 illik
rəhbərliyi zamanı,
eləcə də hazırda bu təsisatın “sədrlik
üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış etdiyini
bildirərək, vacib
məsələlərlə, o cümlədən neokolonializmlə
bağlı böyük
səylər göstərdiyini
vurğuladı. Prezident
İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm
də ölkəmizdən
kənarda bu mövzu ilə əlaqədar tədbirlər
keçirdiyini bildirərək
bundan sonra da neokoloniazatorların keçmişdə və
müasir dövrdə
törətdiyi cinayətlərin,
onların digər ölkələrə və
xalqlara qarşı həyata keçirdikləri
ikili standartlarının
aşkarlanması istiqamətində
səylərini davam etdirəcəyini dedi.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın
hərtərəfli inkişafından
məmnunluq ifadə olundu. Ötən il Ulu Öndər
Heydər Əliyevin
100 illiyi ilə əlaqədar Rusiya Dövlət Dumasının
inzibati binasında Dumanın sədri Vyaçeslav Volodinin iştirakı ilə sərginin təşkilinin
əhəmiyyəti qeyd
edildi.
Son dövrlərdə
Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın inkişafından və Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasından
məmnunluq ifadə olundu, iki ölkənin
şəhərləri arasında
uçuşların sayının
artması müsbət
amil kimi qiymətləndirildi. Dövlətimizin
başçısı bildirdi
ki, COVID-dən öncəki turizm sayının və göstəricilərinin bərpa
olunması artıq realdır.
Söhbət zamanı
Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa toxunuldu,
bu xüsusda ölkəmizdə rus dilinə göstərilən
qayğı və məktəblərdə rus
dilinin tədrisi vurğulandı.
Görüşdə Şimal-Cənub Nəqliyyat
Dəhlizinin inkişaf
perspektivləri ilə
bağlı da fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.2.