Bakı qlobal problemlərin həlli mərkəzinə çevrilib

 

 

"Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi deməyə əsas verir ki, Azərbaycan bəşəri problemlərə biganə deyil. Tədbirdə 110 ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etməsi də forumun qlobal əhəmiyyətinin bir daha nümayişi oldu".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Deputat bildirib ki, bu forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunun bir daha bütün dünyaya sübutu olmaqla yanaşı, Bakının beynəlxalq münasibətlər sisteminin aparıcı aktor kimi mövqelərinin möhkəmlənməsinə də şərait yaradacaq. Forumun Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Hər zaman bəşəri dəyərləri müdafiə edən, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən Bakı məhz belə tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu milli sərhədləri aşan aktual qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 110 ölkənin foruma qatılması onun mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə edildiyi çox mühüm beynəlxalq platforma olduğunun təsdiqidir.

Deputat qeyd edib ki, belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində oynadığı strateji rolun əhəmiyyətini bir daha nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan həqiqətlərinin də qlobal müstəvidə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına və zəruri müzakirələrin aparılmasına şərait yaradır. "Forum xüsusilə də Azərbaycanın 44 günlük müharibəsindən sonra yaratdığı postmüharibə reallıqlarının daha yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək müzakirələrin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Forumda Prezident İlham Əliyev Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə diqqət çəkdi. Prezidentin sözlərinə görə, XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan verilməməlidir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, məcburi assimilyasiyaya aparır və buna son qoyulmalıdır", - deyə Rəşad Mahmudov əlavə edib.

Komitə sədrinin müavini bildirib ki, dövlət başçısı Azərbaycanın çoxtərəfliliyə qəti şəkildə sadiq olduğunu diqqətə çatdırıb. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq QH-nin təsisatlanmasının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Ermənistanla sülh sazişinə dair danışıqlara da toxunub. Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişi layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident İlham Əliyev bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını bildirib. Dövlət başçısı forum iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistan müsbət tendensiyadadır, sülhə doğru gedirlər.

R.Mahmudovun sözlərinə görə, Azərbaycan Prezidenti forumun mahiyyətindən irəli gələn məsələlərə geniş və əsaslı təhlillə toxunaraq öz sistemli nitqində açıq şəkildə bəyan edib ki, biz XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan vermərik: "Bu mövqenin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan tərəfindən ifadə olunduğunu bildirən dövlətimizin başçısı hansısa ölkəyə qarşı yox, ədalətə, beynəlxalq hüquqa zidd məsələlərə qarşı olduğumuzu bildirdi. Bakıda keçirilən forum dünya mediasının diqqət mərkəzindədir. Belə mötəbər tədbirə evsahibliyi etməklə Azərbaycan dinlərarası əlaqələrin qədim ənənələrinə malik olduğunu dünyaya nümayiş etdirir, eyni zamanda bəşəriyyətin ayırıcı yox, birləşdirici meyillərə üstünlük verməsinin önəmini vurğulayır".

Deputat qeyd edib ki, bu gün dünyanın sülhü qorumaq, harada sülh yoxdursa, onu qurmaq və mədəni müxtəlifliyi müdafiə etmək üçün konstruktiv dialoqa ehtiyacı var. Ölkəmiz də məhz bu bəşəri vəzifələrin müzakirə olunduğu və müvafiq qərarlar qəbul edildiyi mühüm məkana çevrilib. Sirr deyil ki, Prezident İlham Əliyevin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş siyasəti bu önəmli vəzifələrin yerinə yetirilməsinə istiqamətlənib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.8.