Ermənistanda kilsə revanşistlərə dəstək verir

 

 

Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. 

Əsas niyyət iqtidara  qarşı müqavimət itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc  yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir. Görünən isə odur ki, Xocalı soyqırımını törədənlər son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planları heç asan olmayacaq. Hökumət əleyhinə etiraz aksiyaları mediada təqdim edildiyi qədər genişmiqyaslı deyil.

Azərbaycan Ermənistan arasında delimitasiya demarkasiya prosesinin Ermənistan cəmiyyətinin müəyyən bir qismi tərəfindən etirazla qarşılanması, bununla yanaşı, bu aksiyalarda daha çox erməni din adamlarının adının hallanması, əslində, iki ölkə arasında aparılan danışıqları hərbi-siyasi, diplomatik kontekstdən çıxarıb dini aspektlərə yönəltmək cəhdidir. Xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin indi din xadimlərindən vasitə kimi istifadə etməsi açıq-aydın ortadadır. Burada əsas məqam da bu yürüşə erməni keşişin başçılıq etməsidir.

Hayastanın hazırkı baş naziri Nikol Paşinyanın İrəvanda kifayət qədər güclü, istər siyasi tərəfdarlarının çoxluğu, istərsə geniş maliyyə imkanlarına malik olmaq baxımından xeyli sayda rəqibi mövcud olduğu halda, Azərbaycanla sərhəddə yerləşən bir inzibati rayonda yaradılmış "Vətən naminə Tavuş" hərəkatının Kirants (Xeyrimli) sərhəd kəndindən İrəvana yürüşə başlaması təsadüf deyil.

Bu günlərdə növbəti dəfə Nikol Paşinyanın danışıqlar prosesində Almatı Bəyannaməsini əsas götürdüyünü bu bəyannaməni prinsiplərinin Ermənistan Azərbaycan tərəfindən hüquqi baza kimi qəbul edildiyini açıqlaması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

Revanşist qüvvələrin, habelə xarici dairələrin ssenarisi əsasında təşkil olunan etiraz aksiyalarının "lideri" rolunu oynayan keşiş Baqrat Qalstanyan Paşinyanı əvəzləyəcək fiqurun kimliyini müəyyənləşdirmək üçün piketlərin məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, deputatlarla görüşüb onlarla hansı addımların atılacağını, hansı formada prosesin daha da irəli gedəcəyini müzakirə ediblər: "Sonra baş nazirliyə namizəd lazım olacaq bu namizəd elan ediləcək. Sizin rəğbət bəslədiyiniz rəğbət bəsləmədiyiniz adlar müzakirə edilir, sonda barəsində razılığa gəlinəcək namizəd elan olunacaq". 

Keşiş burada sabiq prezident, Xocalı cəlladı Robert Koçaryanı nəzərdə tutur. Amma bu oyunların arxasında dayananlardan biri olan Koçaryanı ölkə əhalisinin böyük bir qismi qətiyyən qəbul etmək istəmir.

Radikal erməni din xadimi, erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan İrəvanda, respublika meydanında jurnalistlərə açıqlamasında bildirib ki, demarkasiya prosesinin dayandırılması barədə danışmağı planlaşdırırıq: "Amma xalqın tələbi belə idi, başqa heç danışa bilməzdim, sadəcə olaraq xalqın tələbinin ifadəsini səsləndirdim. Bu hərəkat bizim üçün çox vacibdir. Biz kritik həddə çatmışıq, bundan kənara çıxa bilmərik. İnsanların burada yaşamaq istəyəcəyini düşünmürəm. Bütün məsuliyyət səlahiyyətlilərin üzərinə düşür. Onlar bu prosesi dayandırmaq üçün hər vasitədən istifadə etməlidirlər. Bu insanlar getməlidirlər". O qeyd edib ki, baş nazir vəzifəsinə namizəd olacaq müxtəlif adlar 2 parlament fraksiyası ilə müzakirə olunur, lakin hələ razılaşma yoxdur.

İqtidara yaxın olan mediada bildirilib ki, mövcud vəziyyətdə Paşinyanın impiçment məsələsi real deyil. Hayastan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların 1/3-nin (36 deputat) imzası lazımdır. Hazırda müxalifətin 35 deputatı var ki, buna görə qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.

Qeyd edək ki, Hayastan parlamentində hakim "Mülki Müqavilə" partiyası 71 deputat, Robert Koçaryanın "Ermənistan" bloku 29, Serj Sarkisyanın "Şərəfim var" bloku isə 6 deputatla təmsil olunur. 1 deputat isə "Şərəfim var" blokundan istefa verib müstəqil fəaliyyət göstərir. İmpiçmenti üçün kifayət qədər səsi olmayan müxalifət isə hazırda bu problemi küçə təzyiqi ilə həll etməyə ümid edir.

Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövr ərzində daha çətin günlərin qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.8.