Rusiyanın hesabına yaşayan Ermənistan indi ona arxa çevirir

 

 

Qərbin bu ölkəyə nə qədər yardım göstərəcəyi hələ də məlum deyil

 

 

 

"Tarix boyu Ermənistan və böyük dövlətlər bir-birilərindən yararlanıblar. Ermənistan isə böyük dövlətlərdən istifadə etməyə çalışıb ki, qonşu dövlətlərin torpaqları hesabına "böyük Ermənistan" yaratsın. Qərb və çar Rusiyası da ermənilərin məkrli, hiyləgər sifətinə bələd olduqlarından onlardan Osmanlıya qarşı həmişə istifadə edib. Yəni Osmanlı dövlətinin zəifləməsində və parçalanmasında həmişə erməni kartını əllərində saxlaya bilir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, qarşılığında onlara "böyük Ermənistan" yaradılacağı və hətta Osmanlı dövlətinin yeddi vilayətinin Hayastanın ərazisi olacağına söz veriblər. 44  günlük müharibəyə qədər Rusiya Ermənistana mümkün olan hər şeyi bağışlayıb, əlində saxlamaq üçün nə lazımdırsa edib. Təbii ki, belə dəstəyin nəticəsi idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək bir milyon insanın Qərbi Azərbaycandan, Qarabağ və ətraf bölgələrdən qovulmasına nail oldu. Bu əhali qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edildi. Onların evləri isə  yerlə yeksan edildi, tarixi yurdları dağıdıldı.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində isə Rusiya Federasiyası Ermənistanın arzuladığı yardımı ona göstərmədi. "Ermənistan ərazisindəki rus ordusunu Azərbaycana qarşı müharibəyə təhrik etməyə çalışsa da, Rusiya tərəfi buna getmədi. Ona görə Ermənistan rəhbərliyi Rusiyadan imtina edib üzünü Qərbə çevirdi. Təbii ki, Qərb də Ermənistana nə qədər yardım göstərəcək o, məlum deyil. Həqiqət ondan ibarətdir ki, tarix boyu belə olub. Ermənilər qızışdırılıb ortalığa salınıb, bu və ya digər dövlətə qarşı ərazi iddialarına həvəsləndirilib, hətta müharibələr aparılıb. Amma ən çətin vəziyyətə düşəndə həmin dövlətlər Ermənistandan əl çəkib, onu ortada buraxıblar. O zaman isə Osmanlı türkləri, sonra Türkiyə və Azərbaycan türkləri ölən, can verən, hətta ölkəmizə xəyanət edən ermənilərə əl uzadıblar", - deyə o əlavə edib.

A.İsgəndərovun fikrincə, Azərbaycan erməni məkrini tanıyandan sonra, ermənilərin azərbaycanlılara qarşı törətdikləri saysız-hesabsız vəhşiliklərə görə bir də erməniyə yazığı gəlməyəcək: "Dövlətimizin başçısı çıxışlarının birində qeyd etdi ki, biz Ermənistanla qonşuluq münasibətlərini bərpa edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Amma ermənilərin bizə qarşı törətdiklərini biz heç vaxt yaddan çıxartmamalıyıq və çıxartmayacağıq. Çünki erməni xisləti bizə imkan verdi ki, düşmənin mahiyyətini, onun faşist təxəyyülünü öyrənək, tanıyaq və ona qarşı mübarizə aparaq".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.9.