COP29: hazırlıqlar sürətlənir

 

Yaşıl dünya naminə həmrəylik ili 2024

 

 

Ölkəmiz  böyük bir tarixi hadisənin  astanasındadır. BMT-nin İqlim Dəyişikliyi  üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanmasına cəmi yarım il qalır. Bu mötəbər tədbirə Azərbaycanın evsahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi  deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və əlbəttə, böyük məsuliyyətdir.

Odur ki, COP29-a hazırlıq sürətlə davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir. Atılan mühüm addımlardan biri 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsidir. Bu, qlobal mübarizəyə sadiqliyimizi vurğulamaqla yanaşı, həm də milli, regional və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə diqqətimizi göstərir. Ümumiyyətlə, COP29-la bağlı istər ölkəmizdə, istərsə də xaricdə keçirilən tədbirlərin sayı-hesabı yoxdur. Bir çox xarici təşkilat və qurumlar, görkəmli  ekoloqlar və digər sahə mütəxəssisləri COP29-u, həm də tədbirə   Azərbaycanın evsahibliyi etməsini dəstəklədiklərini bildirirlər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "29 İqlim söhbəti: COP29-a gedən yol" tədbirində çıxışı zamanı deyib: "Bizim BMT olaraq üzərimizə götürdüyümüz öhdəlik COP29-la bağlı Azərbaycana dəstək və əlimizdən gələni əsirgəməməkdir".  O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı cəlb olunan iştirakçılar kifayət qədər genişdir.  "İqlim istiləşməsi 1,6 dərəcəyə çatıb, bu çox aktual məsələdir və bu çərçivədə qalmaq üçün bizim öhdəliklərimiz var. Biz missiyalarımızı 45 faiz azaltmalıyıq. COP29 bir prosesdir. Bu prosesin davamlılığını təmin etməliyik. Növbəti COP30 Braziliyada keçiriləcək. İqlimlə bağlı tədbirlər bir il ərzində baş verə bilməz, öhdəliklər davam etdirilməlidir. COP29 iqlim dəyişikliyi sahəsində bir sıra tədbirlər həyata keçirmək üçün hərəkətə keçməyə imkan yaradacaq. Biz, həmçinin modellər, strategiyalar hazırlayırıq", - deyə V.Andreeva əlavə edib.

Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynayır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "İqlim dəyişikliyinə uyğunlaşma üzrə təlimlər"ə başlanıb. COP29-un Azərbaycanda keçirilməsi və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar  DİA-da BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində keçirilən bu tədbir mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər kadrları üçündür. Gələn ayın 12-dək  davam edəcək tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi və digər qurumların əməkdaşları üçün nəzərdə tutulub.

Təlimin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov "Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol" mövzusunda çıxış edərək COP29-un ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Sonra UNDP layihə rəhbəri Zaur Əliyev iştirakçılara təlim haqqında geniş məlumat verib. Təlimlərdə iqlim dəyişikliyi sahəsində ekspertlərin iştirak etməsi nəzərdə tutulur.

Qida Təhlükəsizliyi Agentliyində də COP29-a  hazırlıq işləri davam etdirilir. Hazırlanan tədbirlər planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Tədbirlər çərçivəsində agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün növbəti onlayn təlim təşkil edilib. Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlim "Qida tullantılarının idarə olunması"  adlanıb.

Təlimdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, hotel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu sahədə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər aparan əməkdaşlar iştirak ediblər. İştirakçılara qida tullantılarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların növləri və emal sahəsindən uzaqlaşdırılması, bu sahədə çalışan əməkdaşların təlimatlandırılması tədbirləri haqqında ətraflı məlumat verilib.

Keçirilən ardıcıl tədbirlər sayəsində  gənc nəsil də COP29 barədə kifayət qədər məlumatlıdır. Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan tədbirlər, o cümlədən konfrans, forum "dəyirmi masa" və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqə və ekodüşərgələr təşkil edilib. Məqsəd ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.

Tədbirlərdə  dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyəti şagirdlərin diqqətinə çatdırılıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanıb.

"Yaşıl dünya naminə həmrəylik ili" və COP29-la bağlı tədbirlər  işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda da keçirilir. Onlardan biri də bu ay  "Sağlamlığa Xidmət" İctimai Birliyinin və Vərəm Əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə bir qrup səhiyyə və ekologiya üzrə qeyri-hökumət təşkilatının  Şuşada sağlamlıq və ətraf mühitin qorunması ilə əlaqədar keçirdiyi tədbir idi. Tədbirin məqsədi  COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar təşəbbüslərin müzakirəsi və digər  məsələlərlə  bağlı olub.

Bir sözlə, hazırlıqlar  geniş vüsət alıb. Odur ki, Azərbaycanın  COP29-a yüksək səviyyədə evsahibliyi edəcəyinə və bu qlobal tədbirin böyük müvəffəqiyyətlə keçəcəyinə heç kəsin şübhəsi yoxdur.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 12 may, ¹ 98.- S.11.