Ulu yurdumuzdan dünyaya yenə sülh, birlik, humanizm mesajları veriləcək

 

 

Tarixi şəhərlərimizdən olan Şuşanın zəfər dolu çağlarıdır. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu misilsiz rəşadət nümunəsi göstərərək otuz ilə yaxın Ermənistanın işğalında qalan ərazilərimizi azadlığa qovuşdurdu. İkinci Qarabağ müharibəsində zəfərimizin zirvəsi Şuşa şəhəri oldu.

Bu qala şəhərimizi Ermənistanın silahlı qüvvələrinin işğalından azad edərkən əsgər zabitlərimiz tarix yazdılar. Onlar çətin şəraitdə uzun məsafə qət edərək, dərin dərələrdən, sıldırım qayalardan keçərək düşməni Qarabağın baş tacı Şuşadan qovub çıxardılar. Prezident İlham Əliyevin sərəncamı ilə bu möhtəşəm zəfər əbədiləşdirildi. Tarixi əhəmiyyəti nəzərə alınaraq, Şuşa şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 8-i Zəfər Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin qısa müddət ərzində yenidən qurulması, qədim yurdlarımızda həyatın canlanması məqsədilə geniş sürətli tikinti-quruculuq işlərinə başlanıldı. Qədim Şuşa şəhərinin bəxti yenidən üzünə güldü. Erməni vandallarından qurtulan bu gözəl şəhərdə tarixi-mədəni dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirildi. Çox keçmədi ki, Şuşa beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli beynəlxalq mədəni tədbirlər keçirildi. Tədbirlər il boyu yalnız Şuşada deyil, bütün ölkədə təşkil olundu.

"Şuşa ili" çərçivəsində həyata keçirilən tədbirlər həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, həmçinin türk dünyasının mədəniyyətinin təqdim təbliğ olunmasında mühüm rol oynadı, türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar yaratdı.

Ötən il isə Şuşa türk dünyasının mədəniyyət paytaxtı oldu. Belə ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildi. Şuşa türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər oldu.

Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli sərəncamına uyğun olaraq silsilə tədbirlər təşkil edildi. Keçən il dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi bağlanış mərasimi keçirildi.

Müharibə başa çatdıqdan sonra zəfər sevinci ilə qürurlandığımız ötən üç ildə hiddət doğuran hadisələr az olmadı. İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan təəssüf ki, ərazilərimzidən birdəfəlik ayaqlarını, sərvətlərimizdən gözlərini çəkdi. Azərbaycan dövləti xalqı öz əzəli torpaqlarında tikinti-bərpa, quruculuq işləri həyata keçirərkən Ermənistanın silahlı qüvvələrinin qalıqları öz bəd, məkrli əməllərini torpaqlarımızda davam etdirirdilər. Bütün bunlara ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri zamanı son qoyuldu. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş məharəti təcavüzkar, qəsbkar düşməni məğlubiyyətə uğradaraq bayraq qaldırmağa, aman diləməyə vadar etdi. Azərbaycan suverenliyini tam bərpa etdi. Bu, son iki yüz ildə işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində əldə edilmiş ilk Zəfərimizdir.

Bu möhtəşəm qələbə - bütün ərazilərin üzərində tam hüquqi nəzarətini bərpa etməsi yalnız Azərbaycan tarixinə deyil, islam ölkələri tarixinə böyük uğur kimi yazıldı. Odur ki, bu qələbə islam dünyasında böyük sevinclə, fərəhlə, qürurla qarşılandı.

Ötən il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında yekdil qərarla Qarabağın incisi olan Şuşa şəhəri bu il - 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi.

İslam dünyasının mədəniyyət paytaxtı adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası Şuşada oldu, şəhərdə həyata keçirilən quruculuq işlərini yüksək qiymətləndirdi.

Dövlət başçısı İlham Əliyev ötən ilin 21 noyabrında Şuşa şəhərinin 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda deyilir: "2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır".

Şuşa şəhəri 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı missiyasını yerinə yetirəcək. Onu da qeyd edək ki, bu il Şuşa islam dünyasının həm mədəniyyət, həm gənclər paytaxtıdır. Belə ki, Qarabağın incisi Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün Gənclər paytaxtı seçilib. Bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında qəbul olunub. Həmin iclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi "Gənclər paytaxtı - 2024" beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər. Layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. Bu il müxtəlif ölkələrdən gələn gənclər tarixi Şuşa şəhərimizə gələcək, təşkil ediləcək tədbirlərdə iştirak edəcəklər.

Görünən odur ki, Azərbaycanın mədəniyyət paytaxtını bir-birindən maraqlı tədbirlərlə zəngin, qonaq-qaralı bir il gözləyir. Böyük mədəniyyət layihələrinə, beynəlxalq tədbirlərə evsahibliyi edən Şuşa şəhərindən bu il yenə dünyaya sülh, birlik, humanizm mesajları veriləcək.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 9 yanvar, № 2.- S.1;7.