Fransa üçün erməni amili sadəcə vasitədir

 

 

"Azərbaycan Vətən müharibəsindən sonra formalaşan yeni situasiyada beynəlxalq hüquq normalarına uyğun olan beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edir. Moskva, Brüssel və Vaşinqton platformaları çərçivəsində sülh müqaviləsi üzrə danışıqlar aparılıb və Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində də haqlı olaraq ifadə etdiyi kimi, "müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib. Lakin separatizm ocağının mövcudluğu, habelə Ermənistan silahlı qüvvələrinin hissələrinin Azərbaycan ərazisində qalması şəraitində nəinki sülh müqaviləsi üzrə ciddi nəticələr əldə etmək, bütövlükdə hətta sülh barədə danışmaq belə mürəkkəb idi".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, bəzi Qərb dairələri Qarabağ iqtisadi rayonunun bir sıra bölgələrində o zaman davam edən, işğal və separatizmlə ehtiva olunan status-kvoya regiona təsir etmək imkanı kimi baxırdılar: "Nəticə etibarilə erməni cəmiyyətində revanş xülyaları baş qaldırır, Fransanın timsalında Qərb dairələri  prosesləri yeni hərbi qarşıdurmaya təşviq edirdi. Lakin 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmə son qoyulması, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi və Ermənistan ordusunun hissələrinin Qarabağdan çıxarılması ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Beləliklə, Azərbaycanla Ermənistan arasında 35 illik gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarıldı. Bu gün Azərbaycan regionda əməliyyat şəraitinə tam nəzarət edir və artıq 4 aya yaxındır ki, bölgəmizdə atəş səsləri eşidilmir. Yəni mahiyyət etibarilə ölkələr arasında yekun sülh üçün heç bir maneə yoxdur".

Deputat qeyd edib ki, proseslərin ümumi gedişatı müsbət məcrada xarakterizə olunur: "Xüsusən Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının 7 dekabr birgə bəyanatı ilə hərbçilərin qarşılıqlı olaraq azad edilməsi, habelə COP çərçivəsində qarşılıqlı xoş niyyətdə ehtiva olunan gedişlər keyfiyyətcə yeni mərhələ deməkdir. Üstəlik, cari situasiya vasitəçiliyə regiona təsir rıçağı kimi baxan bəzi qlobal güc mərkəzlərinin iddialarının əksinə, Azərbaycan və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlarda müsbət məcraya nail ola bildiyini  göstərdi".

Bəhruz Məhərrəmov söyləyib ki, rəsmi Bakı vasitəçiliyin əleyhinə deyil, lakin bir şərtlə ki, bu, səmimi xarakter daşısın: "Ali səviyyədə də dəfələrlə ifadə edildiyi kimi, 30 il ərzində yalnız işğal və təcavüz status-kvosunun möhkəmlənməsinə, münaqişənin dondurulması və Azərbaycanın tədricən işğalla barışmasına xidmət edən vasitəçiliyə şahidlik etmişik. Nəticədə beynəlxalq hüququn aliliyini, BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini Azərbaycan özü təmin etməli oldu. Birbaşa təmaslar isə elə ilk aydaca effekt verdi və sərhəd komissiyalarının fəaliyyəti üzrə müvafiq reqlament sənədi qəbul edildi".

Deputat onu da bildirdi ki, beynəlxalq birliyin bir sıra subyektləri cari vəziyyətə özünün qeyri-hüquqi maraqları və mənafeləri üçün təhdid kimi baxır. Məsələn, Fransa hər cəhdlə, bütün səviyyələrdə sülh prosesinin pozulması üçün çoxşaxəli və davamlı fəaliyyət sərgiləyir. Yaxud ABŞ Dövlət Departamenti əsassız açıqlamaları ilə regionda həssas duruma qeyri-konstruktiv təsir göstərməyə cəhd edir. Təbii ki, bu kimi cəhdlər Azərbaycanın hərbi siyasi qələbələri ilə yaratdığı yeni reallıq qarşısında səmərəsiz olsa da, ümumi uzlaşmaya və yekun sülhün əldə edilməsinə təsirsiz ötüşmür. Lakin qeyd etdiyimiz kimi, bu proseslər ümumi gedişatda həlledici amil kimi çıxış edə bilmir.

Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistan cəmiyyəti birdəfəlik anlamalıdır ki, hansısa üçüncü tərəf üçün Ermənistan dövlətinin, yaxud sıravi erməninin maraqları önəmli deyil: "Məsələn, regionda neokolonialist niyyətlə möhkəmlənməyə çalışan Fransa üçün erməni amili sadəcə vasitədir və Ermənistan sülh və sabitlik əleyhinə gedişatda imperialist Makron Fransasının maşasına çevrilməməlidir. Ötən üçillik dövr də göstərdi ki, beynəlxalq hüququ rəhbər tutan Prezident İlham Əliyev qarşısında nə Makron, nə də Fransanın orbitində olan digər subyektlər duruş gətirdi. Heç bir güc regionda işğal və təcavüzün, separatizmin əbədiliyini təmin edə bilmədi. Azərbaycanın artan imkanları qarşısında bundan sonra da belə bir ehtimal mümkünsüzdür".

Belə qeyri-sağlam qlobal mühitdə ən doğru addımın Azərbaycan və Ermənistanın vasitəçisiz təmasları olduğunu bildirən deputat əlavə edib: "Bu gün sülh sazişinin mətni üzərində işin birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılması çox pozitiv situasiyadır. İndi yeganə zərurət İrəvanın iradə nümayiş etdirərək, ən azı öz maraqları və dövlətçiliyin perspektivi naminə Qərbdəki pis məsləhətçilərinin təklif və tələblərindən imtinası və sülhə can atmasıdır. Belə olacağı halda sülhə ən qısa müddətdə nail olmaq mümkündür".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;11.