Fransanın mədəni soyqırımı

 

 

Görünmək istədiyi kimi ola bilməyən Paris

 

 

 

Fransa sözünü dilə gətirəndə bəlkə də bəzilərinin gözləri önündə incəsənət, mədəniyyət paytaxtı olan bir ölkə canlanır. Yəqin ki, bunu fransızlar da arzulayarlar. Amma həqiqət bunları demir. Təsəvvürə gələnlər rəsmi Parisin həqiqi siması deyil. Fransa özünü nə qədər mədəni, insan hüquqlarının, ədalətin, demokratiyanın qorunduğu ölkə kimi göstərməyə çalışsa da, istəyinə nail ola bilmir. Çünki göstərmək istədiyi mədəniyyətin arxasında canavar xislətli niyyətlər, çirkin məqsədlər dayanır. Ona görə də görünmək istədiyi kimi ola bilmir.

Tarixi keçmişi soyqırımlarla, qanlı hadisələrlə, münaqişələrlə dolu olan Fransa heç vaxt mədəni ola bilməz. Mədəni olmaq üçün ilk növbədə Paris gərək işğalçılıq məqsədlərindən və neokolonializmdən əlini çəkə. Bunu isə etmək istəmir. Dünyada  müstəmləkə ölkəsi kimi tanınan Fransa XVII-XX əsrlərdə planetin bütün bölgələrində demək olar ki, ərazilər zəbt edib. Şimali, Mərkəzi Amerika, Asiya, Asiya Sakit Okean regionu, Afrikada Fransa dövlətinin müstəmləkəsi olan böyük ərazilər mövcud olub. Bu ölkənin işğalları zamanı ən böyük ölçüdə insan qırğınları Afrika qitəsində baş verib. Afrikanın yarısı XIX əsrdə fransızlar tərəfindən zəbt olunub, müqavimət göstərən 10 minlərlə insan öldürülüb. Fransa müstəmləkəsində saxladığı ölkələrdə təkcə insanları öldürməklə kifayətlənməyib, həm də o xalqların mədəni irsinə qarşı soyqırımları törədib.  Törətdiyi bu qanlı əməllərə görə, Fransanın mədəniyyətdən, incəsənətdən danışmağa mənəvi haqqı yoxdur. 

Fransa Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun vasitəçilərindən biri olub. Qarabağ hadisələri zamanı ermənilər minlərlə azərbaycanlını öldürüblər. Yüzlərlə tarixi abidələrimizi yerlə yeksan ediblər. Fransa bir dəfə də olsun ermənilərin bu yaramaz hərəkətlərini pisləyən bəyanat verməyib. Bütün bunlardan sonra Fransanı necə mədəni və demokratik ölkə adlandırmaq olar?

Uzun illər Ermənistanın işğal etdiyi ərazilərimizdə tarixi abidələrimizi dağıtmasına, mədəni irsimizi məhv etməsinə göz yuman Fransa İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar verməyə başladı. Fransanın mədəniyyət naziri düşmən ölkəyə səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına, düşməsi ilə bağlı yalançı iddialar qaldırıb, onların qorunması üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. 30 il kor olan, Qarabağda ermənilərin tarixi abidələrimizi dağıtdığını görməyən  Fransanın sanki Vətən müharibəsindən sonra gözləri birdən-birə açılıb.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən dəfələrlə UNESCO-ya çağırışlar edilsə də, işğal altında olan ərazilərdə, eyni zamanda Qərbi Azərbaycanda tarixi-mədəniyyət irsinin soyqırımına məruz qalması faktına qarşı heç bir addımlar atılmır. Bu kontekstdə Fransa mədəniyyət nazirinin Ermənistandan Azərbaycan əleyhinə boğazdan yuxarı bəyanatlar verməsi gülüş doğurur.

Son günlər sosial şəbəkələrdə Fransanın Evian-Le Ba şəhərində Azərbaycan şairi Xurşidbanu Natəvanın  2017-ci ildə ucaldılmış heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.

Fransanın "Le Messager" nəşrinin yazdığına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adıçəkilən bütün lövhələrinin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq "Azərbaycan parkı" ilə bağlı bütün istinadlar silinib. Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir. Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın evsahibliyi etdiyi UNESCO reaksiya verib. Azərbaycanın əleyhinə yalan bəyanatlar verən Fransanın mədəniyyət naziri də susur. Susmaq isə, bilindiyi kimi, razılıq əlamətidir.

Fransanın bu addımı onun vəhşi xislətindən xəbər verir. Əvvəlki illər müstəmləkəsi olan ölkələrdə tarixi abidələri məhv edən Fransa bu gün öz şəhərində olan Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm törədir. Siyasət aləmindəki uğursuzluqlarının əvəzini qadın şairin heykəlindən çıxır. Bu hadisə Fransanın mədəni soyqırımı aktı kimi qiymətləndirilməlidir. Özünü dünyaya mədəni ölkə kimi göstərməyə çalışan Fransa üçün bu hadisə olduqca biabırçı, qəbuledilməz və yaramaz bir hərəkətdir. Belə vəhşi hərəkəti ilə Fransa bir daha özünün kimliyini göstərdi. Mədəniyyətdən, mənəviyyatdan uzaq ölkə olduğunu sivil dünyaya nümayiş etdirdi. 

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı iyrənc hərəkət haqlı olaraq ölkəmizdə böyük narazılıqlar doğurub. Bu münasibətlə Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Yelisey sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi qiymətləndiririk. Xurşidbanu Natəvan bütün Şərqdə və islam dünyasında görkəmli şair, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.

Bu utancverici hadisə onu göstərir ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Rəsmi Paris bilməlidir ki, mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı və müqəddəs körpüdür. Bu müqəddəsliyə qaldırılan əllər kəsilməli, cinayətkarlar mütləq cəzalandırılmalıdır. Yoxsa Fransa buna görə cavab verməli olacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.8.