Azərbaycan xalqı qalib ölkənin prezidentini seçəcək

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təyin edilmiş prezident seçkiləri ölkə tarixinin ən qürurverici seçkisi kimi yadda qalacaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq, seçkilər bütün ölkə ərazisini əhatə edəcək.

2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizə şanlı Zəfər salnaməsi yazdı. Şücaətli, qəhrəman Azərbaycan oğulları işğalçı Ermənistanın silahlı qüvvələrini cəbhədə, döyüş meydanlarında məğlubiyyətə uğratdılar. Otuz ilə yaxın yağıların əsarətində qalan Vətən torpaqlarına azadlıq bəxş olundu. Ancaq təcavüzkar düşmən Azərbaycanın Qarabağ bölgəsində məkrli əməllərini davam etdirdi.

Ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri zamanı peşəkar Azərbaycan Silahlı Qüvvələri həmin ərazilərimizdə qalmış Ermənistan silahlı qüvvələrinin hissələrini separatçıları məğlub etdi. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa olundu. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi: "İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır". Fevralın 7-nə təyin olunmuş prezident seçkiləri məhz belə bir vaxtda, müasir tariximizin yeni dövrünə qədəm qoymuş Azərbaycanda keçiriləcək.

Yerli televiziya kanallarına müsahibəsində ona ünvanlanan "Cənab Prezident, həmkarlar yəqin ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı sualları davam etdirəcəklər. Amma mən mövzudan bir qədər kənara çıxmaq bu gün ictimaiyyəti düşündürən digər bir mövzuya keçid almaq istərdim. Bu, növbədənkənar prezident seçkiləri ilə bağlıdır. Məlumdur ki, bu il fevralın 7-nə təyin olunub müxtəlif fikirlər, müxtəlif versiyalar səslənir. Amma ən doğru cavabı Sizdən ala bilərik. Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir?" sualına cavabında dövlət başçısı məsələyə aydınlıq gətirərək əsas səbəbləri açıqladı. Qeyd etdi ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir: "Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir".

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində diqqətə çatdırdı ki, ikinci səbəb isə ilk dəfə olaraq, müstəqil həyatımızda seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsidir: "Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır".

Dövlət başçısı İlham Əliyev qeyd etdi: "Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür bunu da biz bir yekun kimi qəbul etməliyik 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü əsaslandırmış olur. Yəni əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcəkdir".

Sevindirici, qürurvericidir ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı artıq dövlətinin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında qalmış xalq kimi iştirak etməyəcək. Dövlətinin ərazi bütövlüyü tam bərpa edilmiş qalib xalq olaraq seçkilərə gedəcək. Budəfəki prezident seçkiləri otuzillik işğalına son qoyulmuş, azad günlərinə qovuşmuş, düşmənin vurduğu yaraları sarınan, vandalların xarabalığa çevirdikləri yaşayış məskənlərində tikinti işləri aparılan, yeni yollar çəkilən, infrastrukturlar yaradılan Şuşada, Laçında, Xocalıda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə, Xankəndidə digər rayonlarımızda da keçiriləcək. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı öz qalib ölkəsinin prezidentini seçəcək.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.4.