"Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə"

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş "Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə" adlı tədbir keçirilib.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru akademik Kamal Talıbzadənin qızı Ülkər Talıbzadə qonaqları salamlayaraq görkəmli ədəbiyyatşünas alimin yaradıcı irsi, tədqiqatları haqqında danışdı. Qeyd olundu ki, XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsinə həsr edilmiş mötəbər tədqiqatların müəllifi olan K.Talıbzadə milli ədəbiyyatşünaslıq elminə qiymətli töhfələr verib. Alim Azərbaycanın tanınmış ictimai mədəniyyət xadimi Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadənin yaradıcılığını araşdırıb, həmçinin Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradıcısı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Kamal Talıbzadəni klassik bir ziyalı  adlandırdı: "Mənim Kamal müəllimdən öyrəndiklərim 30 ilə yaxın bir dövrü əhatə edir. Kamal müəllimi orta məktəbdən tanıyırdım bilirdim ki, Abdulla Şaiqin oğludur. Yaxından tanışlığımız, ünsiyyətimiz isə aspirantura imtahanı verdiyim gün olmuşdu". Akademik maraqlı xatirələrlə böyük alimin xeyirxahlığı, tövsiyələri, elmi irsi barədə söhbət açdı.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı sevinc hissi ilə vurğuladı ki, ona ilk xeyir-duanı Abdulla Şaiq ocağının davamçısı Kamal Talıbzadə verib: "Elm yolumdakı ilk işığı Kamal müəllim yandırıb mən bunu heç vaxt unutmaram. Onun səmimiyyəti, müdrikliyi yaddan çıxmır. Kamal müəllim 26 yaşında olanda akademiyada şöbə müdiri işləyirdi. Bu yaşda şöbə müdiri olmaq sovet məkanında bəlkə yeganə hadisə idi. Yaşını qabaqlayan müdriklik onu yaşıdlarından fərqləndirirdi. Ensiklopedik biliyə malik olan Kamal müəllim sözün böyük mənasında Ədəbiyyat İnstitutunun pasportu idi.   O, A.Şaiq muzeyini yaratdı. İndi bu muzey ən dəyərli mədəniyyət ocaqlarından biridir".

AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dedi: "Kamal Talıbzadənin "Ədəbi tənqidin tarixi" kitabını 1990-cı illərin ortalarında oxudum. Baxmayaraq ki, artıq fəlsəfə doktoru idim, bu kitabı bir tələbə kimi qeydlər apararaq oxudum. Kamal müəllimin bu kitabı mənim üçün bir metodoloji mənbə oldu. Böyük alimin bu əsəri baxmayaraq ki ədəbi tənqidə həsr olunub, ədəbiyyatşünaslığı bir elm kimi bütövlükdə əhatə edir. Onun elmi fəaliyyəti ədəbiyyatın elmi uğurlarının sədlərini çoxdan aşıb".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Abdulla Şaiqin "Yad et məni!" şeirini xüsusi ilhamla səsləndirdi.

Xəzər Universitetinin təsisçisi, alim, yazıçı, ictimai xadim, professor Hamlet İsaxanlı dedi ki, tədbirə dəvətnaməni alanda çox sevindim. Hər şeydən əvvəl bu tədbirin adı məni cəlb etdi: - "Məni Şaiqdən ayırmayın". Kamal müəllimi Şaiqdən ayırmaq mümkün deyil. Abdulla Şaiq ədəbiyyatımızda müəllimlik sənətində əvəzsiz bir şəxsiyyətdir. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professorları Knyaz Aslan, Vaqif Sultanlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qafqazlı da akademik Kamal Talıbzadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Qeyd etdilər ki, Kamal Talıbzadə böyük dəyanətli əqidələri olan bir nəslin nümayəndəsidir. Onun dərs dediyi tələbələr sonralar Azərbaycan ədəbiyyatında mədəniyyətində xüsusi yer tutmuşlar. Abbas Səhhətin həyat yaradıcılığı ilə bağlı dissertasiyası dövrünün ən populyar ədəbiyyatşünaslıq əsərlərindən biri olub. O, kamilliyi ilə zirvələri fəth edən, yaddaşlarda səmimi, mehriban, sədaqətli bir insan kimi qalacaq.

Bakı Musiqi Akademiyasının professoru,   Xalq artisti Ülviyyə Hacıbəyova bəstəkar Zülfüqar Hacıbəyovun Abdulla Şaiqin  eyniadlı əsərinə bəstələdiyi "Nüşabə" operasından uvertüranı fortepianoda ifa etdi.

Abdulla Şaiqin sözlərinə bəstələnmiş Səid Rüstəmovun "Sevirəm səni", Əşrəf Abbasovun "Oxu, bülbülüm" romanslarını respublika beynəlxalq müsabiqələr laureatları   Nigar Əsgərova (vokal), Ayan Aslanova (fortepiano) ifa etdilər.

Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin hazırladığı "Kamal Talıbzadə - 100" adlı foto-sərgi alimin kitabları nümayiş etdirildi. Yubiley gecəsi boyu alimin həyatı geniş elmi, ictimai-mədəni fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.11.