Ürəyi sevgi ilə dolu insan

 

 

Həyata bağlı insan idi. İşini, peşəsini, ətrafındakıları, həyatı, bir sözlə, dünyanın bütün gözəlliklərini sevərdi. "Sevgisiz yaşaya bilən insan varsa, mən ona həsəd aparıram" deyərdi. Bəlkə onu rejissorluğa həyata bağlılığı, "əbədiyaşarlıq" arzusu gətirmişdi. Anadan olduğu gün, 80 yaşında infarkt keçirib yatağa düşdü... Bir müddət müalicə alsa da, amansız xəstəliklə cəmi 3 ay mübarizə apara bildi. 16 aprel 2021-ci ildə bu dünya ilə əbədi olaraq vidalaşdı...

Onun keçdiyi ömür yolundan danışarkən soyuqqanlıqla "gəldi, yaşadı, getdi" ifadəsini işlətmək mümkün deyil. İstər-istəməz düşünürsən ki, gəldi, çalışdı, yaratdı, adını xalqının mədəniyyət tarixinə əbədi olaraq yazdırdı, əbədiyaşarlıq ömrü qazanan fərqli insanlardan oldu.

Söhbət Azərbaycan kinematoqrafiyasına əvəzsiz  töhfələr verən kinorejissor, ssenarist, Azərbaycan SSR Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kino kafedrasının professoru Eldar Quliyevdən gedir...

O, 18 yanvar 1941-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Gözünü açandan evdə musiqi səsi eşidib, sənət haqqında söhbətləri dinləyib.

Görkəmli sənətkar rejissorluğa gəlişini belə ifadə edib:  "Mixail Kolotzovun "Durnalar uçur" filminə baxdıqdan sonra rejissor olmağa qərar verdim".

1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alan Eldar Quliyev  1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında  "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmlə rejissorluq fəaliyyətinə  başlayır. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmini çəkir. Bu film Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı olur. 1979-cu ildə isə professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə seçilən "Babək" filminə ekran həyatı verir. Dünya sənət nümunəsinin nadir incilərindən hesab edilən "Babək" filmi o illərdə  52 ölkə tərəfindən satın alınıb. "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" filmləri də Eldar Quliyevin ekran həyatı verdiyi filmlər sırasında yer alır.

Eldar Quliyev həm də bir neçə filmin ssenari müəllifi olub. Onun çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür.

Onlarca filmə ekran həyatı verən Xalq artisti, kinorejissor Eldar Quliyev "İstiqlal", "Şərəf", "Şöhrət" ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, "Qızıl çinar" beynəlxalq mükafatı və digər orden və mükafatlarla təltif edilib.

İllər, əsrlər keçəcək, Azərbaycan kino sənətinə "Sevinc buxtası", "Babək", "Gümüşgöl əfsanəsi",  "Burulğan", "Təxribat" , "Girov",  "Heydər Əliyev. Dünyaya pəncərə", "İstanbul reysi" kimi sənət əsərləri bəxş etmiş böyük sənətkarın adı hörmətlə anılacaq. Sənət dünyasına yeni qədəm qoyan gənc kino yaradıcıları böyük sənətkar Eldar Quliyevə oxşamağa çalışacaqlar.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 17 yanvar, ¹ 9.- S.11.