Azərbaycan COP29 çərçivəsində
Yaponiya ilə birgə işbirliyinə hazırdır
Azərbaycan
Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə
yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də
Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Katsuya
Vatanabenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Səfir
Katsuya Vatanabe Yaponiyanın İmperatoru Əlahəzrət
Naruhitonun Yaponiya-Azərbaycan əlaqələrinin daha da
inkişaf etdirilməsi ilə bağlı arzusunu dövlətimizin
başçısına çatdırdı.
Prezident
İlham Əliyev minnətdarlığını bildirərək,
onun da xoş arzularını Yaponiyanın İmperatoruna
çatdırmağı xahiş etdi.
Dövlətimizin
başçısı ölkələrimiz arasında dostluq
münasibətlərinin 30 ildən artıqdır ki, müxtəlif
sahələri əhatə etdiyini vurğulayaraq bütün
istiqamətlərdə yaxşı nəticələrin əldə
olunduğunu bildirdi, qarşıdan gələn illərdə əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün yaxşı
imkanların mövcudluğunu diqqətə
çatdırdı. Prezident İlham Əliyev ənənəvi
sahələrdən başqa əməkdaşlığın
yeni istiqamətlərinin müəyyənləşdirilməsinin
zəruriliyini qeyd etdi. Dövlətimizin
başçısı səfirə fəaliyyətində
uğurlar arzuladı.
Azərbaycan
Prezidenti ilə görüşdən böyük şərəf
hissi duyduğunu deyən Katsuya Vatanabe xoş sözlərə
görə minnətdarlığını bildirdi. O, ölkələrimiz
arasında dostluq və xoş münasibətlərin
mövcud olmasında dövlətimizin
başçısının rolunu xüsusi qeyd etdi.
Səfir
COP29-un bu il Azərbaycanda keçirilməsi ilə
bağlı qəbul edilmiş qərar münasibətilə
Prezident İlham Əliyevə təbriklərini
çatdırdı.
Dövlətimizin
başçısı təbriklərə görə minnətdarlığını
bildirdi və qeyd etdi ki, yaşıl iqtisadiyyata keçid,
yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın
prioritet istiqamətlərindən biridir. Prezident İlham
Əliyev vurğuladı ki, Azərbaycan COP29 çərçivəsində
Yaponiya ilə birgə iş birliyinə hazırdır.
Katsuya
Vatanabe öz növbəsində qeyd etdi ki, ölkəsi
yaşıl cəmiyyətin qurulması, yüksək
texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət
verir və bu sahədə də ölkələrimiz
arasında əməkdaşlıq üçün
böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin
inkişafı üçün səylərini əsirgəməyəcəyini
dedi.
Azərbaycan.-
2024.- 8 yanvar, № 1.- S.1.