20 Yanvar  - 8 noyabr zəfərimizin bünövrəsi

 

 

1990-cı ilin yanvar günlərində sanki hamımızın ruhuna müqəddəs bir nur çilənmişdi. Yatmadığımız gecələrdə, təhlükələrin gərginliklərin içində azadlığı qəfildən dadan insanlar kimi xoşbəxt idik. O günlər hamı eyni ruhun, eyni hisslərin təsiri altında azadlıq deyilən müqəddəs bir anlayışın tilsiminə düşmüşdü. Gecə vahiməli, xoflu səksəkəli idi. Əcəl başımızın üstünü kəssə , küçələrdə gecələməkdən, postları gəzməkdən yorulmurduq. Elə bilirdik ki, yatmasaq, keşik çəksək, küçələrdən yığışmasaq, şəhərə sovet qoşunları girməyəcək, nəyinsə qarşısını almaq mümkün olacaq.

Hər gün axşamacan, hətta gecələr belə, davam edən mitinqlər izdihamlarda imperiyanı dağlayan insanlar müstəqillik kimi şirin bir nemət uğrunda həyatlarını təhlükəyə atmışdılar. Tanımadığımız adamlar bir neçə günün içində bütləşib qəhrəmanlara çevrilirdilər. Yaddaqalan o oldu ki, bu izdihamlar kimsənin arxasınca getməyə məhkum olunmuş itaətkar kütləni təmsil etmirdilər. Əsrlər boyu hamının içində, ürəyində beynində cücərən  azadlıq qığılcımları  eyni məqamda alışan məşəllərə çevrilirdi. Hər kəs içindəki bu atəşləri, beynində dalğalanan bu ehtirası sinəsindən bir ürək kimi çıxarıb başının üstünə qaldırmışdı.

Gücümüzü hiss edirdik, azadlığın tamını duyurduq, ölüm belə, şirin gəlirdi. Lakin  əmin idik ki, ölüm ağlasığmaz dərəcədə uzaqdır. On minlərlə, bəlkə yüz minlərlə insan gecənin sinəsində azadlığın nuruna sarı qanad çalan kəpənəklər kimi sayrışırdılar. Gücümüzü duyduqca, qoşunların şəhərə girməsinin qarşısını aldıqca sevinirdik. Bizə belə gəlirdi. Aldanmağımızı gecə yarıdan keçəndən sonra anladıq. Amma hələ ki, ağlımıza sığmayan qətliamdan bizi saatlar ayırırdı.

O gecə şəhərin küçələrini sərgərdan gəzib dolaşan azadlıq aşiqləri üçün müqəddəs olan bütün ali duyğular hətta  ruhumuz nişana götürülüb güllələndi. Yüzlərlə günahsız insanın qətlə yetirildiyi bu amansız vəhşi gecə heç vaxt tarixdən silinməyəcək. Biz - o gecəni səhərə sağ çıxanlar küçələrə atılan meyitləri görəndə sarsıldıq. Elə sarsıldıq ki, yaşamaq ölümdən ağır idi. Uzun illər heç kim bu hisslərdən xilas ola bilmədi. Ona görə ki, sağ qalmaq, baş verənləri anlamaq, dinc bir şəhərin vəhşicəsinə gülləbaran edilməsinə inanmaq mümkünsüz idi. Göz qırpımında xallı baş katib cəllada, Kreml isə artıq neçənci dəfə Bakıya soxulub qırğın törədən, dinc əhaliyə divan tutan işğalçıya çevrildi.

Bütün dəyərlər müqəddəs anlamlar ayaq altına atıldı,  qan içində boğuldu, sovet ittifaqı bir gecədə faşist rejiminə çevrildi. Bizə xalq kimi qanlı misilsiz divan tutuldu, bütün müqəddəs dəyərlərimiz tapdandı, ayaq altında məhv edildi. Qızıl ordu deyib əzizlədiyimiz sovet qoşunları dəfələrlə olduğu kimi, Azərbaycanı amansızcasına yenidən işğal etdi.

Amma bir neçə gün əvvəl sovet qoşunları gözə dəymədikcə elə bilirdik ki, onları geri oturda bilmişik, heç bir faciə baş verməyəcək. Təəssüf ki, belə olmadı. Gecədən dan yeri sökülənə kimi şəhərə soxulan qoşunlar heç kimə aman vermədən silahsız dinc insanları güllələyib qanlarına qəltan etdilər. Səhər baş verdiyini anlamaq üçün bir-birimizin gözlərindən nəyisə oxumağa çalışırdıq. Amma mümkün deyildi, bacarmırdıq. Elə misilsiz faciə, elə nəhəng işğal baş vermişdi ki, onu anlamağa, dərk etməyə bizə uzun illər lazım idi.

Bir gecədə sovet imperiyası əsl faşist mahiyyətini üzə çıxardı, bir gecədə bütün sosializm ideyaları sabun köpüyü kimi partladı. Biz necə amansız qanlı bir rejimin əsarətində olduğumuzu anladıq, ömrümüz boyu səcdə etdiyimiz idealların uydurma olduğunu anladıq. Uzun illər ruhumuza vəhşi boşluqlar hakim kəsildi.

Yazı yazmaq mümkün deyildi, sanki söz qətlə yetirilmişdi. Uzun illər yaza bilmədim, insanlar güllələnəndən, xalq tapdaq altında qalandan sonra sözün gücü var ki? söz kimin əlindən tutub, kimi ayağa qaldıra bilər ki?! Əslində, biz uzun illər  təsəvvürümüzdəki ucalıqların yox, sovet imperiyası adlı bir cəhənnəmin sakinləri idik.   Ona görə bizi belə asanca, heç nədən çəkinmədən qorxmadan dəfələrlə olduğu kimi gülləbaran edib şəhərin küçələrini al-qana boyadılar.

Biz isə meyitlərin arasında dolaşaraq sanki özümüzü axtarırdıq, özümüzü gəzirdik.  Artıq heç kim qoşunun qarşısını almağı düşünmürdü.

1990-cı ilin yanvar ayında evini, ailəsini, işini hətta ölüm xofunu unudub şəhərin barrikadalarına axışan minlərlə insanın qarşısında sübhədək keçiləsi iki yol var idi - ya şəhid, ya da şahid olmaq. Hamımız elə bil ölümlə bir köynəkdə qol-boyun olub gəzirdik.

Evlərinin içindən vahimə ilə səmanı süngüləyən kor güllələri izləyənlər baş verdiyini başa düşmürdülər. Tanklar tırtılları ilə küçələri şallaqlayırdı. Qırmızı meydanına Qızıl meydan, qırmızı ordusuna Qızıl ordu deyib 70 sənə öyündüyümüz sovet dövləti insanları dinindən, millətindən, yaşından, cinsindən asılı olmayaraq güllələdi. Minlərlə insanın 20 Yanvar gecəsinin qaranlıqlarına hayqırdığı "Azadlıq!" Azərbaycana bütün sovet respublikalarının hamısından daha baha başa gəldi.  Ömrümüzün ixtiyar çağında bir həmin hadisələrə qayıdarkən 20 Yanvarla, o gecənin tarixə düşən qəhrəmanları ilə öyünməliyik. Fəxr etməliyik ki, biz xalq kimi, millət kimi sınmadıq,  məğlub olmadıq. Bu keçmiş bizim parlaq gələcəyimizin bünövrəsidir.

 

 Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 20 yanvar, ¹ 12.- S.9.