20 Yanvardan böyük Zəfərə

 

 

1990-cı ilin 20 yanvar tarixi...

Azərbaycanın müstəqilliyi, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış mərd xalqımızın qəhramanlıq salnaməsi...

Zülmə, istibdada, haqsızlığa qarşı mübarizəyə qalxan cəsur oğul və qızlarımızın əbədiyyət məqamı...

Uca millətimizin inam və iradəsini qırmaq, milli-azadlıq eşqini boğmaq məqsədilə törədilmiş faciə, qan yaddaşımız...

 

 

 

Şəhidlərimizin qisasını aldıq

 

 

 

Düz 34 il əvvəl Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhadət zirvəsinə ucalanların haqqın dərgahına uğurlandığı Şəhidlər xiyabanında müqəddəs bir and içmişdik. 1990-cı il yanvarın 20-də xalqımızın azadlığı naminə qanlı sovet imperiyasına qarşı qorxmadan haqq səsini ucaldan, dəmir rejimlə yalın əllə çarpışan bu qəhrəman oğullarımıza, qızlarımıza bir söz vermişdik. Uğrunda can qoyduqları, gözlərini belə, qırpmadan ölümə getdikləri Azərbaycanın müstəqilliyini təmin edəcək, torpaqlarımıza göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyümüzü qoruyacağıq. Bu amallar uğrunda ömrünü fəda edən şəhid övladlarımızın qanlarını yerdə qoymayacağıq.

Budur, artıq həmin andımızın gerçəkləşdiyi müqəddəs məqama yetişmişik.

Şuşada, Xankəndidə çaldığımız zəfərlər sayəsində iki əsrdir milli zəmində xalqımıza qarşı qətliamlar, soyqırımları törədən erməni qatillərindən qisasımızı almışıq. Qarabağdakı quldur yuvasını dağıdaraq qaniçən separatçıları Azərbaycan xalqının qarşısında baş əyməyə, diz çökməyə, yalvarmağa məcbur etmişik...

İndi Şəhidlər xiyabanına, ölkəmizin dörd bir yanında olan şəhid məzarlıqlarına özlərini torpaqlarımız uğrunda qurban verən qəhrəman övladlarımızın qanlarının yerdə qalmamasının təsvirəgəlməz mənəvi yüngüllüyü, Vətənin bütövlüyünün qürur hissi ilə yollanırıq.

 

 

 

Milli mübarizə tariximiz

 

 

 

Hər şey Qarabağın Azərbaycandan qoparılması ilə bağlı şovinist erməni millətçilərinin illər boyu gizli şəkildə yürütdükləri separatçılıq siyasətlərini açıq müstəviyə keçirmələri - 1987-ci ilin sonlarında yenidən qondarma "Dağlıq Qarabağ" problemini ortaya atmaları ilə başlamışdı. Rüşvətlə ələ aldıqları sovet imperiyasının başında oturanlarının da dəstəyi ilə separatçılar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda tarixi yurdlarında və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma evlərindən qovulmasına yönəlik mənfur fəaliyyətə start vermişdilər. Həmin zaman Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı  azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirir, gecə-gündüz milli mübarizəsini sürdürürdü.

Amma 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq hayqırışını boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı, günahsız insanlarımızı qətlə yetirdi, yaraladı, həbs etdi.

Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 

O məşum gecənin səhəri - yanvarın 20-də sovet qətliamına qarşı ayağa qalxan qəzəbli insan izdihamı "Azadlıq" meydanına axışdı, müstəqillik uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını tələb etdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Həmin vaxt Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.

 

 

 

Ulu Öndərin qətiyyətli vətənpərvərlik mövqeyi

 

 

 

1990-cı ilin məşum 20 Yanvar günündən sonra Azərbaycan xalqının  ürəyi yalnız bir amal üçün - müstəqillik üçün döyünməyə başladı və qanına susamış qəddar rejimə qarşı milli mübarizəyə qalxdı.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi.

Ulu Öndər təhlükələrdən çəkinməyərək hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Heydər Əliyev SSRİ rəhbərliyinin qərarını kəskin tənqid atəşinə tutaraq rəsmi açıqlama verilməsini tələb etdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır".

Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi.

 

 

 

Vətən eşqi - Zəfər zirvəsi

 

 

 

Azərbaycan xalqı cəsarətlə sürdürdüyü milli mübarizə sayəsində nəhəng SSRİ-nin süqutuna birbaşa səbəb olub müstəqillik qazandı, amma bu dəfə də təcavüzkar Ermənistanın işğal siyasəti ilə üz-üzə qaldı. Qaniçən erməni separatçılarının Xocalıda, Ağdabanda, Başlıbeldə, Ballıqayada və digər ərazilərdə törətdiyi bəşər tarixində rastlanmamış soyqırımlara, qətliamlara tuş gəldi.

Vətən müharibəsi dövründə də erməni cəlladları döyüş meydanından uzaq şəhər və kəndlərimizi atəşə tutaraq qətliamlar, soyqırımlar törətdilər.

Uşaq qatili Serj Sarkisyanın vaxtilə xarici mətbuata müsahibəsi zamanı murdar əməllərindən həyasızcasına bəhs etdiyi kimi, 44 günlük müharibədə Gəncə terrorunu törədən Arayik Harutunyan da utanmadan əlini xalqımızın qanına buladığını ağzı köpüklənə-köpüklənə etiraf edirdi.

Erməni quldurları bu mənfur əməlləri ilə gözümüzü qorxudacaqlarını, torpaqlarımızın işğalı ilə barışacağımızı güman edirdilər...

Amma 2020-ci ildə haqq mübarizəsinə qalxaraq torpaqlarını işğaldan azad edən Azərbaycan cəmi üç ildən sonra Qarabağ bölgəsində suverenliyini tam təmin etdi. Milli kimliyimizə düşmən kəsilən, heysiyyətimizlə oynayan cinayətkar  separatçılar qolları qandallı, başları aşağı halda Azərbaycan qanunları qarşısında cavab vermələri üçün Bakıya gətirildilər. Xalqımıza qarşı cinayətlər törətmiş bütün erməni caniləri layiqli cəzalarını mütləq alacaqlar... 

Azərbaycan xalqı bu günləri görməyin arzusu ilə ürəyində düşmənə qəzəb, qisas hissi illərlə səbirlə dözüb yaşadı. Nəhayət, haqq-ədalət qələbə  çaldı, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan bütün igid övladlarımızın qisası alındı.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 20 yanvar, ¹ 12.- S.10.