Qədim kəndin yeni dövranı

 

 

Kəndimizin hər məhəlləsindən bir roman yazmaq mümkündür. Onun kiçik tarixçəsi Azərbaycanın böyük tarixi ilə heyrətamiz dərəcədə üst-üstə düşən, uzlaşan acı bənzər hadisələrlə zəngindir. Artıq əsrlərdir ki, kəndimiz Qubanın 9 kilometrliyində, dağın döşündə tövrünü pozmadan, qürurunu sındırmadan illəri, qərinələri qarşılayıb yola salır. O, bir tərəfdən heç bir Azərbaycan kəndinə bənzəməsə , digər tərəfdən elə bütün kəndlərimizə bənzəyir.

Bizim Xucbalanın yaşı haradasa təxminən 2 min ilə yaxındır. Bu, fərziyyə deyil, illərlə aparılan dəqiq elmi araşdırmaların, arxeoloji qazıntıların dəqiqləşmiş yekunudur. Deyilənə görə, lap uzaq keçmişdə buradakı yüksəkliklərdə Uc adında bir şəhər olubmuş. Elə Xucbala da bu ucalıqlarda qərar tutan qədim şəhərin qalıqlarından biridir.

Biz uşaq olanda - ötən əsrin 60-cı illərində tarix elmləri doktoru Cabbar Xəlilov uzun illər kəndimizdə arxeoloji qazıntılar aparmış, heç kimə bələd olmayan keçmişin sirlərini üzə çıxarmışdır. Hər yay bu qazıntıları aparmağa Bakıdan arxeoloqlar hətta BDU-nun tələbələri gələrdilər. O vaxtlar qısa geyinmək dəbdə idi. Şəhər qızları da "mini" geyimləri ilə kəndimizin küçələrini "fəth" etmək istəyirdilər. Kənd qeyzlənmişdi. Böyüklər bizi necə qızışdırdılarsa, bir axşam boy verən gicitkənlərdən iri süpürgələr bağlayıb, cumduq qızların üstünə, vur ki vurasan. Qonaqların haray-qışqırıqları kəndi basdı.

Day ondan sonra bir Cabbar müəllimin tələbələrindən heç kim qısa ətəkdə kəndə çıxmağa cürət etmədi.

Yumorsuz, zarafatsız ötüşməyən kəndimiz həm Azərbaycanın zəngin keçmişə malik olan unikal kəndlərindəndir. Azərbaycanın yaşadıqları bütün müsibətlər faciələr onun da başına eyni dəqiqliklə gəlirdi. Rusiya işğalından tutmuş sürgünə, erməni qırğınlarından İkinci Dünya müharibəsinə kimi...

XIX əsrdə Rusiya ərazilərimizə soxulanda kəndimiz işğal edildi. Bir qədər sonra kəndimizin ən yaxşı torpaqlarına Rusiyadan malakanlar sürgün edildi. Onlar donuz saxlayıb Qusardakı hərbi hissəyə satırdılar. 50-60 il əvvəl qocalar xatırlayırdılar ki, donuzlar kəndin bağ-bağatına girər, həyət-bacaları murdar edərdilər. Ancaq yerli camaatın aramsız şikayətlərinə Quba qəzasından kimsə məhəl qoymazdı. Bu minvalla illər keçirdi. Bir dəfə isə necə olursa çarın vergiyığan məmurunu bu kənddə vurub öldürürlər. Qətli kimin törətdiyini hamı bilsə , heç kim onu satmır. Bu səbəbdən qatil tapılmadığı üçün birbaşa imperatorun əmri ilə bütün kəndi Muğanın ilanmələyən çöllərinə sürgün edirlər. Keçən əsrin 60-cı illərində 80 yaşlı nənəm Aybala xatırlayardı ki, adamlar sürgünə razı oldular, amma pristavın vergiyığanını kimin öldürdüyünü sirr kimi saxladılar.

Nənəm mənim üçün dünyanın ən gözəl qadınlarından biri idi. Qocalıqdan əlləri quruyub qaxac olmuşdu. Ən çox sevdiyim nənəmin yanında oturub onun dərisi qurumuş əllərinin üstündəki damarlarla necə aram-aram ürəyinin qanı qovmasını izləmək idi. Nənəmin əllərinə, üzünün damarlarına sanki uzaq keçmişin cod izləri  hopmuşdu.

Nənəm danışardı ki, Muğanın ilanmələyən susuz çöllərində bulaq suyuna alışan dağ adamları kəpənək kimi qırılırdılar. Bir ev tikirdilərsə, hər yurd yerinə qəbiristanlıqda 5-10 məzar qazırdılar.

Kəndimizin ağsaqqalları, ağbirçəkləri xatırlayardılar ki, rus çarının oğlu olanda camaat ona məktub yazıb gözaydınlığı verərək rica etdi ki, onları əfv edib kəndlərinə qayıtmağa icazə versin. Məktublarına çar qol çəkir, amma adamlara kəndlərinə 15 kilometrdən yaxına köçməyi qadağan edir.

Sürgündən qayıdanlar kəndin 15 kilometrliyində Aşağıxuc tərəfdə yurd salsalar da, kəndlərinə qatılmaları üçün  ruslardan əl çəkmirlər. İmkan düşən kimi pul yığıb evləri satın alırdılar. Ruslara deyirdilər ki, yüz il qalsa da sizə xeyir-dua verməyəcəyik, bu kəndi lənətlənmişik.

Birinci Dünya müharibəsi başlayanda rusların bir qismi səfərbərliyə alındı. Qalanları da tədricən başqa bir malakan kəndinə köçüb getdilər. Kəndimizin mərkəzində o vaxt rusların tikdiyi kilsə indi qalır. Allahın evidir deyə heç kim onun bir çöpünə toxunmağı ağlına belə gətirməyib.

Azərbaycanda kənd yolları əsasən əyri-üyrü, dolanbacdır. Amma Xucbalanın küçələri çox geniş düzdür. Rusların bir əsr əvvəl saldığı geniş küçələr bu gün olduğu kimi qalır. Kənd iki dəfə böyüsə , görkəmini, demək olar, zərrə qədər dəyişməyib. Kəndin mərkəzindən keçən asfalt yol da əvvəllər olduğu kimi, "Elçi yolu" adlanır. Xucbalanın dörd tərəfi indi yenə bağlarla əhatə olunub.

Kəndimizlə Digah arasında "Qanlı dərə" deyilən yer isə erməni-türk müharibəsinin yadigarıdır. Orada azərbaycanlılarla ləzgilər birləşib ermənilərə qarşı döyüşüblər, qan su yerinə axıb.

Sonralar sovet hakimiyyəti quruldu, kəndimizdə sovxoz yaradıldı. "Sovxoz" deyiləni biz belə sayardıq ki, sanki dədəmizin, babamızın halal malıdır. Amma sovxoz bağında təkcə bizim 5-10 alma ağacımız var idi. Kimsə onları dərib apara bilməzdi. Qoyun-quzunu da imkan düşən kimi vururduq sovxoz bağına ki, mal-qara tox olsun, cəmdəyinə ət yığsın.

Kəndimizin Qonaq dayı adlı briqadiri vardı. Bağa mal-qaranı vuranda qeyzlənərdi, amma atamla dost olduğundan dərinə getməzdi. Uzağı qışqırardı: "Ayə!!! Gəlin xeyratınızı çıxarın bağdan! Viran qoyduz dövlətin mülkünü". Zəhmli səsi olsa da, mərhəmətli idi, zarafatı başa düşürdü. Deyirdim ki, vallah, Qonaq dayı, bizim qoyunlar budaqları yemir, elə çərgələrin arasındakı alağı gəmirirlər, vəssalam. Anındaca cavabını alardım. "Adə, köpəkoğlu, deyirsən ki, mənim başım xarabdır? Mən bağları alaq etmək üçün niyə 20-30 fəhlə saxlayıram, niyə camaata maaş verirəm ki? Elə gəlib dədənin qoyunlarını vuraram cərgə arası alağa... Pulum da cibimdə qalar".

Bir sözlə, sovxoz çox qəribə bir qurum idi. Kimsə kimsədən inciməzdi. Hərə evinə dartıb aparmağa isə tapırdı. Yəni sovxozu elə dədəmizin malı sayırdıq. Kim haradan tuturdusa, oradan da qapırdı. Şah oğurluqların zamanı isə payızda gələrdi. Hamı doluşardı meyvə bağlarına, gecə-gündüz daşıyıb aparardılar evlərinə. Heç kimin ağlına gəlməzdi ki, oğurluq yaxşı deyil, hamımız halal sayırdıq, elə bilirdik sovxoz bizimdir.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra torpaqlar özəlləşdirildi insanlar mülk əmlak sahibinə çevrildilər. Amma əkib-becərməkdən yadırğamışdılar. Meyvə ağacları da qocalıb əldən düşmüşdü. Kim diribaş idi özünü oda-közə vurub bağ salırdı. Fərsizlərsə torpaqlarını su qiymətinə satırdılar. İndi tamam fərqlidir, hamı mülk sahibi, mülkədardır. Kimin hünəri nədir ki, kiminsə bağına girib oğurluq etsin. Yeddi arxa dönəninə od vurarlar!

Kəndimizin ətrafında hektarlarla yeni bağlar salınıb. Cavanlarımız becərməyi öyrəniblər, qulluq etməyi . Hamı bilir ki, ağac əkib bağ salmaq övlad böyütmək kimi çətin işdir. 1990-cı illərdən üzü bəri kəndimizdə aqrar sektorun siması dəyişib. Kənd camaatı əlinin qabarına güvənir. Bir hektar bağı olan da var, 10-20 hektar da... Kəndimizi yeni intensiv meyvə bağları üzük qaşı kimi mühasirəyə alıb. Day oğurluqla baş girləyən yoxdur. Hamı əziyyət çəkir, alın təri ilə məhsul yetişdirir. Elə bağ var 10 min manata başa gəlir, elə bağlar da var 20-30 min manatdan çox xərc aparır.

Özəlləşmədən sonra insanlar torpağa daha dərindən bağlanıblar. Hamı əldən-ayaqdan gedir ki, ruzisi bol olsun. Bağların bərəkəti artdıqca kəndin siması da dəyişir. Demək olar ki, hamı ikimərtəbəli ev tikir. Vaxt vardı, kənddə hamamın nə olduğunu bilən yox idi. Suyu qızdırar, bağda tiyan qoyub çimərdilər. İndi isə hamı evi elə tikir ki, içində hamamı da var, sanitar qovşağı da. 30 il əvvəl bibim Bakıda bizə gələndə dəli oldu ki, siz adam deyilsiz, evin içində tualetmi olar. Zəmanə dəyişib, indi bibimin kənddəki evinin hər iki mərtəbəsində hamam, tualet var.

Kəndimizin qocaları da, cavanları da öyünüləsi adamlardır. 50-yə yaxın gənc sonuncu Qarabaş döyüşündə cəngavər kimi döyüşüb. Ölümün üstünə qəhrəman kimi şığıyıblar. Onlar başımızın tacıdırlar. Qocaların da öz yeri var. Bayram kişi vardı. İşi-peşəsi çölləri gəzmək, kim xəstələnərsə ona dərman hazırlamaq idi. Kimini porsuqla müalicə edirdi, kimini quşlarla, kimini də bitkilərlə. Amma heç vaxt heç kimdən pul istəməzdi, nə versəydilər ona da qane olurdu. Kəndin mamaçası isə Sayad xala idi. 50 ildən yuxarı əlində nə bir uşaq öldü, nə də ki bir qadın.

İndi kəndimiz uzaqdan yeni qəsəbəyə oxşayır. Ümumi mənzərəsi də gözəldir. Kəndarası yollara daş tökülüb, mərkəzi yola isə çoxdan asfalt çəkilib. Kəndimizdə 60-cı illərdə o dövr üçün müasir məktəb tikilmişdi. Onu da söküb bu yaxınlarda yerində təzəsini inşa ediblər. Xucbalada oxuyanlar həmişə çox olub. Bu gün də kəndimizdən Azərbaycanın və xarici ölkələrin ali məktəblərində təhsil alanlar var.

Bizi məktəbə aparanda valideynlərimiz müəllimə deyirdilər ki, əti sənin, sümüyü mənim. Bu isə o demək idi ki, oxumasan, mütləq kötəklənəcəksən. İndi hamı çalışır ki, uşaqlarına savad versin. Bilirlər ki, hətta yaxşı bağban olmaq istəyənə belə, bilik lazımdır. Bir sözlə, ölkəmiz güclənib inkişaf etdikcə kəndimiz böyüyür, abadlaşır. 

 

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.7.