Rus-tatar qadın məktəbinin tanınmış pedaqoqu

 

 

Azərbaycanın təhsil tarixində müəyyən rolu xidmətləri olmuş qadın pedaqoqlardan  biri Leyla xanım  Rustəm bəy qızı Sultanovadır. Qeyd edək ki, L.Sultanova Qarabağın qubernatoru təyin edilmiş Xosrov bəy Sultanovun  qardaşı - Rüstəm bəyin qızıdır.

Arxiv materialları əsasında məlum olmuşdur ki, Leyla xanım Rustəm bəy qızı Sultanova 13 oktyabr 1895-ci ildə doğulmuşdur, bəy qızıdır, müsəlman məzhəbinə mənsubdur. O, təhsilini Bakı Müqəddəs Nina qadın məktəbində almışdır. Leyla xanım həmin tədris ocağının tam kursunu bitirdikdən sonra xüsusi olaraq rus dilini öyrənməkdən ötrü 1913-cü ilin sentyabrında elə orada təhsilini davam etdirmiş məktəbin tədris proqramını müvəffəqiyyətlə yerinə yetirmişdir.

Leyla xanım həmin dövrün müəyyən edilmiş qaydalarına uyğun olaraq Xalq Maarif Nazirliyinin 1874-cü il  avqustun 31-də təsdiq edilmiş əsasnaməsi ilə ev müəllimi adına layiq görülmüşdür.

Görkəmli maarifçi qız pedaqoji fəaliyyətlə məşğul olmaqdan ötrü 1916-cı il yanvarın  29-da  Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda bildirilmişdir ki, Leyla xanım Sultanova yanvarın 30-dan etibarən I rus-tatar məktəbinin işə çıxmayan müəllimi Hənifə  xanım Məlikovanı əvəz etmək üçün həmin tədris ocağına təyin olunur.

Yeri gəlmişkən qeyd edək ki, I rus-tatar qadın məktəbinin  müdiri olmuş Hənifə xanım Məlikova 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız gimnasiyasını  bitirmişdir. O, həyatının  müəyyən  dövrlərində Həsən bəy Zərdabinin "Cəmiyyəti-Xeyriyyə" qurumunda tərbiyəçi, Aleksandr "rus-müsəlman" qadın  məktəbində (1901-1909)   Bakı  şəhəri  I qadın "rus-müsəlman" məktəbində müdir vəzifəsində işləmişdir.

Hənifə xanım Məlikova həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) I qadın türk məktəbinin müdiri olmuşdur. O, sovet dövründə  pedaqoji fəaliyyətini davam etdirmişdir. 1935-ci ildə " Əkinçi" qəzetinin 50 illik yubileyi münasibətilə " Həsən bəy Məlikov-Zərdabinin  bioqrafiyası" adlı əsərini yazmışdır.

Məktəb Komissiyasının sədri 9 sentyabr 1916-cı ildə Leyla xanım Sultanovaya  yeni bir məktub göndərərək ondan xahiş edirdi ki, "sentyabrın 3-dən etibarən müvəqqəti olaraq Persidskaya (indiki Murtuza Muxtarov) küçəsində Nəsrulla Ağa Əlizadənin evində yerləşmiş ikinci qadın rus-tatar məktəbində mövcud olan boş müəllim  vəzifəsini  tutsun". Arxiv sənədləri təsdiq edir ki, Leyla xanım zamanın  tələbi ilə Bakıda müxtəlif qadın məktəblərində pedaqoji fəaliyyət göstərmişdir. L.Sultanova Məktəb Komissiyasının qərarı ilə 5 sentyabr 1916-cı ildə 2-ci şəhər rus-tatar qadın məktəbində ştatda olan müəllim vəzifəsinə təyin olunmuşdur. 1919-cu ilin oktyabrında müsəlman qızların 3-cü ali-ibtidai  məktəbinə  köçürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, 1919-cu ildə Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi fəaliyyət göstərmişdir. Bu da çox güman cümhuriyyət hökumətinin ölkədə həyata keçirdiyi məktəblərin milliləşdirilməsi siyasəti ilə bağlı idi. Tarixi mənbələr təsdiq  edir  ki, Leyla xanım Sultanova Azərbaycanda sovet hakimiyyəti qurulanadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Lakin təəssüflər olsun ki, sonrakı illər üzrə Leyla xanımın fəaliyyəti  haqqında heç bir məlumat əldə etmək  mümkün olmamışdır.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1950-ci illərin əvvəllərinə qədər Azərbaycan SSR- qanlı repressiyalar həyata keçirilməyə başlanmışdı. Həmin repressiyalar Azərbaycanın ali dövlət rəhbərləri, ruhanilər, ziyalılar varlı kəndlilərlə yanaşı, bütün Azərbaycan əhalisini əhatə edirdi. Repressiyalara əks-inqilabi fəaliyyətdə, casusluqda, antisovet təbliğatının aparılmasında şübhəli bilinən insanların güllələnməsi, həbs edilməsi, əmək düşərgələrinə göndərilməsi insanların SSRİ-nin digər bölgələrinə deportasiyaları da daxil idi.

XX  əsrin  20-50-ci illərində Azərbaycan qadınlarına  qarşı repressiyalara məruz qalanlardan biri  kimi  Leyla xanım Sultanova da  qeyd  edilməlidir.

Şəlalə Məmmədovanın "Anaların fəryadı" kitabında  Leyla  xanım Sultanovanın  Azərbaycan  Fövqəladə Komissiyasının  Xüsusi  Şöbəsi  tərəfindən  müsavatçılıqda  təqsirli  bilinərək 44 nömrəli orderlə 11 iyun 1921-ci ildə həbs edildiyi göstərilir.

Dövrünün tanınmış qadın pedaqoqu Leyla  xanım Sultanovanın maarifçilik  fəaliyyəti unudulmur, xatirəsi isə daim ehtiramla yad edilir.

 

Rafiq SƏFƏROV,

Milli Arxiv  İdarəsinin baş məsləhətçisi

Azərbaycan.-2024.- 25 yanvar, ¹ 15.- S.10.