"Dəmir yumruğ"u AŞPA da hiss etdi

 

Qərbin ermənipərəst dairələrinin riyakarlıqları qətiyyətlə cavablandırılır

 

 

 

Azərbaycan özünün qətiyyətli, müstəqil siyasəti olan dövlətdir və heç bir xarici təzyiq, təhdid, yaxud diktə ona təsir edə və ya öz yolundan döndərə bilməz. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması da ilk növbədə dövlətimizin qətiyyətli siyasətindən xəbər verir.  Bu addım göstərdi ki, istənilən riyakarlığın qarşısında Azərbaycan layiqli adekvat cavab verməyi bacaran dövlətdir. 

 

 

 

Bütün məkrli addımlar bir-biri ilə əlaqəlidir

 

 

 

Ümumiyyətlə, AŞPA-da Azərbaycana qarşı edilən ədalətsizliyə bu qurumun ölkəmizlə bağlı iddiaları prizmasından baxılmalı deyil. Bu təşkilatın respublikamızla bağlı  indiyədək hazırladığı bütün hesabatların yalnız və yalnız qərəzli, böhtan dolu yalanlardan ibarət olduğu ötən 23 ildə dəfələrlə öz təsdiqini tapıb. Azərbaycana qarşı "siyasi məhbus", korrupsiya ittihamları irəli sürən AŞPA bununla bağlı bir fakt belə ortaya qoya bilməyib. Bu qurumun dövlət orqanlarının məlumatlarına deyil, antiazərbaycançı qrupların əlaltıları olan ünsürlərin uydurmalarına əsaslanaraq hazırladığı hesabatlar da ölkəmizə qarşı iftiradan başqa bir şey olmayıb. Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham etmək isə gülünc doğurmaqla yanaşı, həm də bütün dəyərləri itirmək deməkdir.

Bu mənada AŞPA-nın "insan hüquqları" adı altında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsi və onun səsvermə hüququnu məhdudlaşdırması riyakar bəhanədən başqa bir şey deyil. O cümlədən prezident seçkilərini izləməyə AŞPA-nın dəvət olunmaması da bəhanədir. Çünki Azərbaycanın AŞPA-nı seçkilərə dəvət etməsi kimi öhdəliyi yoxdur. Əsas seçki izləyən institut olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur ki, onun da təmsilçiləri seçkiləri müşayiət edəcəklər.

Bu addımı ilə AŞPA Vətən müharibəsindəki qələbəmizə və Qarabağda erməni separatizminə son qoyulmasına görə sadəcə Azərbaycandan erməni lobbisinin sifarişi ilə qisas almaq istəyir.  Nəzər yetirsək görərik ki, AŞPA-nın bu çirkin addımı Fransa senatının Azərbaycana qarşı qətnamə qəbul etməsi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin  Azərbaycana qarşı çıxışı ilə bir vaxta təsadüf edir. AŞPA-nın bu qərəzi ölkəmizə qarşı erməni lobbisinin sifarişi ilə başlanmış "səlib yürüşü"nün tərkib  hissəsidir. Azərbaycana qarşı müxtəlif siyasi mərkəzlərdə atılan bütün məkrli addımların hamısı bir-biri ilə əlaqəlidir.  Ötən ilin oktyabrında "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edərək lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək açıq-aşkar Azərbaycanı təhdid etmişdi. Azərbaycanın bu quruma üzv olduğu 2001-ci ildən sonra ərazilərimizin işğalına, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə görə bircə dəfə də olsun Ermənistanı sərt şəkildə tənqid etməyən AŞPA-nın indi Azərbaycana qarşı bu cür davranması bu təşkilatın erməni lobbisinin alətinə çevrildiyini göstərir.

 

 

 

Antiazərbaycançı planlar alt-üst edilib

 

 

 

Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünün bərpasına nail olub. Beləliklə, Azərbaycan həm də öz ərazilərində beynəlxalq hüququn norma və prinsiplərini, BMT qətnamələrinin icrasını təmin edib. Məntiqi baxımdan baş verənlər beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilməlidir və olduqca qürurvericidir ki, ötən dövrdə beynəlxalq ictimaiyyət Azərbaycanın qələbəsini və regionda yaranmış yeni reallıqları qəbul edib.

Bu reallıqları qəbul etmək istəməyən qərəzli siyasi dairələrin başında isə Fransa durur və bu ölkə Vətən müharibəsindən sonrakı davranışları ilə sübut elədi ki, keçmiş Minsk qrupunun həmsədri olduğu illərdə, əslində, Ermənistanın işğal siyasətinə dəstək verməklə məşğul olub. Fransanın Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində döyüş mövqelərini gücləndirmək üçün mühəndis-istehkam dəstəyi göstərdiyi də məlumdur.  Son 3 ildə Paris ermənidən daha çox ermənilik edərək Azərbaycana qarşı məkrli əməllərlə məşğuldur. Qürurla deyə bilərik ki, Azərbaycan Fransanın bu riyakarlığının qarşısını BMT kimi mötəbər platformada qətiyyətlə alıb. Üstəlik, Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini qlobal müstəvidə qətiyyətlə ifşa edib. Bunun nəticəsi kimi həm də Fransanın müstəmləkəsi altında olan ərazilərdə xalqların öz müstəqillikləri uğrunda mübarizələri daha geniş vüsət alıb.

Azərbaycanla mübarizədə heç nəyə nail ola bilməyən Fransa onu da gözəl anlayır ki, qanunvericilik orqanlarında qəbul edilən qətnamələri də heç bir hüquqi dəyəri olmayan kağız parçalarıdır. Bu səbəbdən təsir dairəsinin olduğu və erməni lobbisinin əlində alətə çevrilən AŞPA-nın, eləcə də Avropa İttifaqı rəsmilərinin dəstəyi ilə məkrli siyasətini həyata keçirməyə cəhd edir.

2001-ci ildə Avropa Şurasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Reallıq odur ki, onun parlament assambleyası bu illər ərzində bir dəfə də olsun Azərbaycana qarşı xoş niyyətdən irəli gələn münasibət göstərməyib.

Onu da qeyd edək ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib, lakin istəyinə nail ola bilməyib. Bu tələbin özü AŞPA-nın əsl niyyətini ifşa edən həqiqətdir.

Bundan sonra Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla təzyiq formasını dəyişmək qərarı verib. Torpaqlarımız işğal altında olduğu dövrdə AŞPA heç vaxt həmin ərazilərlə maraqlanmayıb, ora məruzəçi göndərmək istəməyib. Amma antiazərbaycançı fəaliyyətinin növbəti göstəricisi kimi 2023-cü ildə 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Aydındır ki, AŞPA bununla ermənilərin "blokadada yaşadıqları"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabat hazırlamaq niyyətində olub. Lakin bu antiazərbaycançı niyyətlərin reallaşmasına Azərbaycan dövləti haqlı olaraq imkan verməyib.

Bu gün Qərb siyasi dairələrinin Azərbaycana qarşı hücumlarının əsas səbəbi ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olmasıdır. O cümlədən Avropa Parlamenti kimi AŞPA da Azərbaycanın müstəqil və qətiyyətli siyasətini həzm edə bilmir. Azərbaycan isə qətiyyətli siyasəti ilə bu təşkilatların, habelə Fransa kimi dövlətlərin həm layiqli cavabını verir, həm də onların riyakarlıqlarını qlobal səviyyədə ifşa edir. Azərbaycanın AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması ilə bu qurum da "dəmir yumruğ"u hiss etdi.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 27 yanvar, ¹ 17.- S.4.