Seçkilərə hazırlıq prosesində fəallıq müşahidə olunur

 

 

Növbədənkənar prezident seçkiləri otuz ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağımızda, Şərqi Zəngəzurumuzda da keçiriləcək.  Bu, hər bir azərbaycanlını fərəhləndirir, qürurlandırır. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Uzun illər doğma ocaqları üçün darıxan, dədə-baba yurdunun həsrətini çəkən, böyük zəfərimizdən sonra başlanan quruculuq, tikinti, abadlıq işləri nəticəsində geri qayıdan sakinlərin sevincini təsvir etmək mümkünsüzdür.

Yurdu, evi işğalçı ermənilər tərəfindən qəsb edilən otuz il Ermənistan silahlı qüvvələri tərəfindən əsarət altında saxlanılan, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan bu insanların yuxuları çin olub, ən böyük arzuları gerçəkləşib.

Qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda, Şərqi Zəngəzurda üç ildir ki, genişmiqyaslı, sürətli abadlıq, yenidənqurma işləri həyata keçirilir. Artıq dədə-baba yurdunda tikilmiş yeni evlərinə köçürülüb yaşayanlar da var, yır-yığış edib yol gözləyənlər . Doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb.

Yenidən həyatın canlanmağa başladığı Şuşada, Laçında, Cəbrayılda, Qubadlıda, Ağdamda, Füzulidə, Zəngilanda, Ağdərədə, Kəlbəcərdə, Xocalıda, Xankəndidə, Xocavənddə bu il səsvermə keçiriləcək. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əhalinin daimi məskunlaşdırıldığı yaşayış məntəqələrimizdə seçicilərin yüksək fəallıq nümayiş etdirəcəyi gözlənilir. İşğaldan azad edilən ərazilərimizdə artıq 26 seçki məntəqəsi təşkil olunub. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Seçicilərin 3700 nəfəri qeyd olunan ərazilərə daimi yaşamaq üçün qayıdanlardır. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək ölkə vətəndaşlarının sevinci isə ikiqatdır. Çünki onlar birinci səsvermə hüquqlarından qalib ölkə vətəndaşı kimi istifadə edəcəklər. Hazırda həmin gənclərin maarifləndirilməsi üçün bir sıra işlər aparılır. Bunlardan biri Azərbaycan Respublikası prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı təşkil olunan seminarlardır. Bu maarifləndirici seminarlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə keçirilir. "Secki-2024.az  saytının xəbərinə görə, seminarların təşkilində əsas məqsəd tələbə gəncləri seçki sistemi, seçicinin hüquq vəzifələri barədə məlumatlandırmaq, eləcə fevralın 7-də keçiriləcək seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin seçici fəallığının artırılmasıdır.

Bu il yanvarın 12-dən 24-dək təhsil müəssisələrində keçirilən sessiyalarda səsvermə hüququna malik ümumilikdə 15 minə yaxın tələbə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə seçki gününədək seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məlumatda o da bildirilib ki, mütəmadi təşkil olunan sessiyalara ötən ilin dekabrın 27-dən etibarən başlanılıb. İndiyədək 100-dən çox təhsil müəssisəsində görüşlər keçirilib. Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində baş tutan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali orta ixtisas təhsili müəssisələrinin hər birində davam etdirilməsi nəzərdə tutulub.

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin bütün ölkə ərazisində yaradılmış hər bir seçki məntəqəsində demokratik əsaslarla keçirilməsi üçün işlər aparılır. Səffaflığın təmin edilməsində qeyri-hökumət təşkilatları (QHT) da yaxından iştirak edir. Seçki müşahidəçisi kimi onların müraciətlərində yüksək fəallıq qeydə alınıb. "Secki-2024.az" saytının məlumatına görə, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim edilib.

Müqayisə üçün bildirilib ki, seçki günü respublikanın bütün ərazisində müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Məlumata əsasən, müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 qeyri-hökumət təşkilatını əhatə edir.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.8.