Özbək xalqı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsini qazandığı uğurları qürur hissi ilə izləyir

 

Ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinin belə geniş nüfuzlu tərkibdə ölkəmizə səfərini iki dost qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının daha bir göstəricisi kimi dəyərləndirib. “Tarixi köklər, ortaq dini-mədəni dəyərlər üzərində formalaşan bu münasibətlərin davamlı inkişafı xalqlarımızın rifahı üçün Allah-Taalaya dualar edirəm. Qonaqların mühüm hadisə - seçkilər ərəfəsində təşrif buyurmaları xüsusilə əlamətdardır”, - deyə Allahşükür Paşazadə qeyd edib.

Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında səmimi dostluğa qarşılıqlı etimada söykənən münasibətlərin dövlətlərimizin tərəqqisinə vəsilə olacağına inandığını bildirib. Azərbaycanın haqlı mövqeyini beynəlxalq müstəvidə daim dəstəklədiyinə görə Özbəkistan dövlətinə minnətdarlığını bildirən QMİ sədri Qarabağ Zəfərindən sonra erməni işğalından azad edilən Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbinin inşasını açılış mərasimində Özbəkistan dövlət başçısının şəxsən iştirakını qardaş özbək xalqının mənəvi dəstəyi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan xalqı üçün dostların mənəvi dəstəyi hər zaman qiymətlidir.

Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran şeyxülislam Allahşükür Paşazadə bu sahədə atılan addımlardan, həyata keçirilən işlərdən danışıb, Azərbaycanın dünyada dinlər, məzhəblər mədəniyyətlərarası dialoqa çox mühüm töhfələr verdiyini qeyd edib. O, QMİ ilə Özbəkistan Müsəlmanları İdarəsi arasında əlaqələrin səviyyəsindən razılığını bildirib, son illər bu münasibətlərin daha bir ciddi platformada - Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasında davam etdiyini vurğulayıb, bu qurumun xətti ilə mühüm addımların atıldığını deyib.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq vurğulayıb ki, özbək xalqı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsini, siyasi, iqtisadi, o cümlədən dini dözümlülük multikulturalizm sahəsində qazandığı uğurları sevinc qürur hissi ilə izləyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası dostluq qrupunun üzvləri, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.

 

Azərbaycan.- 2024.- 27 yanvar, № 17.- S.10.