Paşinyan-kilsə qarşıdurması böyüyür

 

 

Hayastanda katolikos II Qareginə qarşı yeni hərəkat yaradılıb

 

 

 

Ermənistanda ictimai-siyasi vəziyyətin daha böyük sürətlə gərginləşməsi müşahidə olunur. Belə ki, son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın yenidən revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. Sarkisyan-Koçaryan tandemi  kilsəni siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə cəhd göstərir. Yəni görünən odur ki, Hayastanda kilsə hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. 

Artıq ölkədə yeni etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bu dəfə hədəfdə ümumerməni katolikosu II Qaregindir. "4rd.am" nəşrinin yazdığına görə, Nikol Paşinyanın tərəfdarları fevralın 24-də katolikos II Qareginin istefası tələbi ilə mitinq keçirməyi planlaşdırırlar. Bildirilib ki, aksiya bu yaxınlarda Hayastana köçmüş ABŞ vətəndaşı Andranik Dovlatyanın təşəbbüsü ilə keçiriləcək. Bu məqsədlə "Vardanank" ("Şükranlıq") adlı yeni hərəkat yaradılıb. O, Hayastan hökumətinin fəal tərəfdarından sayılır. Mətbuatda baş nazir Nikol Paşinyan hakim "Mülki müqavilə" partiyasının müdafiəsi ilə bağlı yazılar dərc edir. Andranik Dovlatyan Hayastan vətəndaşlarını II Qareginə qarşı aksiyaya qoşulmağa çağırıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyan Hayastanda iki istiqamətdə islahatlar planlaşdırır. Bunlar yeni konstitusiyanın hazırlanması, Eçmiadzin kilsəsində kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, 6 il öncə hakimiyyətə gələn Paşinyan II Qareginə qarşı çıxmışdı.  Lakin sonradan o, münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu yox idi. Paşinyan II Qaregin onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif etmişdi. Lakin I Aram bu təklifdən imtina edərək Paşinyana bildirmişdir ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur olmuşdur.

Hayastanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin dəstəyinə nail olmağa çalışırlar. Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə , səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb.

Paşinyan hökuməti kilsə başçısına qarşı mübarizəsini Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib.

Hayastanda kilsə ilə hökumət münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaregin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.

Bir neçə il bundan öncə  Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi.  "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o, agentdir xalqın xeyrini zərrə qədər düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.

Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövrdə daha çətin günlərin qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.16.