AŞPA-nın gülünc doğuran bəhanələri

 

 

Bu "fəaliyyəti" ilə təşkilat, sadəcə olaraq, özünü hörmətdən salır

 

 

 

"Avropanın bəzi siyasi dairələrinin xeyir-duası ilə AŞPA Azərbaycanın  qurumdakı fəaliyyətinə veto qoymağa çalışırdı. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal ediləndə Avropa bizim heç bir çağırışımıza əhəmiyyət vermədi. Bəhanəsi ondan ibarət idi ki, onlar guya insan hüquqları ilə məşğuldurlar".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, avropalılar 2024-cü ilin Azərbaycanı ilə 1990-cı illərin Azərbaycanının eyni olmadığını unudurlar: "AŞPA Azərbaycanı onların nümayəndələrinin növbədənkənar prezident seçkilərinə dəvət olunmamasına görə ttiham edir.  Harda yazılıb ki, biz seçkilərə görə AŞPA üzvlərini dəvət etməliyik? ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun nümayəndələri dəvət olunub gəlib. Əsas seçki izləyən institut Demokratik Təsisatlar İnsan Hüquqları Bürosudur. Belə çıxır ki, Avropanın burada maraqları var. Onlar Qarabağdan köçən ermənilərə qarşı guya "etnik təmizləmə" həyata keçirildiyini iddia edirlər. Axı, Ermənistan özü etiraf edib ki, heç bir etnik təmizləmə, zorla çıxarılma olmayıb. Özləri etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Onda AŞPA istəyir?"

Deputat qeyd edib ki, Avropaya zəif Azərbaycan, itaət edən ölkə lazımdır. Güclü, müstəqil siyasət yürüdən Azərbaycanı qəbul edə bilmirlər: "AŞPA-da "at oynadan" Fransa Azərbaycana qarşı düşmən siyasəti ilə tanınır. Hər kəsə məlumdur ki, ermənidən çox erməni olan Fransa Azərbaycanın heç bir uğurunu qəbul etmir. Azərbaycansız bizimlə bağlı qərar qəbul etmək istəyir. AŞPA-nın Azərbaycanı ittiham edən sənədlərindən biri odur ki, müşahidəçilər Qarabağ ərazisinə gəlmək istəyiblər Azərbaycan qoymayıb. Hər məkrli niyyətlə gələnə icazə verilsə, onda necə suveren, müstəqil dövlət olmaq olar?"

A.İsgəndərov bildirib ki, Avropa Şurası bu əməlləri ilə əslində özünü hörmətdən salır: "Biz Avropa Şurasına 2001-ci ilin yanvarında üzv olanda ən böyük arzumuz istəyimiz o idi ki, bu şura ölkəmizin haqq işini müdafiə edərək Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etsin. Amma bununla bağlı zaman məsələ qaldırılırdısa, Avropa siyasiləri, AŞPA-nın rəhbər şəxsləri deyirdilər bizim işimizin adı insan hüquqları ilə bağlıdır. Yəni Azərbaycana keçmiş münaqişə ilə bağlı heç bir dəstək olmadı".

Deputat vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin qəbul etdiyi qərarı xalqımız dəstəkləyir. Çünki AŞPA-nın son hərəkəti bir qrup deputata qarşı deyil, ümumilikdə Azərbaycan əleyhinə təxribatdır. Azərbaycan da AŞPA-nın bu qərarına etiraz edir. AŞPA-nın bu ədalətsiz mövqeyi qədər davam edəcəksə, Azərbaycan  da buna o qədər sərt münasibətini göstərəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.3.