Mina təhlükəsi davam edir
Bu, ermənilərin insanlıq əleyhinə qanlı
əməllərinin təzahürüdür
Müharibələr həmişə insanlara
böyük fəlakət, dərd və bəla gətirib.
Ürəklərdə, qəlblərdə sağalmaz yaralar
açıb.
Mərmilər, raketlər bir anın içində
binaları yerlə yeksan edir, şəhərləri, kəndləri
viran qoyur, təkcə insanların deyil, təbiətdəki
bütün canlıların həyatına son qoyur.
Döyüşlərin şiddətindən
bir-birindən gözəl şəhərlər qısa
müddət ərzində cəhənnəmə
dönür, yüz illərin xarabalığına
çevrilir. İnsanlar uzun illər müharibənin törətdiyi
bəlaların, ağrı-acıların əzablarını
yaşamalı olurlar. Günlərin birində başlayan
müharibələr elə günlərin birində də
sona çatır. Mina təhlükəsi isə uzun illər
çəkir. Minalar pusquda dayanmış düşmən
kimi, hər fürsətdə can almaqda davam edir. Minalar
canlı döyüşçüdən də qorxuludur.
Çünki o gözə görünmür,
varlığını qəflətən partlayıb can alanda
bildirir. Onda da onu zərərsizləşdirmək, qəlpələrindən
qaçmaq mümkün olmur.
Vətən müharibəsi Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi
altında Zəfərlə başa çatdıqdan sonra
qarşıda dayanan ən vacib vəzifələrdən biri
işğaldan azad edilmiş ərazilərin mina və
partlamamış hərbi sursatlardan təmizlənməsi oldu.
Bu mühüm vəzifəni yerinə yetirmək
üçün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə
ermənilərin basdırdığı minaların xəritələrini Ermənistandan
tələb etdi. Rəsmi İrəvan isə əvvəlcə
bu cür xəritələrin mövcud
olmadığını bildirdi. Amma çox təkiddən
sonra fikrini dəyişib xəritələrin bir hissəsini
verdi. Amma təəssüflər ki, verilən bu xəritələrin
25 faizi dəqiq oldu. Erməni riyakarlığı, erməni
hiyləgərliyi bu məsələdə də
özünü göstərdi.
Artıq xeyli müddətdir işğaldan azad
olunmuş ərazilərimizə Böyük
qayıdış başlayıb. Nə qədər çətin
olsa da, ərazilər minalardan və digər partlamamış
hərbi sursatlardan təmizlənir, doğma ocaqlarına
qayıdacaq insanların təhlükəsizliyi yüksək səviyyədə
təmin olunur. Qəbul edilmiş "Böyük
Qayıdış" dövlət proqramına əsəsən,
2026-cı ilə qədər 140 min nəfərin Qarabağa və
Şərqi Zəngəzura köçürülməsi nəzərdə
tutulur. Bu gün həmin ərazilərdə
genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral
avtomobil yolları, elektrik xətləri, su xətləri
çəkilir, dəmir yolları salınır, infrastruktur
qurulur.
İkinci Qarabağ müharibəsi Zəfərlə
başa çatsa da, Azərbaycan mina terrorundan əziyyət
çəkir. İnsanların təhlükəsizliyinin təmin
olunması məqsədilə bu dəhşətli,
ölümsaçan bəla ilə təkbaşına
mübarizə aparır. Azad edilmiş ərazilərdə
baş verən və insan itkisi ilə nəticələnən
mina partlayışları bir daha göstərir ki, ermənilər
ərazilərimizi kütləvi şəkildə minalarla
çirkləndiriblər. Müharibənin başa çatmasından
beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ
də işğaldan azad olunmuş ərazilərdə
partlayış səsləri eşidilir, insanlar tələf
olur, ağır xəsarətlər alırlar. Elə bu
günlərdə hərbçilərimizin
maşınının Kəlbəcər rayonunun Vəng kəndində
minaya düşməsi və xəsarət alması xəbəri
hamımızı sarsıtdı. Bütün bunlar onu
göstərir ki, müharibə bitsə də, ermənilərin
basdırdığı minalar dəhşət saçmaqda
davam edir.
Mütəxəssislərin ilkin qiymətləndirmələrinə
görə, ermənilər işğal dövründə
torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar.
44 günlük Vətən müharibəsi başa
çatandan indiyə qədər 400 nəfərə
yaxın vətəndaşımız bu minaların qurbanı
olub. Minaya düşən vətəndaşlarımız
hadisə zamanı ya həyatlarını itiriblər, ya da
ağır bədən xəsarətləri alıblar.
Ümumiyyətlə isə Ermənistanın Azərbaycanın
ərazilərinə qarşı hərbi təcavüzünün
başladığı vaxtdan indiyədək 3500-ə
yaxın vətəndaşımız minalardan zərər
çəkib. Ürək ağrıdan odur ki, onların
arasında uşaqlar da var. Təəssüflər
olsun ki, hələ də işğaldan azad olunmuş ərazilərimizdə
mina təhlükəsi qalmaqdadır.
Münaqişə bitdikdən sonra da
riyakarlığından, qan tökmək niyyətindən əl
götürməyən Ermənistan Laçın yolundan
yararlanaraq Azərbaycan ərazilərinə minalar döşəməyə
davam edib. Ərazilərdə təmizləmə işləri
aparılarkən 2021-ci il Ermənistan istehsalı olan piyadalar əleyhinə
minlərlə mina aşkarlanıb. Bu faktlar bir daha sübut
edir ki, 44 günlük Vətən müharibəsi başa
çatandan və 10 noyabr 2020-ci il Bəyanaməsi imzalanandan
sonra da Ermənistan üzərinə götürdüyü
öhdəliklərə zidd olaraq, Laçın yolundan
çirkli məqsədlər üçün istifadə
edib. 2022-ci ildə Laçın və Kəlbəcər
rayonlarının ərazilərində təmizləmə
işləri aparılarkən 2021-ci il Ermənistan
istehsalı olan 2700-dən çox piyada əleyhinə mina
aşkarlanıb. Aşkarlanan minalar bir daha ermənilərin
çirkin əməllərini bütün dünyaya göstərir.
Öz təsdiqini tapmış bu faktlar ermənilərin
insanlıq əleyhinə olan qanlı əməllərinin
sonu deyil. 2023-cü ilin sentyabr ayında uğurla həyata
keçirilən antiterror tədbirlərindən sonra, Rusiya
sülhməramlı qüvvələrinin müvəqqəti
yerləşdirildiyi Azərbaycan ərazilərində 500 mindən
artıq mina basdırıldığı məlum olub.
Bütün bu faktlar dönə-dönə təsdiq edir ki,
Ermənistan terrorçu dövlət olub. Ermənistanın
mina xəritələrini verməməkdə əsas mədsəd
və amalı keçmiş köçkünlərin
doğma ocaqlarına qayıtmağına müəyyən
çətinliklər yaratmaq, bacardığı, gücü
çatdığı qədər bu prosesi ləngitmək və
əngəllər törətməkdir. Qəsbkarlar başqa
niyyət və məqsədlərinə
çatmadıqları kimi, bu istəklərinə də
çatmayacaqlar. Düşmən nə edir etsin, insanların
doğma ocaqlarına qayıdışına əngəl
törədə bilməyəcək. Getdikcə dünyada
iqtisadi və siyasi gücü
artan, beynəlxalq aləmdə söz sahibinə çevrilən
Azərbaycan qarşısına qoyduğu hədəflərə
yüksək səviyyədə nail olacaq. Qısa müddət
ərzində işğaldan azad olunmuş ərazilər
minalardan və partlamamış hərbi sursatlardan da təmizlənəcək,
keçmiş köçkünlər doğma ocaqlarına
qayıdacaqlar.
Qarabağ və Şərqi Zəngəzur ərazilərinin
minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi
işinin daha da sürətləndirilməsi məqsədilə
bu gün innovasiyalardan, texnologiyalardan, dronlardan və süni
intellektin imkanlarından geniş istifadə olunur.
İşğaldan azad edilmiş ərazilərdə
minaların təmizlənməsi işinə yerli istehsal olan
texnikalar da cəlb edilir. Bütün bunlar çox müsbət
nəticələr verməkdədir. Bir sözlə, ərazilərimizin
minalardan təmizlənməsi işləri sürətlə
davam edir. "İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi
sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və
digər partlayıcı qalıqlardan təmizlənməsi
işlərinin 2026-cı ilə qədər davam etdirilməsi
planlaşdırılır. Dövlət Proqramında nəzərdə
tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi
minalardan təmizlənəcək. Bu ərazilərə
qayıdan keçmiş köçkünlər doğma
ocaqlarında dövlətin tikdiyi evlərdə rahat, firavan həyat
yaşayacaqlar.
Vahid MƏHƏRRƏMOV
Azərbaycan .- 2025.-7 avqust (№163).- S.5.