Rusiya Azərbaycana
qarşı təhdid kampaniyası həyata keçirir
Rusiyanın son dövrlər Azərbaycana qarşı
atdığı addımlarında qonşuluq münasibətinə
yaraşmayan hərəkətlər özünü göstərir.
Hazırda dünyada təklənən Rusiyanın strateji
müttəfiqinə qarşı belə xoşagəlməz
münasibət sərgiləməsi yaxşı heç nə
vəd etmir.
TASS informasiya agentliyində Azərbaycanın ərazi
bütövlüyünü şübhə altına alan ifadələrin
yer alması Kremlin işğalçı ölkəni dəstəklədiyini
bir daha göstərir.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı
Aqşin Kərimov qəzetimizə açıqlamasında
bildirib ki, Rusiya Azərbaycana qarşı imperiya imperativləri
ilə təhdid kampaniyası həyata keçirir. Onun
sözlərinə görə, bunun üçün Kreml
koordinasiyalı informasiya əməliyyatları və təbliğat
hekayələri yaratmağa çalışır:
"Keçmiş Qarabağ münaqişəsinə istinad
və onun bugünkü vəziyyətlə
uyğunlaşdırılması cəhdi Rusiyanın Azərbaycana
qarşı ərazi bütövlüyü üzərindən
ritorik xətlər ətrafında birləşdiyini göstərir. Lakin Azərbaycan Rusiyanın təbliğat
alətlərindəki emosional mülahizələrin çəkisini
sıfırlamaq üçün əks-həmlələr
reallaşdırır və Moskvanı məsuliyyətli
olmağa çağırır. Eyni zamanda Bakı Türkiyə
ilə strateji müttəfiqlik əlaqələrini dərinləşdirir,
paralel olaraq NATO ilə tərəfdaşlıq münasibətlərini
irəlilədir. Bunlar Rusiyaya qarşı cəbhə kimi nəzərdən
keçirilməsə də, Azərbaycanın çəkindiricilik
imkanlarına müsbət təsirlər göstərir".
Ekspert qeyd edib ki, Azərbaycanın faktiki müdafiə
doktrinası Rusiyadan gələn təhlükələri
azaltmaq üçün strateji imkanları özündə cəmləşdirir.
Deməli, Azərbaycan Rusiya ilə əlaqələrdə məsuliyyətli,
Rusiya isə əksinə olaraq məsuliyyətsiz mövqedədir. "Azərbaycan tələb edir
ki, Rusiya xarici siyasətdə daha rasional davransın, lakin
Kremlin Ukraynadakı müharibə səbəbi ilə
yuvarlandığı geosiyasi boşluqlar onu radikallaşmaq
üçün əsassız davranışlara doğru
sürükləyir. Bu, Rusiyanın Cənubi Qafqazda
özünü emosional aktor kimi göstərməklə səciyyələnir.
Hərçənd ki, Rusiya Azərbaycanın
yaratdığı reallıqları və bunun üzərində
formalaşdırdığı regional təhlükəsizlik
paradiqmalarını geri oxuda bilmək potensialında deyil.
Əvəzində isə Rusiya yatmış kəşfiyyat
hücrələrini aktivləşdirir və bununla regional
qorxu yaratmaq kampaniyası yürüdür", - deyə o
bildirib.
A.Kərimov vurğulayıb ki, bununla belə, Rusiya Azərbaycanın
Ermənistan üzərindəki təsir
rıçaqlarını zəiflədə bilməyəcək.
Əsmər QARDAŞXANOVA
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.5.