Etiraf etmək və üzr istəmək böyüklükdür
Bəs özünü
böyük dövlət
sayan Rusiyaya bu böyüklüyü nümayiş etdirməyə
nə mane olur?
"Azərbaycan Hava
Yolları"na məxsus
"Embraer 190" tipli sərnişin
təyyarəsinin Aktau
Hava Limanı yaxınlığında qəzaya
uğraması ilə
bağlı Beynəlxalq
Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı
əlavəsinin tələblərinə
uyğun aparılan araşdırmanın ilkin
hesabatı yayılıb.
Hesabatda qeyd olunur ki, təyyarənin
konstruksiyasında kənar
obyektlərin izləri
aşkarlanıb.
Bunun belə olacağı öncədən
bəlli idi. Hələ qəzanın ilk günləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin
ailə üzvləri
və sağ qalan təyyarə bələdçiləri ilə
görüşündə demişdir: "Əminliklə
deyə bilərəm
ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında - red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin
üzərindədir. Biz
ədalət tələb
edirik, günahkarların
cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb
edirik. Çıxışında "qara qutu"ların şifrəsinin
açılması prosesinin
getdiyini söyləyən
dövlətimizin başçısı
qeyd edib: "Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri
öyrənəcəyik və
hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi
də məlum olacaq. Təbii ki, bu, faciənin
tam araşdırılması
və onun günahkarlarının cəzalandırılması
işində mühüm
məqam olacaq".
Mütəxəssislər bilirlər ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və
kabinadakı səsləri,
məsələn, pilotların
səslərini və
kənar səsləri
yazır. FDR (Flight
Data Recorder - uçuş
məlumatları qeydiyyatçısı)
isə vaxt, hündürlük, uçuş
sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları
ilə bağlı vacib parametrləri izləməlidir. Qeyd edək ki, "Embraer
190-100 IGW" təyyarəsində hər iki funksiyanı
birləşdirən iki
cihaz mövcud olub. Təyyarənin Aktau Hava Limanı
yaxınlığında qəzaya
uğraması ilə
bağlı Qazaxıstan
Nəqliyyat Nazirliyinin
ilkin hesabatında isə qeyd olunur
ki, AZAL uçuşqabağı
bütün prosedurlara
tam riayət edib. Komandir və ekipaj üzvləri tərəfindən
uçuşa hazırlıq
işləri həyata
keçirilib: "Uçuşdan
əvvəl hava gəmisinə "SILK WAY TECHNICS" şirkətinin texniki heyəti tərəfindən
03:00-da "DEPARTURE CHECK" çərçivəsində
baxış keçirilib
və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul
olunub".
Bu yerdə xatırladaq ki, AZAL-ın təyyarəsinin konstruksiyasında kənar
obyektlərin izləri
aşkarlanıb. Hava gəmisində dəlib keçən zədələr
onun konstruksiyasına kənar obyektlərin təsir etdiyini göstərir. Belə ki, qorunub saxlanılan
fraqmentlərin ilkin müayinəsi nəticəsində
təyyarənin quyruq
hissəsində, şaquli
stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında
müxtəlifölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkarlanıb:
"Oxşar zədələr
hava gəmisinin sol mühərrikində və sol qanadında,
həmçinin hava gəmisinin aqreqat və komponentlərində
də aşkar edilib. Bəzi yerlərdə zədələr
düzgün düzbucaqlı
formaya malikdir", - deyə hesabatda qeyd olunub.
Müəyyən edilmiş
bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib. Dəlib
keçən zədələrin
əksəriyyəti təyyarənin
quyruq hissəsində
- kil və stabilizatorda yerləşir.
Kor zədələr müəyyən olunan yerdən çoxlu sayda kənar obyektlər götürülüb.
Dəlib keçən
zədələrin mənbəyini
və xarakterini müəyyən etmək
üçün lazımi
araşdırma və
ekspertiza aparılacaq.
Ümumiyyətlə, 53 səhifədən
ibarət hesabatda təyyarənin hidravlik sistem bölməsindən,
stabilizator idarəetmə
mexanizmindən və digər hissələrindən
çıxarılan kənar
metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin
fotoları və bort qeydedicisinin yazıları da yer alıb.
Bütün bunlardan
sonra belə qənaətə gəlmək
olar ki, Rusiya səmasında mülki təyyarəmiz gözlənilən təhlükə
barədə xəbərdar
edilmək əvəzinə
vurulub. Ardınca isə "Kavyor" rejimi tətbiq edilib. Ciddi zədələnmiş,
amma qəzadan xilas olmaq imkanı
olan təyyarəyə
yaxınlıqda olan heç bir hava limanına enməsinə icazə verilməyib. Bu azmış kimi, üstəlik, xüsusi radioelektron cihazlarla hərəkəti əngəllənib.
Təyyarəyə vaxtında
yaxınlıqda olan hava limanlarından birinə, elə Qroznıya enmək üçün şərait
yaradılsaydı, heç
şübhəsiz ki,
qəzadan tələfatsız
qurtulmaq olardı. Hadisə nəticəsində
iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə
bələdçisi və
35 sərnişin həyatını
itirib. Pilotların, bələdçilərin yüksək
peşəkarlığı və cəsurluğu sayəsində qəzada
29 nəfər sağ
qalıb.
Əslinə qalsa,
hadisənin bütün
təfərrüatı Rusiya
dövlətinə bəlli
idi. Bircə o qalırdı Rusiya
dövləti məsuliyyəti
öz üzərinə
götürüb günahkarları
cəzalandırsın, həlak
olanların ailələrinə
və Azərbaycan dövlətinə dəymiş
ziyana görə təzminat ödəsin.
Xatırladaq ki,
2020-ci ilin noyabrında Azərbaycan tərəfindən Rusiyanın
Mi-24 hərbi vertolyotu
səhvən vurulmuşdu.
İki ekipaj üzvünün ölümü,
bir nəfərin yaralanması ilə nəticələnmiş bu
hadisədən dərhal
sonra Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadan üzr istəyib və kompensasiya ödəməyə hazır
olduğunu bildirmişdir.
Haqlı olaraq Azərbaycan da Rusiyadan eyni addımı gözləyirdi.
Çox təəssüf
ki, biz bunu
görmədik. Əksinə,
Rusiyanın bəzi dairələri etiraf əvəzinə hadisəni
ört-basdır etmək,
qəzada günahsız
olduqlarını isbat
etməyə çalışdılar.
Bu azmış kimi, Rusiyanın bəzi mətbuat orqanlarında ölkəmizin
əleyhinə məlumatlar
dərc edildi.
Artıq "Azərbaycan
Hava Yolları"
QSC-yə məxsus
"Embraer 190" tipli sərnişin
təyyarəsinin Aktau
Hava Limanı yaxınlığında qəzaya
uğraması ilə
bağlı Qazaxıstan
Nəqliyyat Nazirliyinin
ilkin hesabatı açıqlanıb. Hesabatda
qeyd olunan faktlar bir daha
təsdiq edir ki, təyyarə Rusiya səmasında vurulub.
Qalır bu ölkə tərəfindən
faciənin etirafı və günahkarların cəzalandırılması.
Elşən QƏNİYEV,
Azərbaycan.-2025.-
6 fevral (№ 22).- S.5.