Füsunkar təbiət, bərəkətli torpaq, işgüzar əhali

 

Bunların cəm olunduğu Göygöl rayonu ötən ili necə yola salıb

Azərbaycanın təbiət gözəlliklərindən söz düşəndə ilk yada düşən rayonlardan biri Göygöldür. Ecazkar təbiət mənzərələrindən korluq çəkməyən Göygöl son illər həyata keçirilən irimiqyaslı tədbirlər, iqtisadiyyata cəlb olunan investisiyalar hesabına daha da inkişaf etmiş, daha da abadlaşmışdır. Reallaşdırılan infrastruktur layihələri əhalinin həyat səviyyəsini yüksəltmişdir.

Bu inkişafı, bu dəyişikliyi keçən ilin sosial-iqtisadi nəticələri təsdiqləyir. 2024-cü ili uğurla yola salan göygöllülər bütün sahələr üzrə fərqlənmişlər. İstər kənd təsərrüfatında, istərsə digər sahələrdə yüksək göstəricilər əldə olunmaqla rayon iqtisadiyyatında əsaslı dönüş yaranmışdır. Rəqəmlərə müraciət edək: il ərzində iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının dəyəri əvvəlki ilə nisbətən 4,7 faiz artaraq 251,9 milyon manata çatmışdır. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 3897,5 manat olmuşdur.  Aqrar sektora gəldikdə, iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edən rayonda keçən il üzrə bu sahə üzrə ümumi məhsul istehsalının dəyəri 71 milyon 813,5 min manat təşkil etmişdir ki, onun da 51 milyon 662,1 manatlığı heyvandarlıq, 20 milyon 151,4 min manatlığı bitkiçilik məhsullarının payına düşür. Ümumiyyətlə, 2024-cü il rayonda bitkiçilik sahəsində uğurların sayı xeyli çox olmuşdur. İl ərzində 4326,8 hektarda dənli dənli paxlalı bitkilər əkilmiş, hər hektardan orta hesabla 28,5 sentner olmaqla əvvəlki ilə nisbətən 48,9 faiz çox məhsul yığılmışdır. Heyvandarlıq məhsulları istehsalında da xeyli irəliləyiş əldə edilmişdir. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, rayon üzrə 20101 baş qaramal, o cümlədən 9921 baş inək camış, 119 min 399 baş qoyun keçi olmuşdur ki, bu da baş sayı ilə 2023-cü ildəkindən çoxdur. Nəticədə rayon heyvandarları il ərzində 3 min 287 ton ət, 24 min 879 ton süd təhvil vermişlər.

Amma  göygöllülərin keçənilki uğurları təkcə  aqrar sektorla bitmir. Rayonda sənaye tikinti sahəsində vəziyyət yaxşıdır. İl ərzində Göygölün sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunan məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 55 milyon 510 min manat olmuşdur. Sənayenin dövlət mülkiyyətində 17 milyon 32 min, qeyri-dövlət mülkiyyətində 38 milyon 478 min manatlıq məhsul istehsal edilmişdir. Başqa bir fakt: ötən il rayonun müəssisə təşkilatları tərəfindən iqtisadi sosial sahələrin inkişafı üçün əsas kapitala 32 milyon 629,2 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 8 milyon 361,1 min manatı dövlət, 24 milyon 268,1 min manatı qeyri-dövlət mülkiyyətlərinin payına düşmüşdür.

Söz yox ki, iqtisadiyyatda qazanılan uğurlar rayonda aparılan abadlıq quruculuq işlərinə müsbət təsir göstərmişdir. Göygöl şəhəri ilə yanaşı, rayonun kənd qəsəbələrində çoxsaylı abadlıq işləri görülmüşdür. İl ərzində şəhərin  bir çox küçəsinə ümumilikdə 18 min 372 kvadratmetr asfalt örtüyü salınmışdır. Göygöl şəhər əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Məsələn, Rövşən Nəsibov məhəlləsində yerləşən ikimərtəbəli 16 mənzilli binanın dam örtüyü, dövlət qeydiyyatında olan 18 yaşayış binasının isə daxili əsaslı təmir olunmuşdur. Heydər Əliyev adına Mədəniyyət İstirahət Parkında, eləcə Aşıq Şəmşir adına istirahət parkında da təmir-bərpa işləri aparılmışdır.

Digər vacib tədbir əhalinin suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilmişdir. İl ərzində 9 subartezian quyusu təmir edilərək istifadəyə verilmişdir. Yeni Zod kəndində 800 metr uzunluğunda yararsız vəziyyətə düşmüş dəmir borular yeni polietilən borularla əvəzlənmiş, Çaykəndə 1,2, Göyçəkəndə isə 1,5 kilometr uzunluğunda yeni su xətləri çəkilmişdir.

Göygöl təbii qazla təmin olunan rayonlar sırasındadır. Demək olar ki, rayonun bütün ərazilərinə qaz verilmişdir. Bununla belə, az da olsa, mavi yanacaqla təmin edilməyən ərazilər qalmışdır. Belə ərazilərdən biri Gəncə kəndi idi. Keçən il həmin kəndə 5400 metr uzunluğunda yeni qaz xətti çəkilmiş sakinlər qazla təmin olunmuşlar. Bundan əlavə, Xaqani kəndinin yeni salınmış yaşayış massivinə 2500, Hacımılik qəsəbəsinin yeni salınmış yaşayış massivinə 600, Qızılqaya qəsəbəsinin yeni salınmış yaşayış massivinə 800, Göygöl şəhərinin Qarabağ məhəlləsinə 800, Mollacəlilli kəndinin yeni salınmış yaşayış massivinə 4450 metr uzunluğunda yeni qaz xətləri çəkilmişdir.

Məlum olduğu kimi, Göygöl ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitə malikdir. Hər il rayona dincəlmək üçün minlərlə yerli xarici turist gəlir. Onların istirahəti üçün hər cür şərait yaradılmışdır bu istiqamətdə işlər davam edir. Ötən il rayonda keçirilən "III Yaylaq Festivalı" "I Moruq Festivalı" bu məqsədə xidmət etmişdir.

İki ildir ki, rayonda turizmin inkişafı məqsədilə "Go Goygol" adlı Turizm Bələdçi Xidməti fəaliyyət göstərir. Xidmətin 4 bələdçisi xarici turistlərə ingilis, rus, italyan dillərində məlumatlar verir, onları Göygölün görməli yerləri ilə tanış edirlər. Bundan başqa, xidmət turistlər üçün xatirə hədiyyələri, suvenirlər hazırlayaraq satışını həyata keçirir. "Go Goygol" Turizm Bələdçi Xidməti faliyyətə başladığı vaxtdan indiyədək 25 minə yaxın turistə xidmət göstərmişdir. Rayonda şərab turizminin inkişafı üçün tarixi yeraltı zirzəmilərdə şərab dequstasiya zalı da yaradılmışdır. Bu zala turistlərin marağı çoxdur.

Göy göl Milli Parkı  rayon ərazisindədir. Hər il təbiətin bu nadir möcüzəsini görmək istəyən turistlərin sayında artım qeydə alınır. Təkcə 2024-cü ildə Göy gölü seyr etməyə gələnlərin sayı 171,5 min nəfərə çatmışdır ki, onun da 1535 nəfəri xarici turistlər olmuşdur.

Gənclərin idmana olan marağını artırmaq üçün il boyu rayonda maraqlı tədbirlər keçirilir. Bu da səbəbsiz deyil. Rayonda adlı-sanlı idmançılar çoxdur. Keçən il Budapeştdə keçirilən beynəlxalq turnirdə milli komandamızın tərkibində yer alan Göygöl sakini Məmmədəli Məmmədov 52 kiloqram çəki dərəcəsində qızıl medal almışdır. Aprel ayında İtaliyanın Genova şəhərində keçirilən beynəlxalq turnirdə göygöllü idmançılar Raul Hüseynzadə yenə Məmmədəli Məmmədov qalib olmuşlar.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2025.- 6 fevral (№ 26).- S.11.