Humanizm
və xeyirxahlıq nümunəsi
İranda baş
verən proseslərdən
sonra Azərbaycan bu ölkədə qalan və vətəninə
dönməyə çalışan
əcnəbi vətəndaşlar
üçün ümid
yerinə çevrilib.
Müxtəlif dövlətlərin
vətəndaşlarının təxliyəsi ölkəmizin
beynəlxalq humanitar hüquqa olan hörmətini göstərir.
Bununla ölkəmiz həm etibarlı tərəfdaş, həm
də xilaskar mövqeyini bir daha nümayiş etdirir.
Azərbaycanın bu
mövqeyi qlobal miqyasda böyük maraq və rəğbətlə
qarşılanır. Başqa
cür desək, Azərbaycanın regional sabitliyə verdiyi töhfə beynəlxalq ictimaiyyət tərəfindən
də təqdirəlayiq
hal kimi dəyərləndirilir. Təsadüfi
deyil ki, fevralın 28-dən etibarən
bir çox dövlətin xarici işlər nazirləri ölkəmizin bu istiqamətdəki fəaliyyətini
alqışlayıblar. Telefon
danışıqları zamanı
əcnəbi diplomatlar
öz vətəndaşlarının
İrandan çıxarılması
üçün Azərbaycanın
yaratdığı təhlükəsiz
tranzit imkanlarına görə dərin minnətdarlıqlarını bildirib,
göstərilən operativ
köməyini yüksək
qiymətləndiriblər.
Azərbaycanın yürütdüyü
siyasət qətiyyətli
təhlükəsizlik tədbirləri
ilə yanaşı, həm
də dərin bəşəri dəyərlərə
söykənir. Çətin
vəziyyətdə qalanlara
kömək etmək və onların vətənlərinə sağ-salamat
dönməsi üçün
keçid imkanı yaratmaq bu ali
yanaşmanın bariz nümunəsidir. Bu mənada, İrandan çıxmaq istəyənlər
üçün Azərbaycan
qurtuluş ünvanına
çevrilib. Bu addım həm bəşəri dəyərlərə
xidmət edir, həm də Azərbaycanın beynəlxalq
arenada mövqelərini
möhkəmləndirir.
Azərbaycanın həyata
keçirdiyi humanitar fəaliyyət, sadəcə,
tranzit imkanlarının
yaradılması ilə
məhdudlaşmır. Sərhəd-keçid
məntəqələrində təşkil olunan operativ xidmətlər, eləcə də müvəqqəti yerləşdirmə
imkanları insanların
təhlükəsiz şəkildə
növbəti istiqamətlərə
yola salınmasına şərait yaradır. Bu səbəbdən də bir çox
dövlət öz vətəndaşlarının məhz Azərbaycan üzərindən təxliyəsinə
ən optimal variant kimi yanaşır.
Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq humanitar təşəbbüslərlə
çıxış edir.
Müxtəlif regionlarda
baş verən təbii fəlakətlər
və humanitar böhranlar zamanı ölkəmiz dəfələrlə
zərərçəkən dövlətlərə və
xalqlara dəstək göstərib. Bu baxımdan, İrandakı
proseslər fonunda nümayiş etdirilən mövqe Azərbaycanın
bu sahədəki ardıcıl siyasətinin
davamıdır.
Bu mövqe həm də dövlətimizin beynəlxalq
aləmdə yüksək
nüfuzunu təmin edən amillərdən biridir. Çətin geosiyasi şəraitdə
humanitar prinsiplərə
sadiq qalmaq hər dövlət üçün asan deyil. Lakin Azərbaycan
bu istiqamətdə həm qətiyyətli, həm də prinsipial mövqe nümayiş etdirir. Bütün bunlar sübut edir ki, humanizm Azərbaycanın
dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir.
Təhminə VERDİYEVA,
Azərbaycan.-2026.- 11 mart (№45).- S.4.