Azərbaycan Dövlət
Kukla Teatrında martın 14-də "Quyruqsuz
dovşan" tamaşasının
premyerası baş tutacaq. Rus ədibi
Nikolay Nikolayeviç Lisinin bu pyesi
əsasında (tərcümə
edəni Zümrüd
Quliyeva) hazırlanan eyniadlı səhnə işinin quruluşçu
rejissoru Müşfiq Əliyev, quruluşçu
rəssamı Rəna
Abbasovadır.
Tamaşada obrazları Əməkdar
artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Elnur Xəlilov, Yusif Baxşəliyev, Məmmədşah Təhməzov,
Elnarə Hacıyeva, Səbinə Məmmədova
və Bayram Ağamalıyev canlandıracaqlar.
Kukla Teatrının
Mətbuat xidmətindən
bildirilib ki, özünəinam və fərqlilikdən utanmamaq kimi ideyanı ana xətt kimi
ön plana çıxaran əsərdə
hadisələr sadə
hekayətin komik həlli ilə bitir: "Belə ki, tamaşa dovşanın ehtiyatsızlıq
və maraq ucbatından quyruğunu itirməsi ilə başlayır. Qəhrəman
quyruqsuz qaldığı
üçün çox
utanır, kədərlənir
və digər heyvanlardan fərqli olduğunu düşünərək
özünü pis hiss edir. Bəzi
heyvanlar ona gülür, bəziləri
isə ona kömək etməyə çalışırlar. Hadisələr
zamanı dovşan anlayır ki, fərdi dəyərli edən onun zahiri görünüşü
yox, daxili keyfiyyətləri və davranışıdır".
Psixoloji alleqoriya
kimi çıxış
edən tamaşanın
əsas konflikti zahiri hadisədən - quyruğun itirilməsindən
doğsa da, əslində, bu, qəhrəmanın özünü
anlaması və olduğu kimi qəbul etməsi ilə başa çatır. Dovşanın
səhnə boyu düşdüyü vəziyyətlər
- sevinc, həyəcan,
utanmaq hissi, böhran və sonda özü ilə barışması
səhnə işinin
əsas dramatik xəttini təşkil edir.
Tamaşa tragikomik
vəziyyətlərə düşən
dovşanın dostlarının
səyləri nəticəsində
quyruğuna qovuşması
ilə başa çatır
Z.FƏRƏCOVA,
Azərbaycan.-2026.-
12 mart (№46).- S.11.